Cəbrayıl Böyük Qayıdışın parlaq ünvanına çevrilib

439

Azərbaycan tarixində 1993-cü il avqustun 23-ü Cəbrayılın işğalı ilə yadda qaldı. Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində 1050 kvadrat kilometr ərazini əhatə edən, 52 min nəfər əhalisi olan Cəbrayıl rayonu işğal altına düşdü. İşğal zamanı rayona 13,928 milyard ABŞ dolları dəyərində ziyan dəydi. 1 şəhər, 4 qəsəbə və 92 kənd ermənilər tərəfindən viran edildi, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı və yüzlərlə yaşayış məntəqəsi dağıdıldı.

İşğalın nəticələri təkcə maddi itkilərlə bitmədi. Cəbrayıldan 362 nəfər şəhid oldu, 191 nəfər əlil kimi müharibədən qayıtdı, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 58 rayonun 2000-dən çox məntəqəsində məcburi köçkün kimi yaşayan cəbrayıllılar illərlə doğma torpaqlarına qayıtma gününü gözlədilər.

İşğal illərində erməni silahlı qüvvələrinin törətdiyi dağıntılar Cəbrayılın tarixini və mədəni kimliyini hədəf aldı. “Divlər Sarayı” mağarası, “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı “Qız qalası” və “Mərmər nənə” məqbərələri, Sirik kəndindəki “Qala”, Çələbilər kəndindəki məscid kompleksi və Xudafərin körpüləri kimi əvəzsiz mədəni irs nümunələri yerlə-yeksan edildi.

Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat, yüzlərlə kitabxana, klub və mədəniyyət evi məhv edildi. Bu, təkcə Azərbaycan xalqına deyil, ümumbəşəri mədəni irsə qarşı vandallıq idi.

27 il davam edən həsrət 2020-ci ilin payızında sona çatdı. 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar həyata keçirdi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və rayonun 9 kəndi — Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal azad edildi.

Cəbrayıl əməliyyatı həm taktiki, həm də strateji baxımdan müharibənin dönüş nöqtələrindən biri oldu. Cəbrayılın azad olunması Ordumuza Xocavənd, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində uğurlu əməliyyatlar keçirmək üçün geniş imkanlar yaratdı. Məhz bu zəfər sayəsində Azərbaycanın cənub istiqamətində strateji üstünlüyü təmin olundu.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu əməliyyatlarda iştirak etmiş 22 797 hərbi qulluqçu dövlətin ən ali mükafatlarından biri ilə təltif olundu.

Cəbrayılın azadlığı ilə bərpa və quruculuq mərhələsi başlandı. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. 200 hektarlıq ərazidə yerləşən bu parkda logistika mərkəzləri, anbar kompleksləri, ticarət obyektləri və texniki xidmət məntəqələri inşa olunur. Layihənin investisiya portfeli 140 milyon manat təşkil edir və 18 rezident, 4 qeyri-rezident sahibkar artıq fəaliyyətə başlayıb.

2021-ci ildə istifadəyə verilən Cəbrayıl yarımstansiyası, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Şükürbəyli–Cəbrayıl–Hadrut marşrutu və digər infrastruktur layihələri regionun sosial-iqtisadi inkişafına böyük təkan verir. Zəngəzur dəhlizinin Cəbrayıl ərazisindən keçməsi isə şəhərin strateji əhəmiyyətini daha da artırır.

2023-cü il 25 iyul tarixli qərarla təsdiq edilmiş “Cəbrayıl şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin gələcəyinə dair aydın konsepsiya təqdim edir. Baş plana görə, 2040-cı ildə Cəbrayılda 15 min sakinin yaşayacağı proqnozlaşdırılır. Şəhərin inkişafı 4 mərhələdə həyata keçiriləcək, yaşayış üçün 143 hektar ərazi ayrılıb.

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin hər biri üçün ayrıca plan hazırlanıb. Təkcə Böyük Mərcanlıda 6230 nəfər əhali üçün 1074 fərdi ev, iki məktəb və beş uşaq bağçası inşa olunacaq. Karxuluda 4428 nəfər üçün 940 ev, Sarıcallıda 4740 nəfər üçün 1185 ev, Maşanlıda isə 2360 nəfər üçün 590 fərdi ev tikiləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ilin 26 sentyabrında Cəbrayıla ilk köç karvanı yola salındı. Artıq 659 ailə (2856 nəfər) doğma torpaqlarına qayıdıb.

Cəbrayıl yaşayış kompleksi 7,9 hektar sahədə 33 binadan ibarətdir, 712 mənzilli kompleks tam təmirli şəkildə sakinlərə təqdim olunur.

Prezident İlham Əliyevin Cəbrayıla səfərləri bu torpaqların bərpa strategiyasının əsas xəttini formalaşdırıb. 2020-ci il 16 noyabrda Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması tarixi hadisə kimi yadda qaldı. 2021–2024-cü illər ərzində keçirilən səfərlərdə sənaye, enerji, təhsil və sosial infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimləri həyata keçirilib.

Xüsusilə 2024-cü ilin 3–4 oktyabr tarixlərində Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına məktəbin açılışı, yaşayış kompleksinin istifadəyə verilməsi, sənaye müəssisələrinin və damazlıq yumurta fabrikin təməli şəhərin yeni inkişaf mərhələsinin rəmzidir.

Cəbrayıl artıq təkcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycanın iqtisadi, sosial və mədəni dirçəlişinin canlı simvoludur. Burada aparılan quruculuq işləri dövlət siyasətinin əsas hədəfini — “Qarabağı və Şərqi Zəngəzuru bərpa etməklə milli dirçəlişi təmin etmək” məqsədini reallaşdırır.

Cəbrayılın taleyi Azərbaycan xalqının son yüzillikdə yaşadığı faciə və qələbələrin aynasıdır. İşğaldan azad olunması təkcə hərbi zəfər deyil, milli iradənin, birliyin və dövlətçilik prinsipinin təntənəsidir. Bu gün Cəbrayıl şəhəri yenidən qurulan, həyatla dolu, modern və ekoloji baxımdan davamlı bir məkana çevrilir.

Prezident İlham Əliyevin dediyi kimi: “Biz Cəbrayılı azad etməklə təkcə torpaqlarımızı deyil, xalqımızın qürurunu, tarixini və gələcəyini də geri qaytardıq.”

Hümbət Qurbanov, Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər