Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya prezidentlərinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi başlayıb.
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan kritik toplantıdan öncə Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşüb.
O, həmkarlarına sammitin keçirildiyi Vəhdəttin Sarayının pəncərəsindən İstanbul Boğazını göstərib.
R. T. Ərdoğan zirvəöncəsi açıqlamasında “Suriyalı qardaşlarımız başda olmaqla bütün dünyanın gözü hazırda bu toplantımıza yönəlib. Səmimi və faydalı bir anlayışla hərəkət edərək bu gözləntiləri doğruldacağımıza inanıram. Cənab Putinlə danışıqlarımızda Suriya məsələsi ən önəmli müzakirələrimizdən biri olub. Cənab Makron və xanım Merkeli də həmişə bu məsələ ilə bağlı məlumatlandırmağa diqqət göstərmişik” deyə bildirib.
***
Sammitdə yaxın zamanlarda istefa verəcək BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, Türkiyə müdafiə naziri Hulusi Akar, Rusiya Xarici işlər naziri Sergey Lavrov, Rusiya müdafiə naziri Sergey Şoyqu, Almaniya və Fransadan xüsusi məsləhətçilər və təmsilçilər iştirak edir.
Fransa və Almaniya ilk dəfə birlikdə Suriya ilə bağlı zirvəyə qatılıb.