“”Böyük Qayıdış” proqramı Füzuliyə yeni həyat gətirir” – Müşfiq Məmmədli

643

“Füzuli uğrunda gedən döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm rol oynadı və bütün dünya Azərbaycanın gücünü bir daha gördü”.

Bu fikirləri “sumqayitxeber.com”a açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Müşfiq Məmmədli qeyd edib ki, döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri yüksək texniki təminat və hərbi bacarıqlar nümayiş etdirərək düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini darmadağın etdi və şəhəri 17 oktyabr 2020-ci ildə işğaldan azad etdi. Füzulinin işğaldan azad edilməsi təkcə hərbi qələbə deyil, həm də erməni vandalizminə qarşı tarixi ədalətin bərpasıdır. Ermənistanın işğal dövründə törətdiyi dağıntılar böyük itkilərə səbəb olub. Rayonun ərazisi minalarla çirklənmişdir və rəsmi məlumatlara görə, yüz mindən çox mina basdırılmışdır. Füzuli azad edilən ərazilər arasında minaların ən çox olduğu rayonlardan biridir. Buna baxmayaraq, Azərbaycan hökuməti bu ərazilərin tezliklə yenidən qurulması üçün hərtərəfli proqramlar həyata keçirir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuliyə ilk sakinlərin qayıdışı artıq başlanıb və gələcəkdə bu ərazilərdə minlərlə vətəndaşımız yaşayacaqdır.

“ Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycan üçün yeni bir inkişaf dövrünün başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə Füzuliyə səfərləri zamanı mühüm infrastruktur layihələrinin təməlləri qoyulmuş, bir çox obyektlərin açılışı həyata keçirilmişdir. Bunlar arasında Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, “Ağıllı kənd” layihələri və həyata keçirilən digər mühüm layihələr xüsusi əhəmiyyət daşıyır. Bu layihələr Füzuli rayonunun gələcək inkişafını təmin edəcək”, – deyə millət vəkili bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər