Coratın dünəni və bugünü

615

Bu il Sumqayıtımızın 75 yaşı tamam olur. Xəzərin sahilində, boz səhralıqda yerləşmiş bu şəhər tarixən qədim Coratın torpaqlarında böyümüş, inkişaf etmiş, yaraşıqlı, gözəl bir məkana çevrilmişdir.

El-obamızın tarixi keçmişi

Əslində Coratın dəqiq tarixini, yaşını bilən yoxdur. Deyilənə görə, iki min ildən çox yaşı var. Onun tarixi eramızdan əvvəl III-IV minilliklərə gedib çıxır. Xəzər dənizinin Abşeron sahillərindən Dərbəndə qədər bir ərazini əhatə edən Çora vilayətinin eyni adlı paytaxtı Çora tarixin qədim qatlarında böyük liman və ticarət şəhəri kimi yer tutub. Hətta Alban katolikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Ən mühümü isə ondadır ki, Corat məzarlığındakı pirlər, sandıq qəbirlər bu məkanın qədim yaşayış məskəni olduğunu təsdiq edir.
Burada Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları və s. qədim abidələr var. Qədimdə inşa edilmiş məscidlərdən hazırkı dövrümüzdə ikisi qalır, digəri ikisi isə Sovet hökumətinin ilk illərində dağıdılıb.
Hazırda Cümə məscidi kimi tanınan Coratın ən qədim məscidi inanclıların ibadətgah yeridir. Qədimdə məscidin yaxınlığında qəbiristanlığın olduğu ehtimal olunur, bunu yaşlı nəslin nümayəndələri də deyir.
Coratda dövrümüzə qədər gəlib çıxan digər məscid isə Gülxatun məscididir ki, bunun da kiçik tarixçəsi var. İmkanlı, varlı bir xanım olan Kərbəlayi Gülxatun tərəfindən inşa edilən bu məscid uzun müddət istifadəsiz və baxımsız qalmışdır. Sonralar qəsəbə sakinlərinin yaxından köməyi sayəsində məscid xeyli abadlaşdırılmış, öz görkəmini dəyişmiş və möminlərin ixtiyarına verilmişdir.
Tarixən Coratda bir neçə qəbiristanlıq olub, onların sonuncusu kəndin qurtaracağında yerləşir. Həmin qəbiristanlıqda ki sərdabələr, yazılı daş kitabələr, pirlər, qəbir üstü yazılar uzaq keçmişdən xəbər verir.
Coratda abidə kimi iki hamam var: biri Köhnə hamam, digəri isə Təzə hamam adlanır.
Köhnə hamam dəniz qırağında yerləşir. Bu hamamın tarixi təxminən altı əsr bundan öncəyə gedib çıxır. Hamamın tikilməsində Əhliman adlı bir kişinin böyük rolu olub. Yerin altında, çöldən təxminən 1,50 metr hündürlükdə yerləşən hamamın kanalizasiya boruları saxsıdandır. Buraya yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü, müalicəvi əhəmiyyətli suyu ilə təmin edilib.
Təzə hamam isə kənd məscidinin yaxınlığında yerləşir. Bu hamam Hacı Əmrulla bəyin hamamı adlanır. Həmin hamamın isə yaşı təxminən iki əsrdən çoxdur. Günbəz şəkilli olan bu hamam dövlət tərəfindən mühafizə edilir.
Tarixi mənbələr göstərir ki, qədim “İpək Yolu” da Coratın yaxınlığından keçib. Kəndin mövcudluğunda buradakı karvansaraylar böyük rol oynayıb.
Bütün bunları Coratın dəyərli ağsaqqalı Rüstəm Məhərrəmoğlu Əliyev dilə gətirdi. Dedi ki, vaxtilə bu ərazilərdə onların dədə-babalarına məxsus meyvə bağları olub, sonralar burada kolxoz təsərrüfatı yaradılıb. Bu cür qədim tarixə malik olan, abidələrlə dolu məkanlarımızı göz bəbəyi kimi qorumaq lazımdır. Çünki uzaq keçmişimizi bizə çatdıran tarix yaddaşımız olan bu abidələri qorumaq hər kəsin vətəndaşlıq borcudur. Bu gün isə biz ağsaqqallar bu ərazilərdə ünvan tapmış Sumqayıtla fəxr edir, öyünürük.

Qədim Coratın yeni həyatı

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Elvaris Əliyev bizə Coratın bugünkü günündən, onun inkişafından, qayğı və problemlərindən söz açdı. Dedi ki, tarixi qədim olan Corat indi özünün yeni həyatını yaşayır. Şəhər icra hakimiyyəyinin başçısı Zakir Fərəcov fəaliyyətə başladığı ilk gündən qəsəbənin problem və qayğıları ilə yaxından maraqlanmış, sakinlərlə, ağsaqqallarla vaxtaşırı görüşlər keçirmişdir.
Son illərdə qəsəbədə aparılan quruculuq, abadlıq işləri geniş vüsət almaqdadır. Yeni layihələr həyata keçirilib və hazırda da davam etməkdədir. Bütün bunlar əhalinin rahatlığının təmin edilməsi və güzəranının yaxşılaşdırılması üçündür.
Şəhərimizlə yanaşı, qəsəbəmizdə də yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində abadlıq işləri həyata keçirilir. Qəsəbədaxili küçələr, eləcə də məhəllədaxili yollar asfaltlanıb. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, mövcud piyada səkilərinə tamet daşlar döşənib. Mərkəzi küçələr boyu hasarlar tam suvanaraq dekorativ rənglərlə boyanmışdır.
İl boyu mütəmadi olaraq Corat qəbiristanlığında və dəniz kənarı çimərliklərdə iməciliklər keçirilir və təmizlik-abadlıq işləri aparılır. Xüsusən də illərdən bəri Corat qəbiristanlığının ortası ilə açıq şəkildə çirkab və qrunt sularının axıntısı sakinlərin haqlı narazılıqlarına gətirib çıxardırdı. Çox hörmətli Zakir müəllimin bilavasitə köməkliyi və daxili imkanları hesabına bu məsələnin həllinə nail olduq. Çirkab axıntı suları ümumilikdə 1200 paqon metr uzunluğunda 400 və 200 mm-lik borularla mərkəzi kanalizasiya-drenaj xəttinə qoşulmuşdur. Bununla da çirkab suların qəbiristanlıq ərazisinə axıntısının qarşısı alınmışdır. İllərdən bəri açıq şəkildə axan çirkab və qrunt sularından bataqlığa çevrilmiş hissəsi torpaqla doldurulmuş və tam qurudularaq abad hala salınmışdır. Bu da qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Təqdirəlayiq haldır ki, qəsəbədə fəaliyyət göstərən Ağsaqqallar şurası icra nümayəndəliyi ilə sıx əlaqədə işlər aparır, qəsəbənin bütün ictimai-siyasi həyatında fəaliyyət iştirak edir. Belə ki, bütün siyasi-seçki kampaniyalarında köməkliyini əsirgəmir, narkomaniyaya qarşı mübarizədə gənclərin maarifləndirilməsində, doğru-düzgün yola istiqamətləndirilməsində öz ağsaqqal dəstəyini əsirgəmir.
Bütün bunlarla yanaşı, qədim tarixə malik Corat qəsəbəsinin fəxri simvoluna çevrilmiş şimal girəcəyindəki “Cürət” qala kompleksində təmir-bərpa və dekorativ işıqlandırma işləri aparılmış, min ildən çox tarixi olan köhnə “Cümə məscidi” əsaslı təmir edilmişdir.

Aparılan abadlıq və quruculuq işləri qəsəbənin simasını yaxşılığa doğru dəyişib. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parklar və yeni abad məhəllələr yaradılıb. Qəsəbə ərazisində yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib.
Qəsəbədə xeyir-şər evinin olmaması sakinlərin haqlı narazılığına səbəb olurdu. Artıq mərasim evi tikilərək hazır vəziyyətə gətirilmiş, yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcəkdir.
Qəsəbədə çoxmənzilli yaşayış binalarında təmir işləri aparılıb, dam örtükləri dəyişdirilib. Dam örtükləri dəyişdirilərkən binaların bütün daxili su-kanalizasiya xətləri də yenilənmişdir. Qəsəbənin elektrik təsərrüfatı yenidən qurulmuş, daxili imkanlar hesabına 35-dən çox köhnə avadanlıqlar yenisi ilə əvəz edilmişdir. Hazırda qəsəbə ərazisində köhnə yararsız elektrik dirəkləri dəyişdirilərək yeni metal və dəmir-beton dayaqlarla əvəzlənir, yeni transformatorlar quraşdırılır.
Bu gün qəsəbə tam təbii qazla təmin olunub. Qəsəbədəki mövcud yeraltı su xəttində yaranmış nasazlıq aradan qaldırılmış və içməli su ilə təmin olunmuşdur. Uzun müddətdir narahatlıq doğuran açıq qaz xətləri bağlanaraq istismara verilmişdir.
Görülən işlər bununla yekunlaşmır. Corat qəsəbəsində müasir tipli körpələr evi-uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Məktəb binasının bərpası ilə əlaqədar əsaslı təmir işləri başa çatmışdır.
Nümayəndə onu da bildirdi ki, şəhərimizin inkişafına uyğun olaraq, qəsəbəmizin də inkişafına dair görüləcək işlər çoxdur. Növbəti mərhələdə çoxmənzilli yaşayış binalarının həyətlərində uşaqlar üçün oyun meydançalarının yaradılması nəzərdə tutulur.
Şəhər rəhbərliyinin dəstəyi ilə görülən bütün bu işlər qəsəbə sakinləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır, razılıqla qeyd edilir.

İlhamə Məhəmmədqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər