Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını təsdiqləyən mühüm siyasi sənəd və mesaj kimi dəyərləndirilə bilər. Dövlət başçısının “Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq” fikri Vaşinqtonla Bakı arasında formalaşan qarşılıqlı etimad mühitinin, eləcə də altı ay ərzində intensiv diplomatik fəaliyyətin məntiqi nəticəsidir. Altı ay öncə Vaşinqtonda Prezident Donald Trampla keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılması bu gün imzalanan sənədin siyasi əsasını təşkil edib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın ən qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük şərəfdir. Bu ifadə sırf diplomatik nəzakət çərçivəsindən kənara çıxaraq, Azərbaycanın xarici siyasət kursunun çoxşaxəli və balanslı xarakterini bir daha nümayiş etdirir. Eyni zamanda, Ağ Evdə Ermənistan və Azərbaycanın sülh sazişini paraflaması və Prezident Trampın şahidliyi ilə Sülh haqqında Birgə Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşdığını göstərir. Artıq altı aydır ki, regionda sülh şəraitinin hökm sürməsi, tərəflərin “sülh içində yaşamağı öyrənməsi” postmünaqişə mərhələsinin praktik reallığa çevrildiyini təsdiqləyir.
Bəyanatda xüsusi yer tutan məqamlardan biri Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə kifayətlənmir, eyni zamanda Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz multimodal dəhliz rolunu oynayır. Xartiyada Orta Dəhlizin inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin asanlaşdırılması kimi istiqamətlərin prioritet elan edilməsi Azərbaycanın qlobal logistika və nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Enerji sahəsi isə strateji tərəfdaşlığın dayaqlarından biri olaraq qalır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Xartiyada neft, qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi, interkonnektor layihələrinin icrası və təchizat marşrutlarının şaxələndirilməsi niyyətinin ifadə olunması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu ABŞ tərəfindən dəstəkləndiyini göstərir. Eyni zamanda, mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi və kritik mineralların Orta Dəhliz vasitəsilə tranziti kimi məsələlər enerji gündəliyinin gələcək mərhələsini müəyyənləşdirir.
İqtisadi sərmayələr və yüksək texnologiyalar sahəsində əməkdaşlıq da Xartiyanın mühüm istiqamətlərindəndir. Süni intellekt mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, kibertəhlükəsizlik və innovasiya körpü platformalarının təşkili barədə razılaşmalar Azərbaycanın rəqəmsal transformasiya kursuna güclü beynəlxalq dəstək qazandırır. ABŞ-ın aparıcı şirkətləri ilə əməkdaşlıq çərçivəsində ilkin nəticələrin əldə olunması göstərir ki, bu tərəfdaşlıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır, real iqtisadi və texnoloji layihələrə çevrilir. Özəl sektorun fəal iştirakı ilə dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi isə əməkdaşlığın dayanıqlığını təmin edəcək.
Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət çəkən məqamlardandır. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığının gücləndirilməsi, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi üzrə birgə fəaliyyət regionun sabitliyinə xidmət edir. ABŞ-ın Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirməsi isə ölkəmizin qlobal təhlükəsizlik sistemində məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir. Humanitar minatəmizləmə sahəsində texnologiya və maliyyə dəstəyinin artırılması postmüharibə reabilitasiya prosesinə mühüm töhfə verə bilər.
Xartiyanın institusional mexanizmləri də xüsusi əhəmiyyət daşıyır. Enerji, iqtisadiyyat və ticarət, bağlantılar, süni intellekt və təhlükəsizlik sahələri üzrə İşçi Qruplarının yaradılması və üç ay ərzində konkret layihə siyahılarının və yol xəritələrinin razılaşdırılması tərəfdaşlığın sistemli və nəticəyönümlü xarakter daşıdığını göstərir. İldə ən azı bir dəfə yüksək səviyyəli görüşlərin keçirilməsi isə dialoqun davamlılığını təmin edəcək.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin tamamilə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələ təkcə ikitərəfli əməkdaşlığın dərinləşməsi deyil, həm də Cənubi Qafqazın sülh, təhlükəsizlik və rifah məkanına çevrilməsi istiqamətində mühüm geosiyasi dönüş nöqtəsidir. Vitse-prezident Vensin səfəri məhz bu baxımdan tarixi xarakter daşıyır və gələcək onilliklərin əməkdaşlıq konturlarını müəyyənləşdirir.
Elmira Yaqubova,
“Tərəqqi” medallı müəllim


Müzakirə qapadılmışdır.