Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir.
Belə ki, bu gün Sumqayıt şəhərinin Corat qəsəbəsində milli mənəvi dəyərləri və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirilib. Şəhər rəhbərliyi tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıblar.
Bayram tədbirində qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb.
İncəsənət ustalarının baharı, ölkəmizi tərənnüm edən mahnıları ətrafa yayılaraq bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb. Novruzun gəlişi münasibətilə qəsəbənin bayramın əsas atributları olan Bahar qızı, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qız və oğlanlar meydana daxil olub və meyxanaçıların novruz ovqatlı çıxışları təqdim olunub.
Öz hünərlərini göstərməyə çalışan gənc idmançılar tədbir iştirakçılarına xoş təəssurat bəxş ediblər. Bayram əhval ruhiyyəli çıxışlarda Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanış bayramı kimi vurğulanıb.
Qəsəbə meydanında təşkil olunan tədbirdə atlı dəstələrin və dəvələrin yürüşü iştirakçılar tərəfindən maraqla qarşılanıb, yumurta döyüşü, xoruz döyüşü də tədbirə xoş ovqat qatıb.
Daha sonra alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti möhtəşəm anlar yaşadıb.
Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində ümumşəhər tədbiri martın 18-də saat 11:00-da Nəsimi adına Mədəniyyət və İstirahət Parkında keçiriləcək.
Coratda Novruz bayramı qeyd olunub – FOTOLAR
•
631
Müzakirə qapadılmışdır.