Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər əsrlərlə formalaşmış səmimi qonşuluq və dostluq ənənələrinə əsaslanır. Bu əlaqələr təkcə tarixi-mədəni müstəvidə deyil, həm də siyasi, iqtisadi, enerji, nəqliyyat və beynəlxalq əməkdaşlıq sahələrində geniş miqyaslı strateji tərəfdaşlığa çevrilmişdir. 2025-ci il aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri çərçivəsində verilmiş bəyanatlar, iki ölkə arasında dostluğun nə qədər güclü olduğunu və bu münasibətlərin gələcək perspektivlər baxımından nə qədər strateji əhəmiyyət daşıdığını bir daha sübut etdi. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan əlaqələrinin dərinliyini, dayanıqlığını və çoxşaxəli inkişafını açıq şəkildə əks etdirir.
Azərbaycan və Gürcüstan xalqları tarix boyu mehriban qonşuluq şəraitində yaşamış, ortaq dəyərlər və mədəniyyətlər formalaşdırmışlar. Bu tarixi birlik bu gün dövlətlərarası münasibətlərdə də öz əksini tapır. İkitərəfli əlaqələr təkcə diplomatik səviyyədə deyil, həm də xalqlar səviyyəsində qurulmuş dərin etimada söykənir. Əsrlər boyu xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənə bu gün də davam etdirilir.
Müstəqillik dövründə Azərbaycan və Gürcüstan arasında əlaqələr tədricən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Bu münasibətlərdə siyasi dialoq mühüm yer tutur. Dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri, nazirlərarası məsləhətləşmələr, parlamentlərarası əməkdaşlıq və beynəlxalq təşkilatlarda birgə mövqe bu tərəfdaşlığın dayanıqlı strukturunu formalaşdırır.
Azərbaycan-Gürcüstan münasibətlərinin ən güclü sütunlarından biri enerji və nəqliyyat sahəsindəki əməkdaşlıqdır. Prezident İlham Əliyevin də bəyanatında vurğuladığı kimi, bu sahədə birgə həyata keçirilmiş layihələr təkcə iki ölkənin deyil, daha geniş coğrafiyanın – xüsusilə Avropa və Asiyanın enerji və logistika təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi Azərbaycanın zəngin enerji resurslarını dünya bazarlarına çıxaran strateji infrastrukturdur. Bu layihələrin Gürcüstan ərazisindən keçməsi, ölkəyə həm iqtisadi fayda gətirir, həm də onun geosiyasi çəkisini artırır. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixracın böyük hissəsi Gürcüstan üzərindən həyata keçirilir.
Digər tərəfdən, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi regionun Şərq-Qərb istiqamətində nəqliyyat xəritəsini dəyişən mühüm təşəbbüsdür. Bu layihələr həm də Orta Dəhliz çərçivəsində Azərbaycan və Gürcüstanı əsas aktorlara çevirir. Bu sinergiya təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır.
Cənubi Qafqaz regionu uzun illər boyunca münaqişələrin, qeyri-sabitliyin mərkəzinə çevrilmişdi. Ancaq son illərdə Azərbaycan və Gürcüstanın ortaq səyləri regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir. Prezident İlham Əliyev bəyanatında bu mövzuya xüsusi diqqət ayıraraq bildirib ki, “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir.
Bu yanaşma həm də bölgədə yeni əməkdaşlıq formatlarının formalaşmasına imkan yaradır. Azərbaycan və Gürcüstanın regional sabitlikdə oynadığı rol təkcə öz sərhədləri ilə məhdudlaşmır, həm də beynəlxalq ictimaiyyət tərəfindən nümunə kimi dəyərləndirilir.
Azərbaycan və Gürcüstan arasında imzalanmış 119 sənəd bu əlaqələrin hüquqi bazasının möhkəmliyindən xəbər verir. XİN-lərarası məsləhətləşmələr, hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları iki ölkə arasında siyasi və diplomatik əlaqələrin davamlılığını və funksionallığını təmin edir.
Parlamentlərarası əməkdaşlıq da bu münasibətlərdə mühüm yer tutur. Azərbaycan və Gürcüstan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı etimadın və qanunverici orqanlar səviyyəsində əməkdaşlığın simvoludur.
İki ölkə liderlərinin və yüksək səviyyəli rəsmilərinin müntəzəm qarşılıqlı səfərləri bu münasibətlərin nə qədər fəal və dinamik olduğunu göstərir. Prezident İlham Əliyevin Gürcüstana bir neçə dəfə etdiyi dövlət, rəsmi və işgüzar səfərlər, Gürcüstan prezidentlərinin Azərbaycana səfərləri siyasi dialoqun intensivliyini nümayiş etdirir. Baş nazirlərin və xarici işlər nazirlərinin də çoxsaylı qarşılıqlı səfərləri, görüşləri konkret sahələr üzrə əməkdaşlığın dərinləşməsinə şərait yaradır.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birinin maraqlarını hər zaman nəzərə alaraq, qarşılıqlı dəstək nümayiş etdirirlər. BMT, ATƏT, GUAM, QDİƏT kimi platformalarda tərəflərin bir-birini dəstəkləməsi regional sabitlik və əməkdaşlıq üçün əlverişli şərait yaradır. Bu, həm də beynəlxalq arenada ortaq mövqelərin formalaşmasına və möhkəmləndirilməsinə imkan verir.
Azərbaycan-Gürcüstan münasibətləri XXI əsrin regional və beynəlxalq əməkdaşlıq modelinə çevrilmişdir. Bu münasibətlər sadəcə iki qonşu dövlətin dostluğu deyil, eyni zamanda strateji baxış və ümumi gələcək vizyonunun nəticəsidir. Prezident İlham Əliyevin Gürcüstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində verdiyi bəyanat bu strateji ortaq münasibətlərin əsas istiqamətlərini, uğurlarını və perspektivlərini bir daha ortaya qoydu.
Enerji və nəqliyyat sahələrindəki ortaq layihələr, siyasi dialoqun intensivliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sülh və təhlükəsizlik məsələlərində ortaq mövqe, hər iki ölkənin regional liderliyini daha da gücləndirir. Bu əlaqələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütün Cənubi Qafqaz və Avrasiya üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Gürcüstan arasındakı dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və daha geniş regional təşəbbüslər üçün etibarlı platforma rolunu oynayacaq. Bu münasibətlər regionun gələcəyini formalaşdıran əsas sütunlardan biri olaraq qalacaq.
Akif Şahbazov, Sumqayıt Bələdiyyəsinin üzvü
Müzakirə qapadılmışdır.