Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji gündəliyi: Bakıdan verilən strateji mesajlar

59

Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji gündəliyi: Bakıdan verilən strateji mesajlar

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı yalnız görülmüş işlərin hesabatı deyil, həm də dəyişən qlobal enerji arxitekturasında Azərbaycanın yerini və iddialarını müəyyən edən strateji yol xəritəsidir. Dövlət başçısının “birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin vacibliyi” barədə fikri son illərin geosiyasi sarsıntıları fonunda xüsusi aktuallıq kəsb edir. Enerji artıq təkcə iqtisadi kateqoriya deyil, milli təhlükəsizlik və siyasi sabitliyin əsas dayaqlarından biridir.
Son 12 ilin təcrübəsi göstərir ki, Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal əhəmiyyətli enerji platformasına çevrilib. Müxtəlif böhranlara, müharibələrə, bazar dalğalanmalarına baxmayaraq, Azərbaycan və tərəfdaşları enerji təhlükəsizliyini real nəticələrlə təmin edə biliblər. Prezidentin vurğuladığı kimi, hər il “irəliləyiş” ifadəsinin səslənməsi artıq siyasi ritorika deyil, konkret statistik göstəricilərlə təsdiqlənən faktdır. Bu gün Azərbaycan qazının 16 ölkəyə çatdırılması, boru kəmərləri vasitəsilə təchizat coğrafiyasına görə dünyada ön sıralarda qərarlaşması ölkənin enerji diplomatiyasının səmərəliliyini nümayiş etdirir.
Xüsusi diqqət çəkən məqamlardan biri qaz təchizatının Avropa hüdudlarından kənara çıxmasıdır. İlk dəfə olaraq Suriyaya 1,5 milyard kubmetr həcmində qaz ixracı yalnız kommersiya aktı deyil, həm də humanitar və geosiyasi mesajdır. Elektrik enerjisi qıtlığının aradan qaldırılmasına dəstək vermək regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Prezidentin vurğuladığı kimi, şaxələndirmə həm istehlakçılar, həm də istehsalçılar üçün həyati əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın enerji siyasətində balanslı və qarşılıqlı faydaya əsaslanan model qurduğunu göstərir.
Avropa istiqamətində genişlənmə isə strateji prioritet olaraq qalır. Almaniya və Avstriyaya qaz tədarükünün başlanması ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı alır. Lakin artan tələbat fonunda əsas çağırış infrastruktur məhdudiyyətləridir. Cənub Qaz Dəhlizinin tam yüklənməsi yeni genişləndirmə və interkonnektor layihələrini zəruri edir. “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”un tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz”in yeni mərhələsi perspektivdə əlavə 10-15 milyard kubmetr qaz deməkdir. Bu isə Azərbaycanın Avropanın enerji bazarında rolunu daha da gücləndirə bilər.
Bununla yanaşı, çıxışın mühüm xətti yaşıl enerji gündəliyidir. 240 meqavat gücündə külək elektrik stansiyasının istifadəyə verilməsi və 230 meqavatlıq günəş elektrik stansiyasının istismarı Azərbaycanın enerji balansında alternativ mənbələrin payını artırır. 2032-ci ilə qədər 6-8 giqavat bərpaolunan enerji gücünə çatmaq planı iddialı, lakin real müqavilələrə əsaslanan hədəfdir. Burada diqqət çəkən məqam anlaşma memorandumlarından deyil, hüquqi öhdəliklər doğuran müqavilələrdən söhbət getməsidir. Bu isə investor etimadının və layihələrin icra qabiliyyətinin göstəricisidir.
Yaşıl enerji strategiyası yalnız ekoloji məsuliyyət deyil, həm də iqtisadi rasionalizmdir. Daxili elektrik istehsalında təbii qazın əvəzlənməsi ixrac potensialını artırır və artan sənaye, kommunikasiya, süni intellekt və data mərkəzləri kimi sahələrin enerji təminatını möhkəmləndirir. Prezidentin COP29 kontekstində səsləndirdiyi praqmatik yanaşma – faydalı qazıntı yanacaqlarını tam inkar etmədən, onları bərpaolunan enerji ilə vəhdətdə inkişaf etdirmək – reallığa əsaslanan enerji keçidi modelidir. Azərbaycan 100 illik qaz ehtiyatına malik olduğu halda alternativ enerjiyə milyardlarla sərmayə yatırmaqla balanslı strategiya nümayiş etdirir.
Azərbaycanın tranzit və xarici investisiya fəaliyyəti də enerji xəritəsini genişləndirir. Qazaxıstan və Türkmənistan neftinin tranziti, Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə edilməsi, Serbiyada 500 meqavatlıq layihə, İtaliya və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma potensialı ölkənin enerji zəncirinin bütün halqalarında iştirak etdiyini göstərir. Bu, artıq təkcə ixracatçı model deyil, istehsal–tranzit–emal–paylama mərhələlərini əhatə edən inteqrasiya olunmuş enerji strategiyasıdır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Bakıdakı çıxışı Azərbaycanın enerji siyasətinin üç əsas sütun üzərində qurulduğunu nümayiş etdirdi: şaxələndirilmiş qaz ixracı, sürətli yaşıl enerji keçidi və genişlənən beynəlxalq tərəfdaşlıq. Qlobal enerji bazarında qeyri-müəyyənliklərin artdığı bir dövrdə Bakıdan verilən mesaj aydındır: Azərbaycan etibarlı təchizatçı, məsuliyyətli tərəfdaş və praqmatik strateq kimi mövqeyini daha da möhkəmləndirmək niyyətindədir. Bu isə ölkənin yalnız regional deyil, qlobal enerji təhlükəsizliyində rolunu uzunmüddətli perspektivdə təmin edən əsas amildir.

Mübariz Süleymanov, Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər