Sumqayıt şəhərinin ictimai-səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə, şəhərin tanınmış ziyalısı və səhiyyə veteranı Rzayeva Cahan Şirxan qızı 80 illik yubileyi münasibətilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.
1945-ci ildə anadan olan Cahan Rzayeva 1962-ci ildə doğulduğu kəndin orta məktəbini qızıl medalla bitirib və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub. 1968-ci ildə institutu başa vuraraq təyinatla Sumqayıt şəhərində yerləşən Gigiyena və Epidemiologiya Mərkəzində epidemioloq kimi əmək fəaliyyətinə başlayıb.
Peşəkar fəaliyyəti nəticəsində 1981-ci ildə epidemiologiya şöbəsinə müdir vəzifəsinə təyin olunub və baş epidemioloq kimi 34 il müddətində şəhərin sanitar-epidemioloji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Onun rəhbərliyi altında bir çox epidemioloji tədbirlər uğurla həyata keçirilib, ictimai sağlamlıq sahəsində sistemli işlər görülüb.
1990–1995-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı seçilən Cahan Rzayeva bu müddət ərzində Ekologiya və Təbii Sərvətlər üzrə komissiyaya rəhbərlik edib. Daha sonra, 1995–1998-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Səmərəli fəaliyyətinə görə o, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Hazırda təqaüddə olan Cahan Rzayeva Sumqayıtın ictimai həyatında fəal iştirak edir.
Müzakirə qapadılmışdır.