Payız mövsümündə resperator xəstəliklərin fəallığı artır. İnsanlar isə soyuqladıqlarını zənn edib, ev şəraitində müalicə üsulları axtarırlar. Bunlar hər kəsin qrip dediyi əslində isə yuxarı tənəffüs yollarının başqa viruslar tərəfindən törədilən infeksiyalarıdır.
Teleqraf.com xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Yaşar virus mənşəli xəstəliklər haqqında danışarkən deyib.
Onun sözlərinə görə, belə hallarda antibiotik təsir göstərmir:
“Çünki antibiotiklər yalnız bakteriyalara təsir edir. Soyuqdəymə əlamətləri burun axması, burun tıxanıqlığı, asqırma, öskürək, halsızlıq, çox yüksək olmayan qızdırma, baş ağrısı, udqunma zamanı ağrıdır.
Belə hallarda yataq istirahəti, bol-bol maye qəbulu, vitaminlər, sağlam qidalanmaq lazımdır. Temperatur 38.5 keçdiyi zaman qızdırma salıcılar, burun nəmləndiricilərindən istifadə olunmalıdır. Əgər temperaturunuz 5 gündən artıq davam edərsə, irinli, qanlı bəlğəmli öskürək, sinədə ağrı yaranarsa, güclü baş ağrılarınız olarsa, mütləq həkimə müraciət etmək lazımdır”.
O qeyd edib ki, COVID-19 pandemiyası ilə yaşadığımız üçün bu əlamətlər müşahidə olunarkən digər infeksiyalardan fərqləndirmək üçün mütəxəssis rəyi vacibdir.