Azərbaycan Respublikası sülhsevər siyasət yürütməklə yanaşı, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əlaqələrin qurulmasına hər zaman diqqət ayırır. Xüsusilə region dövlətləri ilə formalaşdırdığımız münasibətlər daha böyük əhəmiyyət kəsb edir. Çünki bir çox səmərəli layihələrin reallaşdırılması məhz region ölkələrinin birgə səyləri nəticəsində mümkün olmuşdur.
Son illərdə xeyli dərinləşən Azərbaycan – Gürcüstan münasibətləri artıq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. İki yaxın qonşu və dost ölkələrin birgə səmərəli fəaliyyəti xalqlarımızın rifahına öz töhfələrini verir. Əməkdaşlığımız genişləndikcə dövlətlərimiz də bu qarşılıqlı fəaliyyətdən daha çox mənfəət əldə edir. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birini dəstəkləyir. Bu dostluq və qardaşlıq dərin tarixi köklərə əsaslanır. İki ölkənin xalqları da əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bunun nəticəsində hər iki xalq üçün ortaq dəyərlər formalaşmışdır. Bu gün dövlətlərimiz arasındakı əməkdaşlıq artıq vacib sahələri əhatə edir. Hər iki ölkənin birgə səyləri nəinki iqtisadi inkişafı təmin edir, həm də Azərbaycanı və Gürcüstanı Avrasiya üçün önəmli ölkələrə çevirir. İki qardaş ölkə arasında Bakı-Tiblisi-Qars dəmir yolunun yaxın zamanda genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərin başlanğıcı olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 16 mart 2024-cü il tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda regional əməkdaşlıqla bağlı bir sıra vacib məqamları özündə ehtiva edən fikirlər səsləndirdi. Ölkə başçımız bildirdi ki, yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri Yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük layihənin icrasına başlamışdır. Xüsusən Qara dənizin dibi ilə çəkiləcək elektrik xətti layihəsinin iştirakçılarından biri olan Gürcüstan Avropanın enerji təhlükəsizliyində rol oynayan mühüm dövlətlərdən biridir.
Bakı-Tiblisi-Ceyhan, Bakı-Tblisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Baki-Tiblisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və bu layihə də eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var. Texniki-iqtisadi əsaslandırma üzərində işlər davam etdirilir. İlin sonuna qədər bu iş başa çatacaq və sonra praktiki addımlar atılacaqdır. Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi də artmaqdadır. Belə ki, artıq bu dövriyyə 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Deməli iki ölkə arasında əməkdaşlıq böyük perspektivlərə malikdir.
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Müzakirə qapadılmışdır.