“Dəmir yumruq” qətiyyətini göstərdi

964

Məlumdur ki, son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin çoxalmasına səbəb oldu.
Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu.
Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız şəhid oldu və yaralandı.
2020-ci il noyabrın 10-unda imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Bəli, Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Dövlət rəhbərimiz cənab İlham Əliyevin bildirdiyi kimi, heç bir qüvvə ölkəmizi tutduğu yoldan döndərə bilməz.
Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı.
Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edildi və məlumat vərəqələri paylanıldı.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundular. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Azərbaycanın siyasi partiyaları Müzəffər Ali Baş Komandanımızdan ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər. Liderimizin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyanatda qeyd olunur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz oldu.
Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.
Qərbi Azərbaycan İcması isə hər zaman olduğu kimi, öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirdi.
Söz yox ki, Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina etmişlər. Ölkəmiz sonuncu dəfə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirdi. Çarəsiz qalan qanunsuz erməni silahlı dəstələri antiterror tədbirlərinin dayandırılması üçün ağ bayraq qaldırdılar.
Bir sözlə, “Dəmir yumruq” qətiyyətini göstərdi, əsas hədəfə nail olundu, Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçdi, qanunsuz silahlı dəstələr təmizləndi, separatçılığın kökü kəsildi, suverelniyimiz bərpa olundu.
Qələbə sevincini bizə bəxş eləyən müzəffər Ali Baş Komandanımıza, şanlı Ordumuza minnətdarlığımızı bildirir, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq.

Mətanət Pirquliyeva,
Sumqayıt Dövlət Universitetinin nəzdində
Sumqayıt Dövlət Texniki Kollecinin direktoru,
Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər