Cənub Qaz Dəhlizi və yaşıl enerji gündəliyinə strateji baxış

447

Fevralın 29-da Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclası həm məzmun, həm iştirakçı sayı, həm də geosiyasi aktuallığı baxımından tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu iclasda etdiyi çıxışında Cənub Qaz Dəhlizinin təkcə iqtisadi layihə deyil, həm də siyasi-iqtisadi sabitlik və təhlükəsizlik mehvərində duran strateji infrastruktur olduğunu bir daha göstərdi. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, bu layihə müxtəlif ölkələrin – istehsalçı, tranzit və istehlakçıların – qarşılıqlı maraqlarını uzlaşdıran nadir əməkdaşlıq modelidir. 11 il əvvəl bu ideya ilk dəfə təqdim olunanda bəziləri bu təşəbbüsə ehtiyatla yanaşırdı. Amma bu gün artıq Dəhliz uğurla fəaliyyət göstərir, qaz ixracı davamlı olaraq artır və tərəfdaş ölkələrin sayı genişlənir.

Bu iclasda 23 ölkə və 6 beynəlxalq təşkilatın, o cümlədən Avropa Komissiyasının iştirakı Azərbaycanın enerji gündəliyinin beynəlxalq səviyyədə necə rezonans doğurduğunu göstərir. Prezidentin vurğuladığı kimi, artıq bu platforma “güclü komanda”ya çevrilib və bu komanda hər il daha da böyüyür. Komandanın genişlənməsi həm də Azərbaycanın regional enerji lideri kimi qəbul olunmasının göstəricisidir. Cənub Qaz Dəhlizi artıq yalnız Avropaya deyil, eyni zamanda Balkanlara, Şərqi Avropaya və hətta Mərkəzi Avropaya qaz tədarük edən vacib arteriyaya çevrilib.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın enerji sahəsindəki etibarlı tərəfdaş imicini xüsusi olaraq vurğuladı. Bu imic təsadüfi formalaşmayıb. O, uzunmüddətli sabitlik, texniki dayanıqlıq, siyasi iradə və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi, hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 12-yə çatıb. Bu ölkələrdən 10-u Avropa məkanındadır. Bu, yalnız ixrac coğrafiyasının genişlənməsi deyil, həm də Azərbaycanın dünya enerji xəritəsindəki çəkisinin artması deməkdir.

Bu uğur həm də daxili islahatlarla bağlıdır. Azərbaycan enerji sektorunda həm hasilat, həm nəql, həm də infrastruktur sahəsində genişmiqyaslı modernləşdirmə həyata keçirib. Ölkəmiz həm neft, həm təbii qaz, həm də neft-kimya məhsulları və gübrə ixracçısı kimi mövqeyini möhkəmləndirib. Bütün bu resurslar Azərbaycanın sənaye təhlükəsizliyinin dayaqlarını təşkil edir. Prezident İlham Əliyev bu məqamda xüsusi olaraq vurğuladı ki, enerji olmadan sənaye inkişaf edə bilməz. Bu səbəbdən sənaye təhlükəsizliyi, ərzaq təhlükəsizliyi qədər əhəmiyyətlidir.

Prezidentin çıxışında yer alan əsas tezislərdən biri də enerji təhlükəsizliyinin əməkdaşlıqdan ayrı təsəvvür olunmamasıdır. Bugünkü dünyada enerji təhlükəsizliyi artıq sadəcə bir ölkənin enerji təchizatı ilə deyil, regional və qlobal sabitliklə bilavasitə əlaqəlidir. İstehsalçı, tranzit və istehlakçı ölkələr arasında etimadlı münasibət və qarşılıqlı fayda prinsipləri bu təhlükəsizlik sisteminin əsas sütunlarıdır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan bu balansı qorumaqda həm təşəbbüskar, həm də praktik bir tərəfdaşdır.

Azərbaycanın qaz ixracı sahəsində qazandığı uğurlar, yalnız fiziki həcmlərlə deyil, həm də diplomatik və strateji güclə ölçülür. Enerji əməkdaşlığı çərçivəsində Avropa ölkələri ilə uzunmüddətli müqavilələrin imzalanması bu gücün hüquqi bazasını təşkil edir. Azərbaycanın bu müqavilələrə əsaslanan və proqnozlaşdırılan enerji siyasəti, bir çox ölkələr üçün alternativsiz tərəfdaşlıq modelinə çevrilib.

Hazırda Cənub Qaz Dəhlizinin üç əsas komponenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – tam gücü ilə fəaliyyət göstərir. Bu isə o deməkdir ki, mövcud infrastruktur maksimum doluluqla işləyir və artan tələbat fonunda genişləndirməyə ehtiyac var. Prezident İlham Əliyev bu məsələni aydın şəkildə gündəmə gətirərək bildirdi ki, əgər ixrac həcmləri artacaqsa, mövcud sistemin ötürücülük qabiliyyəti də artırılmalıdır. Bu isə böyük investisiyalar tələb edir.

Bu nöqtədə dövlət başçısı beynəlxalq maliyyə institutlarına da açıq mesaj verdi. O qeyd etdi ki, bu qurumlar son illərdə fosil yanacaqlara investisiya qoyuluşunu dayandırmaq siyasəti yürüdür. Lakin bu yanaşma reallıqla uzlaşmır. Dünya əhalisi və iqtisadiyyatı böyüdükcə enerji tələbatı artır. Əgər istehsal və nəql infrastrukturuna investisiya qoyulmasa, bu, təkcə enerji çatışmazlığına deyil, həm də geosiyasi risklərin artmasına səbəb olacaq. Azərbaycanın bu çağırışlara cavab verməyə hazır olduğunu qeyd edən Prezident, lakin prosesin uğuru üçün kollektiv iradənin vacibliyini də vurğuladı.

Rüxsarə Məmmədova, TTEL-in direktoru, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər