“Boşanmaq istəyən hər 10 nəfərdən 7-si xanımdır” – VƏKİL SƏBƏBİ AÇIQLADI

1376

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb.

QHT.az ölkədə nikah və boşanmaların sayında bu tendensiyanın dəyişmə səbəbləri, nikah və boşanma prosedurları ilə bağlı hüquqi tənzimləmələrdə edilən dəyişikliklər, boşanma nisbətlərini azaltmaq və ya nikahların davamlılığını artırmaq üçün qanuni qaydalar, boşanma prosesində hüquqi prosedurlardakı çətinliklər, narahatlıqlar barədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadədən açıqlama alıb. Vəkil açıqlamada bildirib ki, biz uzun müddətdir hüquq sahəsində çalışırıq, hər zaman boşanma ilə bağlı proseslər olub, amma təəssüflər olsun ki, getdikcə artmaqda davam edir: “Təqribən 6-7 il bundan öncə statistika həm say, həm də müraciət edənlərin cinsi baxımından fərqli idi. Misal üçün 6-7 il bundan öncə boşanma üçün müraciət edən 10 nəfərdən təqribən 7-i kişi idi, 3- qadın idisə, son zamanlarda isə hər müraciət edən 10 nəfərdən təqribən 7-si xanımdır. Statistikanın bu formada dəyişməyinin səbəbləri var. Bu səbəblər ciddi formada araşdırılmalıdır. Həm hüquqi, həm sosial səbəblərdir. Düşünürəm ki, xanımların müraciət etmə səbəblərindən biri də alimentlə bağlı məsələlərdir. Çünki 6-7 il bundan öncə alimentin məbləği 1 uşaq üçün 100 azn civarında idisə, bu gün 1 uşağın saxlanılması üçün məhkəmə praktikası ondan ibarətdir ki, uşağın müəyyən edilmiş yaşayış minimumuna uyğun yaşayışını təmin etmək üçün 250 azn civarında aliment kəsilir. Ailədə iki uşaqdırsa qarşı tərəf 500 azn civarında aliment ödəməyə məcbur edir. Qəbul edilmiş qaydalardan biri də məhkəmə praktikasına uyğun 90% hallarda məhkəmələr nikahın ləğvi zamanı uşaqların ananın yanında saxlanılması ilə bağlı qərar qəbul edirlər. 9- 10 % hallarda uşaqlar atanın yanında saxlanılır”.

Ruslan Mustafazadə düşünür ki, bu səbəbdən analar gələcəkdə özlərini təminata ala biləcəklərini düşünərək nikahın ləğvi üçün müraciət etməkdə daha aktiv olacaqlar. Əslində uşaqların kimin yanında qalmaq məsələsi ciddi şəkildə araşdırılmalı olduğunu da qeyd edən vəkil qanunvericiliyimizdə birbaşa olaraq valideyinlərdən heç birinə üstünlük verilmədiyini də vurğulayıb: “Yalnız məhkəmə praktikası ondan ibarətdir ki, uşağın ana qayğısına daha çox ehtiyacı olduğu üçün uşaqlar ananın yanında saxlanılır. Hətta məhkəmədə sübut olunsa belə, atanın uşağı saxlamağı maddi və mənəvi imkanları daha genişdir. Uşağın əvvəlki evi, məktəbə yaxın, uyğunlaşdığı şərait olsa belə yenə məhkəmə uşağı anada saxlamağı məsləhət bilir. Əsaslı, nadir hallarda, yəni uşağın yaşı təqribən 8,9,10 yaşdan yuxarıdırsa, məhkəmə uşağı atanın yanında saxlayır. Daha az yaşda olanda uşağın atanın yanında saxlanılması ehtimalı azalacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb. Nikah səviyyəsi Bakı şəhəri (5,6), Şərqi Zəngəzur (6,2), Qarabağ (6,1), Mil-Muğan (5,9), Dağlıq Şirvan (5,8), ŞirvanSalyan (5,7), Qazax-Tovuz və Mərkəzi Aran (5,5), Quba-Xaçmaz (5,4) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər