Bayraq hər bir dövlətin bütövlük, müstəqilik, yenilməzlik, ucalıq, bir sözlə müqəddəslik rəmzidir. Millətin, xalqın, qeyrət simvoludur. Ən böyuk səltənət sahibləri, cahangirlər, hökmdarlar, dünya şöhrətli sərkərdələr belə bayraq önündə diz çökməyi, bayrağın ətəyindən öpməyi özlərinə şərəf-şan bilmişlər.
Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir.
Bayrağımız keçmişimizi bu günümüzə, bu günümüzü gələcəyimizə bağlayan bir tarix körpüsüdür. Bu gün Konstitusiya ilə müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri sayılan üçrəngli bayrağımızın yaranma tarixi XIX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycan Respublikasının müasir bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərarla qəbul edilmişdir. Qərara əsasən, yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilmiş, elə həmin gün də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyəti çox yaşamadı, dünya imperializminin məkrli planları nəticəsində 1920-ci ildə süquta uğradı. Xalqımız bayrağından məhrum edilsə də, ona olan sevgini daim ürəyində yaşatdı. Uzun illər varlığına hakim kəsilmiş hürriyyət və istiqlal yanğısı müstəqilliyin rəmzi olan üçrəngli bayrağa məhəbbət səngimədi. İnsanlar milli bayrağımızın nə vaxtsa yenidən başımız üzərində dalğalanacağına həmişə böyük ümid bəsləyirdilər.
Xalqın arzuları gec də olsa 70 ildən sonra öz təsdiqini tapdı. Üçrəngli bayrağımız Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr zamanı qeyri-rəsmi olaraq ziyalılarımızın təklifi ilə 1988-ci ildə Azadlıq meydanında dalğalandırıldı. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Daha dəqiq desək, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Naxçıvanda Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı və ölkəmizdə milli müstəqillik uğrunda cərəyan edən proseslərə güclü təkan verdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dövlətçiliyimizin mühüm atributlarından biri olan milli bayrağımız qəbul olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Bu günün ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hisslərinin çatdırılması, atributlarımızın təbliği baxımından olduqca əhəmiyyətlidir.
Böyük sevinc və fərəh hissi ilə qeyd etmək lazımdır ki, təməlində Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası olan xoşbəxt Vətənimizin məğrur bayrağı bu gün dünya azərbaycanlılarının həmrəylik simvoluna çevrilmiş, iftixar, qürur rəmzi olaraq soydaşlarımızın bir bayraq altında sarsılmaz birliyinin yaradılmasında mühüm rol oynamışdır. Məhz bunun nəticəsidir ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı soydaşımız ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşərək, üçrəngli bayrağımıza sarılaraq azərbaycançılıq ideallarının təbliğində iştirak edirlər.
Zaman-zaman milli suverenliyimizin simvoluna, müstəqilliyimizin carçısına, azərbaycançılığımızın müqəddəs dövlətçilik rəmzinə çevrilən üçrəngli bayrağa yeni həyat, dəyər verən Ulu Öndər, ümummilli lider Heydər Əliyev olmuşdur. Vətənin müqəddəsliyinin qorunmasını şərəf hesab edən Heydər Əliyev dövlət bayrağını milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış bilirdi. Dövlət atributlarını bərpa edən ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin…”.
Milli birliyimizin, həmrəyliyimizin təcəssümü olan üçrəngli bayrağımız bu gün ən yüksək zirvələrdə – rəsmi dövlət tədbirlərində, mötəbər məclislərdə, irimiqyaslı beynəlxalq simpoziumlarda, yığıncaqlarda, idman yarışlarında, mədəni-kütləvi tədbirlərdə qürurla qaldırılır, rəsmi dövlət qurumlarının, səfirliklərin, diplomatik nümayəndəliklərin, vətənimizi xarici ölkələrdə təmsil edən Azərbaycan diasporu binalarının üzərində əzəmətlə dalğalanır. Vətən adlı əmanətin keşikçisi, tarix yazan ordumuzun qətiyyəti, döyüş əzmi, Ali Baş Komandanın sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsi zəfərlə bitdi. 30 ilin işğalına son qoyuldu. Artıq xalqımız dördüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Qalibiyyət rəmzi olan Azərbaycan bayrağının Şərqi Zəngəzurda, Qarabağda, o cümlədən Şuşada dalğalanması böyük rəmzi məna daşıyır. Bundan belə müqəddəs üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.
Azərbaycanın əbədi varlığını təcəssüm etdirən Bayrağımız nəinki bir daha enməyəcək, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim parlayacaq, daim yüksələcəkdir!
Dünyanın hər guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, qarşıda duran nəhəng abadlıq, quruculuq işlərində uğurlar arzulayırıq.
Qasımova Səbinə, Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı
Müzakirə qapadılmışdır.