Sumqayıtın tarixi haqqında
Etnoqraf alim A.Hüseyn-zadənin tədqiqatlarından, onun “Abşeron yarımadasının etnik toponomiyaları haqqında : Corat, Saray, Sumqayıt” – məqaləsindən aydın olur ki, hələ bu adda şəhər yaranmamışdan əvvəl, Abşeronda Sumqayıt adında 4 müxtəlif xüsusiyyətli coğrafi adlar məlum idi. Əhali yaşayan məntəqə, çay, mayak, dəmiryol stansiyası, başlanğıcını Qafqaz sıra dağlarının cənub yamaclarından götürmüş üç çay – Gözlü çay, Çikil çay və Əngilan çayın axını Abşeron yarımadasında yeganə şirin su mənbəyi olan Sumqayıt çayı əmələ gətirmişdir.
Ədəbiyyatda toponimiyanın aşağıdakı variantları məlumdur. Sumqayıt, Su qayıt, Sumqay, Sumqayıt, Sukkayıt. XIX əsrin qırxıncı illərində rus səyyahı İ.Brezin xalq etimologiyasının toponomiyalarına əsasən, özünün yol qeydlərində yazmışdır: “Sumqayıtın yaxınlığında çay axır, Sumqayıt və ya Su qayıt çayı. Türk dilində “su qayıt” mənasını bildirir. Belə bir ad bu çaya ona görə verilib ki, guya çayın suyu istidə quruyur, yağışdan sonra isə yenidən əmələ gəlir.
Alimlərin tədqiqatlarına görə Sumqayıtın ərazisində eramızdan əvvəl VII əsrdə fars tayfaları məskunlaşmışdır. Orta əsrlərdə isə burada lap dənizin kənarından böyük ticarət yolu uzanırdı. O dövrün səyyahları bizə Sumqayıt çayının hər iki tərəfində yerləşmiş iki karvan sarayın təsvirini vermişlər. Sonralar arxeoloqların tapdıqları uçurulmuş körpünün qalıqlarını və həmin karvan sarayları XVI-XVII əsrlərə aid edirlər. Respublikamızda məşhur olan alim E.A.Poxomovun fikrincə isə onları lap uzaq dövrə də aid etmək olar.
Tarixi mənbələrdə ilk dəfə Sumqayıtın adı ingilis səyyahı X.Berrou tərəfindən 1580-ci ildə çəkilmişdir. 1858-ci ildə isə məşhur fransız yazıçısı A.Düma – oğul, “Qafqaz səfəri” kitabında Sumqayıt poçt stansiyasının adını çəkmişdir.
1935-ci ilin iyun-iyul aylarında SSRİ ağır sənaye xalq komissarlığının kollegiya iclasına bütün müttəfiq respublikaların nümayəndələri dəvət edilibmiş. Onların arasında Azərbaycandan gəlmiş bir dəstə mütəxəssis də var idi. İclasda milli respublikalardan gəlmiş nümayəndə heyətlərinə öz respublikalarında sənayeni yenidən qurmaq və inkişaf etdirmək barədə əməli göstəriş verilir. Azərbaycandan gəlmiş mütəxəssislərə isə tapşırılır ki, onlar Abşeron yarımadası ərazisində gələcəkdə tikiləcək istilik elektrik stansiyası və bir neçə ağır sənaye müəssisəsi üçün yerlər müəyyənləşdirsinlər.
Çox keçmir ki, Azərbaycanın yeni sənaye şəhərinin Abşeronda salınması üçün ixtisaslaşmış komissiya yaranır. Komissiyanın üzvləri məsələni xeyli müzakirə etdikdən sonra belə qərara gəlirlər ki, Azərbaycanın yeni şəhəri və onun sənaye obyektləri Bakının şimalında, 30-35 km məsafədə yerləşən Sumqayıt dəmiryol stansiyası yaxınlığında tikilsin.
Tezliklə indiki Sumqayıt şəhərinin yerində Xəzərin qumlu sahillərində inşaatçıların ilk dəstələri göründü. Onlar burada sənaye müəssisələrindən biri olan İstilik Elektrik stansiyasının və Boru prokat zavodunun tikintisinə başladılar.
Azərbaycanın yeni sənaye mərkəzi üçün Sumqayıt ərazisinin seçilməsi təsadüfi deyildir. Əvvəla Sumqayıt respublikanın paytaxtı Bakı şəhərinə yaxın idi. Bu isə gənc şəhərin iqtisadi və mənəvi yüksəlişi üçün çox əlverişli şərait yaradırdı. Digər tərəfdən isə Bakı-Rostov-Moskva dəmiryol xəttinin və Nasosnı-Bakı su kəmərinin yaxından keçməsi, Xəzər dənizinin səfalı sahili və s. şərtlər şəhərin salınması işini asanlaşdırırdı və gələcəkdə daha da inkişaf etməsinə imkan yaradırdı. Nəhayət 1938-ci ildə indiki Sumqayıt Elektrik stansiyasının tutduğu sahədə ilk baraklar meydana gəldi. Sumqayıt İES-nin inşaatçıları və quraşdırıcıları üçün müvəqqəti yaşayış məntəqələrinin tikintisinə başlandı.
1941-ci ilin fevral ayının 13-də Sumqayıt İES-nin bir generatoru Bakı neft sənayesinə ilk cərəyan verdi. Azərbaycanda ilk İES-i işə başladı.
1939-1940-cı illərdə kimya, boru-yayma, sintetik kauçuk zavodlarının bölmələri tikilməyə başladı. Lakin Böyük vətən müharibəsinin balanması ilə Sumqayıtda tikinti işləri dayandırılır. Sumqayıtın və onun sənaye müəssisələrinin tikintisinin davamı yalnız 1944-cü ildə bərpa olunur. Ali Müdafiə Komitəsinin qərarı ilə 17 yanvar 1944-cü ildə “Zaqafqaziyasənayetikinti” meydana gəldi. Onun əsas vəzifəsi yeni şəhərdə metallurgiya və kimya zavodlarının tikintisi idi.
1944-cü ilin oktyabrında “Zaqafqazsənayetikinti” tresti artıq 2 tikinti idarəsi, təminat mənzil – istismar idarəsi və istehsalat idarəsi var idi. Bütün bunlar boru-prokat zavodunun bünövrəsi arasında torpaq işlərinin sürətlə getməsinə imkan yaradırdı. Bu müəssisə Zaqafqaziyanın sənayesinə polad, boru-prkat verilməsində əsas mənbə idi. 1952-ci ilin yeni il axşamı, birinci “Stan – 140″ ilk boru verdi, respublikanın qara metallurgiyasının ilki işə başladı. 23 oktyabr 1953-cü ildə marten sexi ilk polad ərintisini verdi.
1945-ci ildə isə Respublikanın ən iri müəssisələrindən biri – Sumqayıt kimya zavodu özünün ilk məhsulunu verdi. Müharibədən sonra sənaye müəssisələrinin tikintisi Sumqayıt qəsəbəsini o qədər genişləndirir ki, artıq onu şəhər kateqoriyasına daxil etmək zərurəti meydana gəlir. 22 noyabr 1949-cu ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə Sumqayıt şəhəri statusu verildi. Əgər 1939-cu ildə Sumqayıtın əhalisinin sayı 6400 nəfər idisə, artıq 1949-cu ildə bu rəqəm 17200 nəfər olmuşdur.
1952-ci ildə Sumqayıtda Azərbaycanda Neft kimya sənayesinin ilki – Sintetik kauçuk zavodu işə başlamışdır. İlk dəfə olaraq 14 avqust 1952-ci ildə bu müəssisədə neft daşlarından etil spirti alınmışdır. Həmin ilin sentyabrında burada ilk Azərbaycan sintetik kauçuku alınır və bu məhsul Azərbaycan məhsulu adlanır. Çünki bu qiymətli məhsulun istehsal prosesi SK zavodunun özündə aparılırdı.
Bundan sonra Zaqafqaziyada əlvan metallurgiyanın ilki olan Sumqayıt Alüminium zavodunun tikintisi başlanır. Zavod 1955-ci ilin 8 mart günündə ilk məhsulunu vermişdir.
Bu dövrlərdə Sumqayıtda yeni sənaye müəssisələrinin tikilməsi ilə yanaşı yaşayış binaları, mədəni-məişət ocaqları, məktəb və uşaq bağçaları tikilib istifadəyə verilirdi.
– 1957-ci il “Neftkimyaavtomat” elmi-tədqiqat layihə institutu yaranmışdır.
– 1958-ci il M.Əzizbəyov adına sənaye institutunun filialı açılmışdır.
– Sumqayıt-Bakı dəmiryolu işə düşmüşdür.
– S.Vurğun adına Kimyaçılar mədəniyyət sarayı tikilmişdir.
– 1959-cu il Rabitə evi açılmışdır.
– 1959-cu ildə birinci tramvay xətti və ATS-in birinci növbəsi işə başlayır.
– Sumqayıtda ilk radio verilişləri işə başlayır.
– Azərbaycan dilində “Sosialist Sumqayıtı” adlı qəzetin ilk nömrəsi isə1952-ci ildən nəşrə başlamışdır.
– Sumqayıtın 1954-cü ildə təsdiq olunan baş plan layihəsində 1970-ci ildə gənc şəhərin əhalisinin sayının 85000-ə çatacağı nəzərdə tutulurdu. Lakin işin gedişi mütəxəssislərin layihəsinə düzəliş verdi. 1970-ci ildə Sumqayıt əhalisinin miqdarı 135100 nəfər oldu. Bu da qabaqcadan nəzərdə tutulduğundan 50100 nəfər artıqdır.
– 1960-cı ildə Avropada ən iri neft kimya kombinatının tikintisinə başlanılır. Kombinat kimya zavodlarının sexlərinin kompleksini təşkil edirdi. Kombinatın tikintisi ümumittifaq zərbəçi komsomol tikintisi kimi qeyd olundu. Kombinatda müxtəlif məhsullar istehsaledilməyə başlandı. Yüksək təzyiqli polietilen, fenol, benzol və s. bu kimi məhsullar, digər müəssisələr üçün xammal hesab olunurdu. 1979-cu ildə müəssisə ilk divinil verdi. “Üzvi sintez” istehsal birliyinin nomenklaturasına 46 adda məhsul daxil oldu. Müəssisə ölkənin bütün regionlarına, 1200 şəhərə məhsul verirdi. Eyni zamanda müəssisənin xaricdə də istehsalçıları var idi.
Sumqayıtda bir- birinin ardınca yeni müəssisələr işə düşür. 1958-ci ildə kərpic zavodu, 1961-64-cü illərdə Superfosfat zavodu və kimya kombinatının müəssisələri üçün kimya zavodunda xlorlu alüminium istehsalı işə düşür. 1966-cı ildə 2-ci İES-ı ilk sənaye cərəyanını verir. 1968-ci ildə polimer-tikinti materialları kombinatı işə başlayır. Kimya və metallurgiya müəssisələrinin tikintisində nailiyyətlərinə görə 1 saylı tikinti tresti 1966-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. 1968-ci ildə isə şəhərin Komsomol təşkilatı yeni sənaye obyektlərinin və gənc nəslin tərbiyəsindəki müvəffəqiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur. Sumqayıt şəhərinin əsl inkişaf dövrü isə son 30 ilə təsadüf edir. 70-80-ci illərdə ağır sənaye müəssisələri ilə bərabər, Sumqayıtda yüngül və maşınqayırma müəssisələrinin Xovlu iplik, Üst trikotac fabrikləri, Kompressor zavodu yaranması Sumqayıtın keçmiş ittifaqın mühüm sənaye zonası kimi tanınmasına zəmin yaradıb.
Şəhərsalınma planına əsasən hələ 1945-ci ildən 23 hektarlıq dənizkənarı sahil parkının salınması nəzərdə tutulmuşdur. Ümumiyyətlə şəhərin tikilməsinin bütün mərhələlərində yaşıllaşdırmaya böyük diqqət verilirdi. Yüksək ixtisaslı mütəxəssislərin rəhbərliyi ilə yaşıllaşdırma işi bağbanlar və aqronomlar tərəfindən həyata keçirilirdi. Abşeron yarımadasının iqliminə uyğun olan 169 növ tingdən 39 növ ağac Sumqayıtın yaşıllaşdırması üçün seçilmişdir. Sumqayıtın yaşıllıq halqasında əsas yeri Eldar və Alp şamları, ağcaqayın, sərv, küknar, qarağac, qovaq və s. ağacları tutur. Ağac və kollar burada quraqlığa davamlığına görə seçilib əkilirdi. Şəhərin hər bir sakininə düşən yaşıllaşdırma payı 12 m2 olduğu halda 20 m2-dir. Sumqayıtın dənizkənarı parkı hazırkı zamanda şəhərin layihələşdirilməsində də xüsusi yer tutur. Parkın aşağı hissəsi Xəzər dənizinin sahilini, yuxarı hissəsi isə S.Vurğun kücəsini əhatə edir. Şəhərin yuxarı hissəsinin bütün nöqtələrindən Xəzərin sahili və yaşıllığa qərq olmuş bulvarın görkəmli mənzərəsi açılır. Şəhərin ən böyük idman qurğularından biri olan M.Hüseynzadə adına stadion dənizkənarı parkın ərazisində salınmışdır. Respublikanın başqa şəhərlərindən fərqli olaraq Sumqayıtın dənizkənarı parkının ərazisində sahilə yaxın əhalinin gündəlik istirahəti üçün çimərlik salınmışdır. Şəhər əhalisinin sağlamlığında dənizkənarı parkın yaşıllıq massivinin əhəmiyyəti böyükdür. Bundan əlavə yaşıl ağaclar və kollar, bədii estetik zövq verir.
1978-ci ildən İmadəddin Nəsiminin adını daşıyan Mədəniyyət və istirahət parkı əhalinin mədəni istirahətində mühüm rol oynayır. Parkın şərq hissəsində yerləşən “Şəhidlər xiyabanı” şəhər əhalisinin ziyarətgah yerinə çevrilib. Sumqayıtın şəhərsalma strukturuna görə sənaye rayonları yaşayış zonasından ayrılmışdır. Yaşayış rayonlarında 5 mərtəbəli evlər üstündür. Dənizə doğru getdikcə 9-12 mərtəbəli evlər artır, mədəniyyət sarayı, ticarət mərkəzi, 12 mərtəbəli yaşayış binaları Sumqayıt ən yaxşı tikililərindəndir.
Sumqayıt həm də mədəniyyət və elm şəhəri kimi tanınır. Burada 1951-ci il C.Cabbarlı adına mədəniyyət evi, 1958-ci il S.Vurğun adına mədəniyyət evi, 1966-cı il M.Hüseynzadə adına stadion, 1985-ci il Ü.Hacıbəyov adına Mədəniyyət sarayı, 1998-ci il “Heydər bağı” tikilmişdir. N.Nərimanova, C.Cabbarlıya, C.Məmmədquluzadəyə, İ.Nəsimiyə abidilər qoyulmuşdur. 11 nəfər sumqayıtlı Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. Bunlardan 3 nəfər Zəminə Həsənova, Şəmşad Pənahov və Dadaş Dadahov Azərbaycan Respublikasının Prezident təqaüdçüləridirlər.
Sumqayıtın əməkçiləri neçə illərdir ki, bir neçə xarici ölkələrlə iqtisadi mədəni, elmi, texniki əlaqələr saxlayır. Ukraynanın Çerkassı, Gürcüstanın Rustavi, Rumıniyanın Piteşti şəhəri Sumqayıtla qardaşlıq əlaqəsi yaratmışdır. 2002-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıtla partnyorluq əlaqələrinin 25 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Şəhərin mədəni həyatında H.Ərəblinski adına Dövlət Musiqili Dram teatrının xüsusi yeri var.
Bir çox şair və yazıçılar “Əfsanədən doğulmuş” şəhərə öz sətirlərini həsr etmişlər. 1951-ci ildə Mir Cəlal Sumqayıt haqqında “Yeni şəhər” adlı roman yazmışdır. 1978-ci ildə yazılmış “Yaxşı insan” pyesində Mirzə İbrahimov şəhərin inşaatçıları barədə yazmışdır. 1976-cı ildə Xəlil Mütəllibovun “Bizim müasirlərimiz” adlı kitabı çıxmışdır. 1961-ci ildə Nəbi Xəzrinin “Sumqayıt səhifələri” adlı poeması nəşr olunmuşdur. Sumqayıt şəhərinin Tarixi Muzeyi 1967-ci ildən fəaliyyət göstərir. Şəhərin tarixini tətqiq və təbliğ edən bu elm və mədəniyyət ocağında 15000-dən artıq tarixi və mədəni abidələr qorunub saxlanılır.
Müzakirə qapadılmışdır.