Bizim ayıb yerimiz…

2323

Sahilə İbrahimova

(İntihar və ölüm haqqında birinci yazı) 

Bir il öncə komada olan rəfiqəmin həkimi qızının öləcəyi xəbərini anasına deməyimi istədi. “Həkimə inanmır, aparatdan ayıraq deyirik qoymur, qohumlarına bizə yaxın gəlməyi qadağan edib, halbuki ümid yoxdu, olmayacaq. Bahalı xəstəxanadı, biz onu bu şəkildə burda saxlaya bilmirik. Lap saxlasaq belə, illər keçsə də, ayılmayacaq. Bahalı dərmanlar alırlar, borca düşürlər, deyin eləməsinlər”, həkim başa saldı. Araşdırandan sonra durumun ağırlığını özüm də anladım. Amma bu xəbəri necə çatdırmaq, qızının ölümü ilə razılaşmağı anadan necə istəmək olar? 

Mövzuya uzaqdan-yaxından yaxınlaşmağa çalışdım. Qadın nə demək istə(mə)diyimi anladı. “Nəfəsi gəlsin. Mən onun müalicəsi üçün hər şey edəcəm. Bundan yaxşı olsa da olar, olmasa da. Ayılmasa belə, qoy nəfəsi gəlsin. Qoy elə belə yaşasın. Nəfəsi kəsilsə mən də ölərəm.”, dedi.

Rəfiqəmin anası bu sözləri ilə həyatı anladırdı. Həyatda olan hər kəsin yaşadığını, ölmədiyini xəbər verirdi.

Bu yaxınlarda sosial şəbəkədə cinsi azlıq nümayəndəsi sayılan biri haqqında xəbər paylaşılmışdı. Xəbərin altında yazılmış şərhlər təxminən bu məzmunda idi: “sizin kimilər xalqın adını batırır, adam sizə görə utanır, siz axı niyə ölmürsüz? Ölsəydiz canımız qurtarardı.”

Bizim cəmiyyət cinsi azlıq nümayəndələrini ayıbı sayır. Bu ayıbdan qurtulmağa çalışır. Və çarəni ölümdə görür. Biz maneə kimi gördüyümüz insanları “Niyə ölmürsən?” sualı ilə ölməyə yollayırıq. Fərqinə varmadığımız ifadələr şüuraltımıza ölümü çarə kimi soxur. Bu səbəbdən ər xəyanət etmiş arvadını öldürür, bu səbəbdən ana bakirəliyi pozulmuş qızını əlləri ilə boğur, adamlar, xüsusilə gənclər yaşamaqda çətinlik çəkən kimi intihara əl atır…

Dostoyevskinin “Cinayət və Cəza”sında Roskolnikov “yaşamağa haqqı olmayan” qarını asanlıqla öldürsə də, hər şey planladığı kimi getmir. Cinayətinə şahidlik etmiş məsum qızı da qətlə yetirməyə məcbur qalır. Ayıb saydığınız cinsi azlıq nümayəndəsi bəlkə də anasının, bacısının, hansısa doğmasının həyatda qalması üçün yeganə səbəbdir. Ayıb saydıqlarınızı ölümə “göndərməklə” o adamların da qatilinə çevrilirsiz. Ölüm ölüm gətirir.

Ümumi müzakirələrdə tanışlarım Qərbin milli azlıqları dəstəkləmək siyasətini anlamadıqlarını deyir. Mənim üçün səbəb sadədi: Qərb yaşatmaq istəyir. Qərb üçün necə ömür sürmək nəfəs almaqdan sonra gəlir. Əsas şərəfli yaşamaq, əsas diriykən ölməməkdi deyirlər. Sizcə də pafos deyil? İnsan təbiəti sona qədər oxunmur. Kimin nə zaman necə olacağına, kimin kimə çevriləcəyinə öncədən proqnoz vermək mümkün deyil. Qərb müharibələr xaric insanı əcəl ilə ölənə qədər öldürməməyə qərarlıdı. Ölüm hökmünün ləğvi bu səbəbdən tədqir olunur.

Cəmiyyətlər aşına tökdüklərini qaşıqlayır. Yaponiya, Cənubi Koreya intihar səviyyəsinə görə kritik həddədi. Bu günlərdə Amerika blogeri Yaponiya meşəsində video çəkən zaman intihar etmiş insan cəsədini görüb özünü qeyri-adekvat apardı. Buna görə dünyanın qınağına səbəb oldu. Milyonlarla insan onu izləmədən çıxardı. Adam üzr istədi, hətta onu müdafiə edən izləyicilərini qınadı, “məni müdafiə etməyin, mən olduqca pis hərəkət etmişəm, ölənə acımamışam, gülmüşəm.”, dedi. Məsələ böyüdükcə, mərhumun intihar səbəbləri fonunda Yapon cəmiyyətinin insanı ölümə aparan tərəfləri müzakirəyə çıxarıldı. Xarakiri-şərəf naminə intihar bu mədəniyyətin mərkəzində durur. Bu qavram, bu “çarə” müasir yaponun genetik yaddaşında yer alır.

Qərb ölümü təhlükəli görür. Kamikadze-terror konsepsiyası ilə savaşda onun təhlükəsini qabardır.

Sivil dünyalar (olmağa çalışanlar) ölümü yalnız evtanaziya şəklində çarə kimi görür. Bu da mübahisə mövzusudu. Bədənin ağrısı ruhun ağrısından güclü deyil. Ruh da eynən bədən kimi ağrıyanda insan ölümü seçir. Bu zaman intihar evtanaziyaya bənzəsə də, qarışıq salmayaq. Bədənin bərpa olunmayacaq həddə xəstələnməsi mümkündü. Ruh isə nə qədər zədələnsə də, iynə ucu boyda həyat eşqi onu dirçəldə, yenidən sağlamlaşdıra bilir.

“Siz axı niyə ölmürsüz”, “ölsəz canımız qurtarar” sözlərimizlə nöqtə boyda yerdən dolan hava ilə yaşayanların nəfəsini birdəfəlik kəsməyək. Daha çox “siz axı niyə yaşamırsız?” soruşmaqla ölməməyi təbliğ edək.

Rəfiqəmin anası qızını xəstəxanadan çıxartdı. Xəstəxana yardım məqsədilə onlara elektron çarpayı verdi. Rəfiqəm bir ildən çoxdur yaşayır. Nəfəs alır. Tam anlaqlı olmasa da gözlərini açır. Anası müalicə və reabilitasiya üçün zaman-zaman maddi çətinliklərlə üzləşsə də, bu mübarizə onu yaşadır. Onların evində ölüm yoxdu. Ümid var, yaşam üçün mübarizə var. (Qafqazinfo.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər