Bu gün Xocalı dirçəliş, quruculuq və gələcəyə inamla xatırlanır
Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində Prezident İlham Əliyevin çıxışı siyasi, tarixi və ideoloji baxımdan bütöv bir dövlət mövqeyini ifadə etdi. Bu çıxışda Xocalı mövzusu təkcə keçmişin faciəsi kimi deyil, həm də ədalətin bərpası və milli iradənin təntənəsi kontekstində təqdim olundu. Prezident diqqəti ilk növbədə Memorial Kompleksinin məhz Xocalıda, faciənin baş verdiyi torpaqda açılmasına yönəltdi və bunun dərin rəmzi məna daşıdığını vurğuladı. İki il əvvəl təməli qoyulan bu kompleksin bu gün reallaşması tarixi həqiqətin və ədalətin artıq söz yox, fakt səviyyəsində təsdiqi kimi dəyərləndirildi.
Çıxışda Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara və bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi xarakterizə olundu. Bir gecə ərzində yüzlərlə dinc sakinin, qadın və uşağın qətlə yetirilməsi, insanların itkin düşməsi və talelərinin naməlum qalması bu cinayətin miqyasını və mahiyyətini açıq şəkildə göstərən faktlar kimi təqdim edildi. Ölkə başçısının nitqində bu məsələyə emosional deyil, siyasi və hüquqi müstəvidə yanaşılması xüsusi diqqət çəkirdi. Mesaj aydın idi: məsuliyyət konkret ünvan üzərindədir və bu məsuliyyət zaman keçdikcə aradan qalxmır.
Prezident İlham Əliyev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uzunmüddətli və ardıcıl fəaliyyətin rolunu xüsusi vurğuladı. Bu kontekstdə Heydər Əliyev Fondunun və “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti Azərbaycanın informasiya və diplomatik mübarizəsinin mühüm tərkib hissəsi kimi təqdim olundu. Son iyirmi il ərzində müxtəlif ölkələrdə keçirilən tədbirlər, nəşrlər və beynəlxalq platformalarda aparılan işlər nəticəsində Xocalı soyqırımının bir sıra dövlətlər tərəfindən tanınması Prezidentin çıxışında siyasi uğur kimi qiymətləndirildi. Eyni zamanda vurğulandı ki, Azərbaycan bu fəaliyyəti göstərməsəydi, Xocalı həqiqətləri təhrif edilə və ya beynəlxalq gündəmdən kənarda qala bilərdi.
Çıxışın əsas analitik xətti ədalətin mərhələli şəkildə təmin olunması ideyasına əsaslanırdı. Prezident bu prosesi tək bir hadisə ilə deyil, ardıcıl və məqsədyönlü addımların nəticəsi kimi təqdim etdi. Xocalı soyqırımının tanıdılması, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə, Xocalının işğaldan azad olunması və nəhayət, müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması eyni siyasi iradənin müxtəlif mərhələləri kimi göstərildi. Bu yanaşma bir daha onu ortaya qoydu ki, Azərbaycan ədaləti kənardan gözləməyib, onu öz gücü, Ordusunun peşəkarlığı və xalq-iqtidar birliyi hesabına təmin edib.
2023-cü ildə həyata keçirilən antiterror tədbirləri çıxışda xüsusi yer tutdu və separatçılığa son qoyulması suverenliyin tam bərpası kimi təqdim olundu. Bu mərhələ Xocalı məsələsində son nöqtə, yəni ədalətin tam təmin olunması kimi dəyərləndirildi. Prezidentin ritorikasında Xocalı artıq yalnız keçmişdə baş vermiş faciə deyil, dövlətin gücünü və iradəsini nümayiş etdirən siyasi simvola çevrilmişdi.
Memorial Kompleksinin açılışı ilə bağlı əsas ideyalardan biri də Xocalının bu gün dirçəliş və quruculuq məkanı kimi təqdim olunması idi. Prezident çıxışında vurğuladı ki, Xocalıda həyat yenidən bərpa olunur, insanlar doğma torpaqlarına qayıdır və bu proses dövlətin gücünün real göstəricisidir. Xocalı bu mənada həm milli yaddaşın qorunduğu məkan, həm də gələcəyə inamın simvolu kimi təqdim edildi.
Çıxışın yekun məntiqi güclü dövlət tezisi üzərində qurulmuşdu. Azərbaycan həm ədalətli müharibədə qələbə qazanan, həm ərazi bütövlüyünü bərpa edən, həm də müharibə cinayətlərinə hüquqi qiymət verən nadir ölkələrdən biri kimi təqdim olundu. Bu yanaşma Xocalı mövzusunu təkcə anım çərçivəsindən çıxararaq, müasir Azərbaycanın siyasi kimliyinin ayrılmaz hissəsinə çevirir. Nəticə etibarilə, Prezidentin çıxışı Xocalının artıq yalnız faciə ilə deyil, ədalətin bərpası, dövlət gücü və milli dirçəlişlə xatırlandığını açıq şəkildə ortaya qoydu.
İlhamə Müslümova, şair-yazar, Sumqayıt Tibb Mərkəzinin həkim-psixiatrı


Müzakirə qapadılmışdır.