Deputat: “Əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafında Sumqayıt şəhərinin rolunu artırmaqdır” – MÜSAHİBƏ

613

“Sumqayıt şəhəri tarixən sənaye şəhəri olub. Sənayenin bir çox növünün bu şəhərdə inkişafı vaxtilə 250-dən çox şəhərə yerli məhsul ixracına şərait yaradıb. İndi əsas vəzifələrdən biri bu potensialı bərpa etmək, qeyri-neft sektorunun inkişafında Sumqayıt şəhərinin rolunu artırmaqdır. Bunun üçün ilkin şərait mövcuddur. Aktiv işçi qüvvəsinin və nəqliyyat infrastrukturunun mövcudluğu bu planların yerinə yetirilməsini sürətləndirməkdədir. Yeni yaradılan Sumqayıt Kimya Sənayesi Parkında inşa edilən və ediləcək zavodlar, yeni texnologiyaların tətbiqi və investorların marağı yaxın gələcəkdə Sumqayıt şəhərinin ölkənin iqtisadi inkişafında mühüm yer tutacağını deməyə əsas verir”. 
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Müsahibəni təqdim edirik:
– Milli Məclisin yeni üzvlərindənsiz. Jurnalistlər Sizi çoxdan tanısalar da, cəmiyyətdə barənizdə kifayət qədər məlumatın olmaması təbiidir. Ona görə də əvvəlcə oxuculara özünüz haqında bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm. 
– Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişəm. “Xarici ticarət siyasəti” mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktorluğunu müdafiə etmişəm. Daha sonra “İnnovativ və bilik iqtisaidiyyatı və İKT idarəetməsi” üzrə ABŞ-ın Stanford Universitetində xüsusi təlimlər keçmişəm. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrin həyata keçməsində birbaşa iştirak etmişəm. Bu müddətdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya iqtisadiyyatı” fənnindən dərs demişəm. Son iş yerim İqtisadiyyat Nazirliyində İKT məsələri üzrə nazir müşaviri olub.
– Nə vaxtdan Yeni Azərbaycan Partiyasının üzvüsünüz?
– 2005-ci ildən regionun ən böyük və ən innovativ partiyası olan Yeni Azərbaycan Partiyasının üzvüyəm. YAP-ın təmsilçisi kimi son parlament seçkilərində qalib gələrək Milli Məclisə seçilmişəm.
– Milli Məclisin yaz sessiyası bir aya yaxındır öz işinə başlayıb. Təmsil olunduğunuz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının qanunvericilik işləri planına nələr daxildir?
– Cənab Prezidentin təşəbbüsü ilə parlamentə, xüsusən iqtisadiyyat sahəsinə dair çox mütərəqqi və innovativ qanun layihələri daxil olub. Bu layihələrin bir çoxu qəbul olunub, digərləri müzakirə ərəfəsindədir. Sahibkarlığın dəstəklənməsi, ölkəyə xarici investisiyaların cəlb olunması, valyuta sabitliyinin qorunması, dayanıqlı inkişafın təmin olunması yolunda qəbul edilən bu layihələr ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etməyə hesablanıb. Əslində qısa müddətdə atılan bu addımlar çox böyük iqtisadi dəyişikliyiə gətirib çıxaracaq. Qeyri-neft sektorunun inkişafı, iqtisadi aktivliyin artırılması, müasir texnologiyaların ölkəyə gətirilməsi üçün bir çox qanun layihələrinin də müzakirə olunması İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin planına daxildir.
– Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək fikriniz varmı? Hansı qanunların qəbulunu, yaxud qəbul edilmiş qanunlara əlavə və dəyişikliklərin edilməsini istərdiniz? 
– Hazırda dünyada iqtisadi münasibətlər sürətlə dəyişməkdə və yeni reallıqlar yaranmaqdadır. İqtisad elmi qarşısında tamamilə yeni yaranmış problemlərin həll olunması durur. Bu isə öz növbəsində milli iqtisadiyyatlar qarşısında yeni çağırışlar yaradır. Məhz bu çağırışlara vaxtında və çevik cavab vermək üçün müasir qanun layihələrinə ehtiyaclar yaranır və ya daha əvvəl qəbul olunmuş qanunlara dəyişikliklər tələb olunur. Bu baxımdan qanunvericilik təşəbbüsü ilə çıxış etmək əslində hər bir Milli Məclis üzvünün həm də bir vəzifəsidir. Mənim və həmkarlarımın bir çox belə planları var.
– Təzəlikcə Milli Məslisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin tərkibinə daxil edilmisiniz. Bu sahədə əsas hədəfləriniz nədən ibarətdir? 
– ATƏT Parlament Assableyasında Milli Məclisin nümayəndə heyətinin üzvü kimi əsas hədəfimiz ölkəmizin maraqlarını bu beynəlxalq təşkilatda layiqincə təmsil etmək, ölkə həqiqətlərini daha aktiv olaraq bəyan etmək və Azərbaycanla ATƏT arasında əməkdaşlığı daha da inkişaf etdirmək olacaq.
– Bir neçə ildir dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ölkəmizin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Hökumətin yaranmış vəziyyətdən çıxmaq üçün atdığı addımları nə cür qiymətləndirirsiniz?
– Son illərdə dünya enerji daşıyıcıları bazarının konyukturunun iqtisadi və qeyri-iqtisadi səbəblərdən dəyişməsi, neftin qiymətində kəskin azalma bütünlükdə dünya iqtisadiyyatına mənfi təsir etməkdədir. Əgər bu, neft ixracatçılarının gəlirini azaltmışdırsa, eyni zamanda məhsul və texnologiya ixrac edən ölkələrin də bazarını əhəmiyyətli dərəcədə kiçildib, dünya iqtisadiyyatında iqtisadi aktivliyin kəskin azalmasına gətirib çıxarıb. Bu şərtlər daxilində ölkəmiz üçün ən doğru yol, təbii ki, neft ixracından asılılığı minuma endirmək, qeyri-neft sektorunun əhəmiyyətli dərəcədə inkişafına nail olmaq və ölkənin iqtisadi təhlükəsizliyini təmin etməkdir. 2004-cü ildən başlayaraq cənab Prezidentin göstərişi ilə qəbul edilən və həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları məhz bu məqsədə hədəflənib. Ötən 10 il ərzində görülən işlərin nəticəsi kimi qeyri-neft sektorunun ÜDM-də payı 70 faizi ötüb, 2015-ci ildə isə bütün çətinliklərə baxmayaraq iqtisadiyyat 8,4 faiz artıb. Ancaq yaranmış mövcud qlobal vəziyyət bu prosesləri daha da sürətləndirməyi və daha aktiv iqtisadi siyasət yeritməyi tələb etməkdədir. Məhz son zamanlar cənab Prezident tərəfindən imzalanmış fərman və qanunlar, hökumətin bu yönümdəki fəaliyyəti iqtisadi aktivliyi daha da artırmaq, sahibkarlığı maksimum dəstəkləmək, iqtisadi çevikliyi sürətləndirmək məqsədi daşımaqdadır. Əslində, son bir ayda cənab Prezident tərəfində qəbul edilən qərarlar əksər ölkələrin iqtisadi tarixində ya heç qəbul edilməyib, ya da bu qərarların qəbul edilməsi bir neçə illər ərzində baş tutub. Müasir iqtisadi reallıqlarda seçilmiş bu “sürətli iqtisadi islahatlar yolu” ən doğru və ən cəsarətli yoldur.
– Qeyd etdiniz ki, deputat seçilməzdən öncə İqtisadiyyat Nazirliyində çalışmısınız. Bu baxımdan yaranmış vəziyyətdən çıxmaq üçün Sizin özünüzün hansı təklifləriniz var? 
– Əslində, qəbul edilmiş qanun layihələri və cənab Prezident tərəfindən imzalanmış fərmanlar ölkənin dayanıqlı iqtisadi inkişafına təmin edəcək bütün imkanları yaratmaqdadır. Burda əsas diqqət veriləsi məsələlərdən biri həyata keçirilmə mexanizmlərinin dəqiq işləməsidir. Məsələn, inkişafın əsas elementlərindən biri sərt nəzarət sisteminin qurulmasıdır ki, burda müasir texnologiyalardan istifadə etmədən keçinmək mümkün deyil. Yaxud, yüksək məhsuldarlıq əldə etməyin doğru yolu müasir texnologiyalardan və innovasiyalardan istifadə etməkdir. Fikrimizcə, bütün sahələrdə rasional formada müasir texnologiyalardan və innovasiyalardan istifadə etmək həyati əhəmiyyət kəsb edir, çünki dayanıqlı iqtisadi inkişaf digər ölkələrlə rəqabətdə udmaq qabiliyyətinə malik olmaq deməkdir ki, bunun da əsasını müasir texnologiyalar təşkil edir.
– Əvvəllər həm də İKT sahəsində çalışmısınız. Bu sahənin inkişaf etdirilməsi üçün hansı addımları atmağı zəruri hesab edirsiniz?
– Qeyri-neft sektorunun inkişafına ən çox birbaşa və dolayısı ilə təsir edən alətlər toplusu İKT-dir. Əslində, müasir dünyada İKT çoxdan bir sektor olmaq sərhədlərini aşıb, bütün sektorlarda effektiv, daha sərfəli, cəld və şəffaf idarəetmə alətinə çevrilib. Təbii ki, ölkə özü nə qədər bu alətlərdən istehsal edə bilirsə, o qədər də çox gəlir əldə edə bilir. Məsələn, Belarusun 2015-ci ildə tək proqram təminatının istehsalından və ixracından əldə etdiyi gəlir 900 milyon dollara çatıb. Azərbaycanda da bu sahəyə dövlətin həmişə yüksək qayğısı olub. Prezident İlham Əliyevin 2003-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının Cenevrə sammitində elan etdiyi “qara qızılı insan kapitalına çevirəcəyəm” strategiyası hətta o zaman üçün çox uğurlu bir seçim idi. 2013-cü ilin “İKT ili” elan olunması, Azərbaycanın süni peyklərinin kosmosa göndərilməsi dövlətin İKT-yə yüksək dəstəyinin göstəriciləridir.
– Sizcə, daha hansı addımların atılmasına ehtiyac var? 
– Dünya təcrübəsi göstərir ki, İKT sektorunun inkişafı ilkin olaraq investisiyadan daha çox “ideya və mühit”dən daha çox asılıdır. Bü gün dünyada dəyəri və gəlirləri milyardlarla dollar olan nəhəng İKT şirkətləri çox cüzi investisiya ilə, amma ideyalar əsasında yaranıb. Ölkəmizdə mühit formalaşsa da, ideya cücərtiləri kimi formalaşan “startup”ların hərtərəfli dəstəklənməsinə ehtiyac var. Bu dəstək tək dövlət tərəfindən deyil, əsasən özəl sektor tərəfindən olmalıdır. Vergi bazasını artırmaq, biznesi şəffaflaşdırmaq istiqamətində elektron ticarətin həcminin artırılması mühüm rol oynayır. Dünyanın bir çox ölkərində bu məqsədlə müddətli olaraq şirkətlərə vergi güzəştləri və digər güzəştlər təqdim edilir. Ölkəmizdə elektron ticarətin ümümi dövriyyədə payının 0.04 faiz olması çox böyük potensialın olmasını göstərir. Bu gün Azərbaycan İKT məhsullarının demək olar ki, 90 faizdən çoxunu idxal edir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, bu məhsulların bir çoxunu Azərbaycanda istehsal etmək mümkündür (modemlər, TV qutular, şəbəkə avadanlıqları, kabellər və s) və bu məhsullara yerli bazarda, əhali arasında böyük tələbat var. Sahibkarlar tərəfindən istehsalın təşkili həm idxalı əvəz edə bilər, həm də ixrac etməklə ölkəyə valyuta gətirə bilər. Ölkəmiz eyni zamanda böyük miqdarda valyuta ödənişləri hesabına xarici proqram məhsulları idxal etməkdədir. Bunların istehsalı üçün də ölkəmizdə yetərli sayda mütəxəssislər mövcuddur və ya yetişdirilə bilər. Bu həm də milli təhlükəsizlik baxımından çox vacibdir.
– Deputat seçildiyiniz Sumqayıt şəhəri sənaye şəhəridir. Burada daha hansı sənaye sahələrinin inkişaf etdirilməsi üçün münbit şərait var?
– Sumqayıt şəhəri tarixən sənaye şəhəri olub. Sənayenin bir çox növünün bu şəhərdə inkişafı vaxtilə 250-dən çox şəhərə yerli məhsul ixracına şərait yaradıb. İndi əsas vəzifələrdən biri bu potensialı bərpa etmək, qeyri-neft sektorunun inkişafında Sumqayıt şəhərinin rolunu artırmaqdır. Bunun üçün ilkin şərait mövcuddur. Aktiv işçi qüvvəsinin və nəqliyyat infrastrukturunun mövcudluğu bu planların yerinə yetirilməsini sürətləndirməkdədir. Yeni yaradılan Sumqayıt Kimya Sənayesi Parkında inşa edilən və ediləcək zavodlar, yeni texnologiyaların tətbiqi və investorların marağı yaxın gələcəkdə Sumqayıt şəhərinin ölkənin iqtisadi inkişafında mühüm yer tutacağını deməyə əsas verir.
– Seçicilərinzlə görüşürsünüzmü? Onlarla, adətən, hansı formada əlaqə qurursunuz?
– Sumqyıtda son 1 ayda şəhər icra hakimiyyətinin və YAP-nın təşəbbüsü ilə “Sumqayıt sabitlik nümunəsidir” ideyası ilə şəhər ictimaiyyəti ilə deputatların çox maraqlı görüşləri keçirilir. İndiyə qədər 9 belə görüş reallaşıb. Açıq və səmimi mühitdə keçən görüşlərə seçicilərin çox böyük marağı var. Görüşlər zamanı insanları maraqlandıran suallara cavablar verilir və müxtəlif ideyalar müzakirə edilir. Bundan əlavə biz seçicilərlə Milli Məclisin qəbul otaqlarında görüşür və internet üzərindən onlarla əlaqə qururuq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər