Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında qanun layihəsi barədə çıxış edib: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi Milli Məclisə təqdim olunub. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib və burada dövlət büdcəsinə yenidən baxılma halları müəyyən edilib. Qanun layihəsinə dair bizə təqdim edilmiş İzahatda 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib”. Komitə sədri qeyd edib ki, qanuna uyğun olaraq dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər və bu məsələ artıq dövlət başçısı tərəfindən qaldırılıb. “Büdcə sistemi haqqında Qanunun” 23.7-ci maddəsinə əsasən dövlət büdcəsinə yenidən baxılarkən, onun gəlir və xərcləri üzrə məbləğinin büdcə gəlirləri təsnifatının, büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dəyişdirilməsi nəzərdə tutularsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla qanunda göstərilmiş 8 sənəd Milli Məclisə təqdim edilib. Əlavə olaraq maliyyə naziri hörmətli Samir müəllimin (Şərifovun-M.) təşəbbüsü ilə komitə üzvlərinə layihə ilə bağlı əlavə təqdimat da təqdim edilib”.
T.Mirkişili qanun layihələri haqqında Hesablama Palatasının rəyinin də Milli Məclis üzvlərinə təqdim edildiyini bildirib. Qeyd edib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin, Hesablama Palatasının və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub.
Müzakirələr davam edir.
E.Paşasoy, Musavat.com
Müzakirə qapadılmışdır.