Dayanıqlı su təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətidir

156

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi olan su təhlükəsizliyi məsələlərinə kompleks yanaşmanın bariz nümunəsi kimi yadda qaldı.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulandığı kimi, son 20 il ərzində Azərbaycanda ardıcıl və məqsədyönlü şəkildə icra edilən regional inkişaf proqramları nəticəsində əsas infrastruktur problemləri öz həllini tapıb. Elektrik enerjisi, qaz təchizatı, yol infrastrukturu, su və kanalizasiya sistemləri üzrə həyata keçirilmiş genişmiqyaslı layihələr ölkənin dayanıqlı inkişafını təmin edən möhkəm əsaslar yaradıb. Bu gün Azərbaycan artıq enerji idxalçısı deyil, əksinə, enerji ixrac edən və bir sıra ölkələrin enerji təhlükəsizliyinə töhfə verən dövlətə çevrilib.

Ölkə başçısı qeyd edib ki, hazırda generasiya gücləri daxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanları da yaradır. Eyni zamanda, qazlaşmanın 96 faizə çatdırılması sosial rifahın yüksəldilməsi istiqamətində əldə olunmuş mühüm nailiyyətlərdəndir. Magistral və məhəllədaxili yolların, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bütün əsas infrastrukturun paralel şəkildə qurulması Azərbaycanın vahid iqtisadi və sosial məkan kimi inkişaf etdiyini təsdiqləyir.

Su təsərrüfatı sahəsində görülmüş işlər də xüsusi diqqət mərkəzində saxlanılıb. Son 20 ildə inşa edilmiş dörd iri su anbarı – o cümlədən Taxtakörpü və Şəmkirçay layihələri – həm Bakı və Abşeron yarımadasının, həm də ölkənin qərb bölgələrinin su təminatında həlledici rol oynayıb. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların istifadəyə verilməsi içməli suyun keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Prezident İlham Əliyev çıxışında Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi su terrorunu da xatırladaraq bildirib ki, Sərsəng və Suqovuşan su anbarlarından siyasi təzyiq aləti kimi istifadə edilməsi kənd təsərrüfatına və əhalinin həyatına ciddi zərər vurub. Bu gün isə həmin su anbarlarının, eləcə də azad edilmiş ərazilərdə yerləşən digər hidrotexniki qurğuların bərpası ölkənin su təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. Laçın, Füzuli, Ağdam rayonlarında və digər ərazilərdə yeni və yenidən qurulan su anbarları bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

Müşavirədə təqdim olunan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə etməklə, regionun ən ağrılı problemlərindən biri olan dayanıqlı içməli su təminatının köklü həllini qarşıya məqsəd qoyur. Proqram çərçivəsində 30-a yaxın yeni su anbarının tikilməsi, su itkilərinin kəskin azaldılması, sayğaclaşdırmanın 100 faizə çatdırılması, fasiləsiz su ilə təmin olunan əhalinin payının 95 faizə yüksəldilməsi nəzərdə tutulur.

Xüsusi əhəmiyyət kəsb edən məqamlardan biri də yağış və tullantı sularının idarə olunmasıdır. Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin qurulması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi şəhər təsərrüfatının dayanıqlığını artıracaq, daşqın risklərini minimuma endirəcək. Eyni zamanda, dənizə axıdılan suların tam təmizlənməsi və Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi Xəzər dənizinin ekoloji mühafizəsi baxımından mühüm addımdır.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən strateji yeniliklərdən biri də Abşeron yarımadasında ilk dəfə duzsuzlaşdırma zavodunun inşası ilə bağlı qərardır. Xarici investisiyalar hesabına həyata keçiriləcək bu layihə Bakının su mənbələrinin sayını artıracaq, iqlim dəyişiklikləri fonunda su təhlükəsizliyini daha etibarlı edəcək.

Bütün bunlar göstərir ki, qəbul edilən Dövlət Proqramı təkcə infrastruktur sənədi deyil, eyni zamanda sosial rifahın, ekoloji tarazlığın və gələcək nəsillərin maraqlarının qorunmasına xidmət edən strateji yol xəritəsidir. Proqramın icrasına dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin də təmin olunması Prezident İlham Əliyevin idarəetmədə şəffaflıq və məsuliyyət prinsipinə verdiyi önəmin daha bir təzahürüdür.

Bu proqramın uğurla həyata keçirilməsi Bakı, Sumqayıt və Abşeron yarımadasında yaşayan yüz minlərlə insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək, Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirəcəkdir.

Şahin Şəfiyev,  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Sumqayıt şəhər Komitəsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər