Qənirə Paşayeva
İnsanların bir çoxunun Allahdan və vicdanından qorxmadan, rahatlıqla istədiyi iftira və böhtanı söylədiyi bir dövrə gəldik. Hz.Cəfər Sadiq əleyhissalamın günahsız adama böhtan atmaq böyük dağlardan da ağırdır sözləri artıq bir çoxlarına ağır gəlmir… Bir zamanlar “Füyuzat” jurnalında böyük aydınlar yazırdı: “Atdığın böhtan, ləkələdiyin insanlar, dil uzatdığın kişi, qadın, mənəvi zərbəni fikirləşmədən yazdıqların cəm olub,tufan olub, bəla olub üstünə gələcək”. Amma bundan da qorxmamağa başladı insanoğlu… İftira və böhtan atmaq, söyləmək o qədər adiləşdi ki…”Böhtan qorxaqların intiqamıdır” deyən ingilis şairi və tənqidçisi Samuel Consonun, “Harda paxıllıq varsa, orda böhtan da var” deyən qədim yunan alimi Hippokratın fikirləri barədə düşünməyə dəyər… Böhtan, iftira gerçəkdən də paxılların, qorxaqların, mənəviyyatı zəif, qeyri-səmimi insanların silahıdır. Bəzi insanlar da var ki, başqasından duyduğu gerçək olmayan söhbətləri həqiqət kimi başqalarına söylər və söylədiklərinin böhtan olmadığını iddia edərlər. Fransız dramaturqu Pyer Bomarşe deyirdi ki, sübutun olmaya-olmaya nəyisə təsdiqləmək də böhtandan başqa bir şey deyil. Sübutun olmaya-olmaya nəyisə söyləməklə bərabər hətta onu təsdiqləməkdə böhtandır. Amma bir çoxları da var ki, bilərəkdən, qərəzli və məqsədli şəkildə atar başqalarına böhtanı… “Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan” – deyirdi qədim yunan tarixçisi Heradot. Gerçəkdən də ən dəhşətlisi odur ki, əksər hallarda ləyaqətli insanlar olurlar böhtanın, iftiranın qurbanı… “Qurd ən yaxşı meyvələrin içini yeməyə can atdığı kimi, böhtan da, adətən, ən ləyaqətli insanlara zərbə endirir “- deyən Conatan Svift bu gözəl kəlamı ilə nə qədər də haqlıdır… Böhtan söyləyən Allahdan qorxmayandır, vicdanını şeytana satandır çünki atdığı böhtanın nə qədər sağalmaz yaralar açması onu narahat etməz… Bir gün buna görə mütləq cavab verəcəyinin isə fərqində olmaz… ” Böhtan, iftira qılıncdan da təhlükəli silahdır, çünki onun vurduğu, açdığı yaralar heç vaxt sağalmır”- deyən ingilis yazıçısı Henri Fildinq bu gün də insanları bu barədə ciddi düşünməyə səsləyir. Qar kimi ağ olsan da, iftiradan qurtula bilməzsən deyirdi Şekspir. Bu günkü dünyanın ən ağır gerçəklərindən birdir bu… Amma həyatını böhtan və iftiralar üzərində quranlar anlamalıdırlar ki, Sədi Şirazinin təbirincə desək dərin dəniz daş atmaqla bulanmaz. Amma o böhtanların, iftiraların hesabını soracaq bir gün Yaradan… Mütləq soracaq… Həm də çox ağır soracaq…
P. S: Böhtana məhəl qoymasan, öləcək deyirdi qədim Roma tarixçisi Korneli Tasit. Corc Vaşinqton isə deyirdi ki, böhtançıya verilən ən gözəl cavab susmaqdır. Amma dövr kimi, böhtançılar da yaman dəyişib. Onlar getdikcə daha da dəhşətli, qorxulu olurlar…Bilmirəm kimin sözüdür kobud səslənsə də maraqlı yanaşmadır: “Böhtan it kimidir: qaçanın arxasınca hürər, cəsarətlə üzünə baxdıqda isə səsini kəsər”. Məncə bu dövrdə artıq böhtan və iftirayla mübarizədə məhz bu üsul daha təsirlidir. Allah hər kəsi böhtançılardan, iftiraçılardan qorusun!
Müzakirə qapadılmışdır.