Dünən Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə yer alan mühüm müddəalardan biri Çin tərəfinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlaması, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləməsi və BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlamasıdır.
Belə bir şəraitdə, BRİCS-ə üzvlük Azərbaycana iqtisadi və geosiyası baxımdan nə verə bilər?
BRİCS-ə daxil olmaqla Azərbaycan hansı real faydaları axtarır?
2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilat olan BRİCS nüfuzlu bir beynəlxalq təşkilatdır. 2023-cü ildə BRİCS ölkələrinin cəmi ÜDM-i (alıcılıq qabiliyyəti pariteti əsasında) qlobal ÜDM-in 35.7%-ni təşkil etmişdir. Yarandığı müddətdən keçən 15 il ərzində təşkilat qlobal iqtisadiyyatda öz payını 10.2% artırmışdır. Müqayisə üçün qeyd edim ki, ən böyük iqtisadiyyatlara malik G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddət ərzində 9.7% azalaraq 29%-ə düşmüşdür. Yəni, iqtisadi cəhətdən hazırda BRİCS G7-dən böyükdür.
Azərbaycanın 2023-cü ildə xarici ticarət dövriyyəsinin 20%-i BRİCS üzvlərinin payına düşür. Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu bizim üçün yeni perspektivlər və imkanlar aça bilər. Çin-Avropa, Rusiya-Hindistan-İran arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer ala bilər. Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub korridorlarının intensivləşməsi bizə böyük iqtisadi fayda vəd edir. Azərbaycanın həm Avropa Birliyi ilə tərəfdaşlıq münasibətləri, həm də BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni reallıqlara uyğun olaraq atılan addımlardır. Əsas məqsəd, iqtisadi inkişaf, dövlətin iqtisadi cəhətdən güclənməsi, vətəndaşların maddi rifah halının daha da yaxşılaşmasıdır.
Azərbaycanın məhz indi BRİCS-ə üzv olmaq arzusu nə ilə bağlıdır?
Azərbaycan artıq qlobal təşəbbüslər ilə çıxış edən, qlobal dialoqun keçirildiyi bir ölkəyə çevrilib. Regionda yeni reallıqların yaradılması ölkəmizə qlobal miqyasda inamı daha da artırmışdır. Eyni zamanda, dünyada yeni qütblərin, qüvvələrin yaranması baş verməkdədir. Belə bir şəraitdə Azərbaycanın yeni dünyada öz nüfuzlu yerini tutmağa çalışması tamamilə normaldır. Milli maraqlarımız nəyi tələb edəcəksə o da ediləcəkdir.
BRICS-in üzv dövlətləri böyük əmək bazarına, təbii resurslara sahibdirlər. BRICS-in üzvləri BMT Təhlükəsizlik Şurası, G20 və Şanxay Əməkdaşlıq Təşkilatı kimi böyük təşkilatların da üzvləridir. Bu gün bir sıra dövlətlər BRICS-ə üzvlüyə maraq göstərirlər. Bunlar təşkilatın beynəlxalq münasibətlər sistemindəki çəkisindən xəbər verir. 2009-cu ildə BRICS-in ilk Zirvə toplantısı keçiriləndə qəbul edilən birgə Bəyanatda göstərilmişdi ki, beynəlxalq təhdidlərlə mübarizədə Çoxtərəfli Diplomatiyaya üstünlük verilir. BRICS bir qütblü dünyaya qarşı yaranıb. BRICS sənədlərində həmrəylik, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq təşviq olunur. Ərazi bütövlüyü, suverenliyin toxunulmazlığı kimi məsələlər təşkilatın sənədlərində xüsusi vurğulanır. Siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, eləcə də mədəni və xalqlar arasında münasibətlər kimi istiqamətlər BRICS çərçivəsində əsas istiqamətlərdir
Qeyd etdiyim kimi, BRICS qlobal bir təşkilatdır. Mövcud qlobal düşüncəyə fərqli yanaşmanı göstərir. Bu təşkilata üzv olan ölkələr Qərblə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, üzv ölkələr öz bölgələrində liderliyə iddialıdır. BRICS-in daha bir yaxşı özəlliyi onun digər birliklərə üzvlüklə bağlı məhdudiyyətlər qoymamasıdır. Yəni, üzv ölkələr digər iqtisadi və güc mərkəzləri ilə milli maraqlara uyğun əməkdaşlıq edə bilər.
Göründüyü kimi, BRİCS-ə üzvlük Azərbaycanın xarici siyasətindəki çox tərəfli əməkdaşlıq prinsiplərinə cavab verir, iqtisadi siyasətimizin hədəflərinə uyğundur. Hesab edirəm ki, həm Qərblə, həm də Şərqlə yaxşı tərəfdaşlıq əlaqələri quran Azərbaycan öz milli maraqlarını hər iki qütbdə təmin edəcəkdir.
Tahir Mirkişili,
VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Müzakirə qapadılmışdır.