Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 yanvar 2026-cı il tarixində keçirilmiş müşavirədə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı” geniş şəkildə müzakirə olunmuş və strateji hədəflər müəyyən edilmişdir. Prezidentin çıxışında vurğulandığı kimi, su təhlükəsizliyi bu gün təkcə kommunal məsələ deyil, milli təhlükəsizlik, sosial rifah və dayanıqlı inkişaf məsələsidir. Bu proqram Sumqayıt şəhəri üçün də uzunmüddətli və sistemli həlləri nəzərdə tutan mühüm yol xəritəsidir.
Son 20 ildə ölkədə dörd böyük su anbarının inşa edilməsi və ümumi potensialın 500 milyon kubmetrdən artıq olması su təhlükəsizliyinin təminində mühüm rol oynamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Taxtakörpü və Şəmkirçay su anbarları, eləcə də Ceyranbatan su anbarının tam yenidən qurulması Bakı ilə yanaşı, Sumqayıtın da etibarlı su təminatında həlledici əhəmiyyət daşıyır. Bu strateji infrastruktur layihələri olmasaydı, bu gün Abşeron yarımadasında, o cümlədən Sumqayıt şəhərində su təchizatı ciddi risklərlə üzləşə bilərdi.
Yeni Dövlət Proqramı məhz bu uzunmüddətli yanaşmanın davamı olaraq hazırlanmışdır və 2035-ci ilə qədər mərhələli şəkildə icra ediləcəkdir. Proqram Bakı şəhərini, Abşeron rayonunu və Sumqayıt şəhərini əhatə etməklə, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasını, su itkilərinin kəskin azaldılmasını, tullantı və yağış sularının idarə edilməsində müasir texnologiyaların tətbiqini hədəfləyir. Prezidentin vurğuladığı kimi, proqramın geniş zaman kəsiyini əhatə etməsi onun miqyasını və icra məsuliyyətini aydın şəkildə ortaya qoyur.
Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlər proqramın ən mühüm istiqamətlərindən biridir. Şəhərdə uzun illər ərzində formalaşmış infrastruktur problemlərinin mərhələli və sistemli şəkildə aradan qaldırılması əsas məqsəd kimi müəyyən edilib. Xüsusilə “Acıdərə” kanalı boyunca dörd istiqamətdə kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması Sumqayıt üçün həyati əhəmiyyət daşıyır. Bu layihə yağış sularının idarə olunmasına və şəhərin ekoloji təhlükəsizliyinin yüksəldilməsinə xidmət edəcək.
Dövlət Proqramı çərçivəsində Sumqayıt yaşayış məntəqələrinin içməli su və kanalizasiya ilə tam əhatə olunması qarşıya konkret hədəf kimi qoyulub. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni şəbəkələrin yaradılması şəhərin sosial və sanitariya vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Eyni zamanda Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni magistral kəmərin tikintisi şəhərin su təhlükəsizliyini uzunmüddətli perspektivdə möhkəmləndirəcək.
2026–2032-ci illəri əhatə edən dövrdə Sumqayıt şəhərində 150 kilometr içməli su və 180 kilometr kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Bununla yanaşı, gücü sutkada 100 min kubmetr olan mövcud tullantı sutəmizləyici qurğunun bərpası, yağış suyu sisteminin istismara verilməsi və eyni məhsuldarlığa malik yeni tullantı sutəmizləyici qurğunun tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər Xəzər dənizinə axıdılan suların tam təmizlənməsini təmin etməklə ekoloji yükü əhəmiyyətli dərəcədə azaldacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, su sektorunda itkilərin 40–45 faiz səviyyəsində olması ciddi problemdir və yeni proqram çərçivəsində bu göstəricinin kəskin azaldılması əsas vəzifələrdən biridir. Sumqayıt şəhərində sayğaclaşdırmanın tam təmin edilməsi, rəqəmsal idarəetmə, SCADA (nəzarətçi idarəetmə və məlumatların toplanması) və IoT (əşyaların interneti) texnologiyalarının tətbiqi suyun uçotunun dəqiqləşdirilməsinə və resurslardan səmərəli istifadəyə imkan verəcək.
Ümumilikdə, Dövlət Proqramının icrası Sumqayıt şəhərində su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proqram gələcək artan əhali, sənaye və ekoloji tələbatlar nəzərə alınmaqla planlaşdırılmış dayanıqlı inkişaf modelidir. Qarşıdakı illərdə görüləcək işlər Sumqayıtın daha sağlam, təhlükəsiz və müasir şəhər kimi formalaşmasına möhkəm zəmin yaradacaq.
Xalid Quliyev, Sumqayıt şəhər Sukanal İdarəsinin rəisi


Müzakirə qapadılmışdır.