Bakı-APA. Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik Sumqayıta səfər edib. Səfirlikdən APA-ya verilən məlumata görə, Sumqayıtla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Stefen MakKormik şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.
Zakir Fərəcov diplomata Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son aylarda həyata keçirilən layihələr haqqında məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə toxunan icra başçısı bildirib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Qəbula görə minnətdarlığını bildirən Stefen MakKormik Sumqayıt şəhəri ilə tanışlıqdan məmnun qaldığını bildirib, şəhərdə görülən işləri yüksək qiymətləndirib. Dağlıq Qarabağ problemindən danışan diplomat münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib. Stefen MakKormik iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayıb.
Müzakirə qapadılmışdır.