2025-ci il aprelin 25-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasının CGTN televiziya kanalına verdiyi geniş müsahibə Azərbaycanın xarici siyasətində xüsusi əhəmiyyət kəsb edən bir hadisə kimi tarixə düşdü. Bu müsahibə yalnız iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini əks etdirməklə kifayətlənmir, eyni zamanda strateji tərəfdaşlığın gələcək konturlarını da aydın şəkildə müəyyən edir. Azərbaycan və Çin arasında formalaşmış qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və bir-birinin maraqlarına göstərilən həssas münasibət bu münasibətlərin mahiyyətini təşkil edir. İlham Əliyevin açıqlamaları həm siyasi baxımdan dərin, həm də iqtisadi, humanitar və mədəni əlaqələrin gələcək inkişafı baxımından olduqca perspektivlidir.
Prezident İlham Əliyev CGTN-yə verdiyi müsahibədə Çin Sədri Si Cinpinlə münasibətlərə xüsusi önəm verdiyini vurğuladı. Xüsusilə 2023-cü ilin iyulunda keçirilən görüşün strateji tərəfdaşlıq baxımından yeni mərhələnin başlanğıcı olduğunu qeyd etdi. Bu görüşdə Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin qəbul edilməsi Azərbaycan-Çin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə daşıdı. 2025-ci ildə Pekində Sədr Si ilə yenidən görüşən Prezident Ilham Əliyev bu dəfə daha da irəli gedərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalandığını bəyan etdi. Bu sənəd təkcə iki ölkənin siyasi münasibətlərini deyil, eyni zamanda ticarət, logistika, mədəniyyət, təhsil, humanitar və digər sahələri də əhatə edir. Müsahibə zamanı imzalanan 20-dən artıq sənəd Prezidentin də ifadə etdiyi kimi, Azərbaycan-Çin münasibətlərində yeni dövrün başlanğıcını rəmzləşdirir.
Müsahibədə Prezident Əliyev iki ölkə arasında olan münasibətlərin bünövrəsinin qarşılıqlı hörmətə, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslandığını vurğuladı. Azərbaycan tərəfi “Vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqlədi və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri oldu. Bu, Azərbaycanın Çin ilə münasibətlərində prinsipial mövqeyini və sabit tərəfdaşlığını nümayiş etdirir. Digər tərəfdən, Çin də Azərbaycanla münasibətlərində eyni səviyyədə qarşılıqlı anlayış göstərir, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daim dəstək ifadə edir. Bu kimi mövqelər təkcə diplomatik rəsmi sənədlərlə yox, praktiki siyasətlə də özünü doğruldur.
Prezident İlham Əliyevin vurğuladığı digər mühüm istiqamət enerji sahəsində əməkdaşlığın genişləndirilməsi oldu. Azərbaycanın yaşıl enerji strategiyası çərçivəsində Çin şirkətləri ilə qurduğu əməkdaşlıq, xüsusilə Günəş və külək enerjisi üzrə layihələr, ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində və ekoloji tarazlığın qorunmasında həlledici rol oynayır. 2030-cu ilə qədər 6500 meqavat gücündə bərpaolunan enerji istehsalını hədəfləyən layihələr, Azərbaycanın ümumi enerji istehsal gücünü ikiqat artıracaq. Belə bir transformasiya həm iqtisadi müstəqillik, həm də ekoloji məsuliyyət baxımından nümunəvi yanaşmadır və bu sahədə Çin texnologiyası və kapitalı həlledici rol oynayır. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Günəş panelləri məhz Çində istehsal olunur və bu, iki ölkə arasında yüksək texnoloji əməkdaşlığın real göstəricisidir.
Azərbaycanın Sədr Sinin qlobal təşəbbüslərinə, o cümlədən “Bir kəmər, bir yol” layihəsinə ilk dəstək verən ölkələrdən biri olması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir. Bu təşəbbüs təkcə ticarət yollarının deyil, eyni zamanda mədəniyyətlərin, sivilizasiyaların, xalqların bir-birinə yaxınlaşmasının bir vasitəsi kimi qiymətləndirilir. Azərbaycan bu təşəbbüsə yalnız rəsmi tərəfdaş olaraq yox, fəal iştirakçı kimi qoşulub və bu çərçivədə mühüm infrastruktur layihələr həyata keçirib. Müsahibədə dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycanın beynəlxalq münasibətlərdə əsas strategiyası müstəqil, balanslaşdırılmış və çoxşaxəli əməkdaşlığa əsaslanır. Çinlə olan münasibətlər isə bu strategiyanın uğurlu təzahürüdür.
Prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin təməlində mərhum Prezident Heydər Əliyevin tarixi rolunu da xüsusi vurğuladı. Ulu Öndərin prezidentliyi dövründə həyata keçirilən ilk Çin səfəri bu münasibətlərin bünövrəsini qoydu. Onun yaratdığı siyasi irs bu gün də Azərbaycan diplomatiyasında mühüm istiqamət kimi davam etdirilir. Prezident İlham Əliyev atasının müəyyən etdiyi prioritetləri qoruyaraq, onları yeni dövrün çağırışlarına uyğun inkişaf etdirir. Bu baxımdan Çinlə olan münasibətlərin sabitliyi və ardıcıllığı, Azərbaycan diplomatiyasının çevik və davamlı xarakterini nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibəsində Çinin modernləşmə modeli və islahatlar yolu barədə fikirlərini də bölüşdü. Onun sözlərinə görə, Çin təcrübəsi yalnız inkişafın göstəricisi deyil, həm də digər ölkələr üçün ilham mənbəyidir. Azərbaycanın keçdiyi inkişaf yolu da bu baxımdan bənzər xüsusiyyətlərə malikdir – sabitlik, iqtisadi islahatlar, sosial rifahın təmin olunması. Prezidentin vurğuladığı kimi, Azərbaycanın iqtisadi göstəriciləri – aşağı xarici borc, yüksək valyuta ehtiyatları, işsizlik və yoxsulluğun azalması – düzgün strategiyanın nəticəsidir. Çin bu yolda Azərbaycanın vacib tərəfdaşı olub və olmağa davam edir.
Prezident İlham Əliyevin CGTN-yə verdiyi müsahibə bir çox strateji mesajlar və siyasi-ictimai siqnallarla zəngindir. Bu müsahibə bir tərəfdən Azərbaycan-Çin münasibətlərinin bugünkü reallığını təhlil edir, digər tərəfdən isə gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. İmzalanan sənədlər, aparılan müzakirələr və səsləndirilən fikirlər göstərir ki, iki ölkə arasında münasibətlər təkcə formal diplomatik əlaqələrdən ibarət deyil, dərin strateji və qarşılıqlı etimada əsaslanır. Azərbaycanın Çinə münasibəti bu gün qlobal sabitlik və tərəfdaşlıq baxımından nümunəvi yanaşma təqdim edir. Bu münasibətlər həm regional sabitliyin möhkəmləndirilməsi, həm də beynəlxalq müstəvidə balanslı siyasətin qurulması baxımından strateji əhəmiyyət kəsb edir. İlham Əliyevin bu müsahibəsi isə həm tarixi retrospektiv, həm də gələcəyə dair siyasi baxış bucağından Azərbaycan diplomatiyasının parlaq bir səhifəsidir.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.