Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Müstəqillik Gününü əhalinin Laçın şəhərinə qayıtması ilə qeyd etdi və bu görüşün mayın 28-də keçirilməsinin böyük rəmzi əhəmiyyət kəsb etdiyini bildirdi. Müstəqil Azərbaycan dövləti bu gün qlobal miqyasda öz mövqelərini kifayət qədər möhkəmləndirib və eyni zamanda istənilən nəticəni əldə etməyə qadirdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin iqtisadi potensialının göstəricisidir. Azərbaycan tarixi Qələbəsindən dərhal sonra işğaldan azad olunmuş torpaqlarda bərpa işlərinə başlamaqla dünya hərb tarixində bir ilkə imza atmışdır. Azərbaycan bu ilkə imza atmaqla qısa müddət ərzində ölçüyəgəlməz işlər görüb.
Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Sakinlərlə görüş zamanı dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxundu.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxıninsan məskunlasaçaqdır.
Laçın şəhərinin Baş planı hazırlanıb. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.
Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.Tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.
Laçının azad olunmasına diqqət çəkən dövlətimizin başçısı bildirdi ki, Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Əldə edilmiş razılaşmaya görə, ermənilərin yaşadıqları Qarabağ bölgəsi ilə Ermənistan arasında bir yol bağlantısı olmalı idi və Rusiya sülhməramlı qüvvələri bu yola nəzarət etməli idilər. Beləliklə, Laçın şəhəri hələ də faktiki olaraq işğal altında idi və məhz noyabrın 10-na qədər gedən danışıqlar nəticəsində mən təkidlə nail oldum ki, yeni yol çəkiləcək və yeni yol çəkiləndən sonra Laçın şəhəri bizə qaytarılacaq. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən edilmişdi, sadəcə olaraq, yolun marşrutunun razılaşdırılması üçün. Biz nəinki bunu razılaşdırdıq, eyni zamanda, ilyarım ərzində bu yolu inşa etdik və avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülhməramlı qüvvələrinə bildiriş göndərdik ki, biz artıq gəlirik, xahiş edirik, buradan çıxın. Ondan sonra bizdən xahiş olundu ki, müəyyən vaxt verilsin, avqustun 25-nə qədər vaxt verilsin və ondan sonra onlar Laçını, Zabux və Sus kəndlərini boşaldacaqlar. Beləliklə, avqustun 25-də sonuncu erməni işğalçı, yaxud ki, qanunsuz yaşayan Laçını tərk etdi və avqustun 26-da biz Laçına qayıtdıq.
Prezident vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfəri, səfər zamanı görülən işlərin təqdimatı və yeni layihələrin təməlinin qoyulması Azərbaycan Prezidentinin ölkəmizin regionun lider dövlət statusunu hər addımda möhkəmləndirdiyini göstərdi. Əhalinin Laçın şəhərinə qayıtması Böyük Qayıdış Proqramının uğurla icra olunduğunu təsdiq edir. İşlərin sürtərlə həyata keçirilməsi göstərir ki, bu proses yaxın illərdə yekunlaşacaq və Qarabağ əhalisinin 30 illik həsrətinə birdəfəlik son qoyulacaq.
Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri
Müzakirə qapadılmışdır.