Azərbaycan xalqının dövlətçilik arzusu, milli azadlıq ideyası və müstəqillik uğrunda iradəsi əsrlər boyu müxtəlif sınaqlarla üz-üzə qalıb. Tarixin müxtəlif dövrlərində xalqımız işğallara, siyasi təzyiqlərə və məhrumiyyətlərə məruz qalsa da, heç bir qüvvə onun azadlıq əzmini sarsıda bilməyib. Bu baxımdan, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək, öz taleyinə sahib çıxmaq hər bir xalq üçün ən böyük nailiyyət hesab olunur. Azərbaycan da bu nailiyyəti əldə etmiş xalqlardan biridir. Bu gün ölkəmizin suverenliyi, dövlətçiliyi və ərazi bütövlüyü yüz illərlə davam edən mübarizənin, qəhrəman oğullarımızın canı və qanı bahasına qazanılmış müqəddəs milli sərvətimizdir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.” Məhz bu tarixi kontekstdə 2024-cü il 19 sentyabr tarixli Sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis olunub.
Azərbaycanın dövlət suverenliyinə gedən yol heç də asan olmayıb. 1990-cı illərin əvvəllərində Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi. 30 ildən çox davam edən bu işğal nəticəsində yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı, şəhərlər və kəndlər viran qoyuldu, tarixi və mədəni abidələr dağıdıldı, təbii sərvətlər talan edildi, Xocalı soyqırımı kimi insanlığa qarşı dəhşətli cinayətlər törədildi. Bu müddət ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri kağız üzərində qaldı, beynəlxalq vasitəçilərin 30 ilə yaxın davam edən danışıqları isə nəticəsiz başa çatdı. Ermənistanın münaqişəni sülh yolu ilə həll etmək əvəzinə danışıqları uzatmaq siyasəti Azərbaycanın səbir kasasını doldururdu və nəticədə 2020-ci ilin payızında vəziyyət pik həddə çatdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi, işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi. Ermənistan məğlubiyyəti etiraf edərək imzaladığı üçtərəfli bəyanatla Kəlbəcər, Ağdam və Laçın rayonlarını da boşaltmağa məcbur oldu. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək istiqamətində tarixi bir Zəfər qazandı və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Bu Zəfər Azərbaycanın suveren dövlət kimi mövqeyini möhkəmləndirdi və ölkənin beynəlxalq nüfuzunu xeyli artırdı.
44 günlük müharibədən sonra da Ermənistan və Qarabağda fəaliyyət göstərən qondarma rejim sülh prosesinə mane olmağa, silah-sursat daşınması və hərbi təxribatlarla təhlükəsizlik mühitini pozmağa davam etdi. Azərbaycan isə dövlət suverenliyini bərpa etmək istiqamətində ardıcıl və hüquqi əsaslı addımlar atdı. Bu addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə – Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu qərar Azərbaycanın ərazisində tam suveren nəzarəti təmin edən, hakimiyyətin aliliyini bərqərar edən mühüm strateji nailiyyət idi və bir güllə belə atılmadan həyata keçirilmişdi. Həmin məntəqə ilə Azərbaycan ilk dəfə beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca tam nəzarətini təmin etmiş oldu.
Lakin separatçı qüvvələr bundan sonra da regionda sabitliyə təhlükə törətməkdə davam etdilər. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərk-silah edildi və ərazilərimizdən çıxarıldı, qondarma rejim özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində konstitusiya quruluşu və dövlət hakimiyyətinin aliliyi tam bərpa edildi. Prezident İlham Əliyev də 2024-cü il 20 sentyabr tarixində Qarabağ Universitetində çıxışında qeyd etdi ki, “düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir… beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.”
Məhz bu böyük tarixi mərhələnin nəticəsi olaraq Prezident İlham Əliyev 19 sentyabr 2024-cü il tarixli Sərəncamla hər il sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara aldı. Bu tarix yalnız 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan proseslərin məntiqi zirvəsi deyil, eyni zamanda onilliklər boyu davam edən mübarizənin yekunu, 2020-ci ildəki Vətən müharibəsinin və 2023-cü ildəki antiterror tədbirlərinin siyasi-hüquqi nəticəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı, milli həmrəyliyin və dövlətçilik iradəsinin rəmzidir.
Suverenlik anlayışı dövlətin əsas xüsusiyyəti kimi onun ali hakimiyyətini və daxili-xarici siyasətdə tam müstəqilliyini ifadə edir. Suveren dövlət başqa dövlətlərin təsir və asılılığından kənar, müəyyən ərazi və əhali üzərində müstəqil qərarvermə səlahiyyətinə malikdir. Beynəlxalq hüquqa görə, dövlətlərin mövcudluğu və legitimliyi məhz suverenliyə əsaslanır və digər dövlətlər yalnız suveren dövlətlərlə münasibət qurur, əməkdaşlıq edir və onların ərazi bütövlüyünə hörmətlə yanaşırlar. Bu baxımdan, Azərbaycanın 2023-cü ildən etibarən bütün əraziləri üzərində suveren hakimiyyətini təmin etməsi, ölkənin beynəlxalq hüquq subyekti kimi statusunu daha da möhkəmləndirdi, onu regionun ən güclü dövlətlərindən birinə çevirdi.
Azərbaycan Prezidenti 2024-cü ilin sonunda imzaladığı digər bir mühüm sənədlə 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Bu qərar müasir Azərbaycanın dövlətçilik tarixində suverenliyin və konstitusiya dəyərlərinin qorunmasının prioritetliyini təsdiq edir. Konstitusiya və suverenlik anlayışları dövlətin hüquqi-siyasi dayaqları ilə yanaşı, onun milli kimliyini və beynəlxalq nüfuzunu müəyyənləşdirir. Bu il çərçivəsində həyata keçiriləcək tədbirlər həm ölkə daxilində hüquqi dövlət quruculuğunu möhkəmləndirəcək, həm də beynəlxalq aləmdə Azərbaycanın tam suveren dövlət kimi mövqeyini daha da gücləndirəcək.
Bu gün Azərbaycan xalqı tarixində ilk dəfə olaraq tam suveren, bütöv ərazilərə və toxunulmaz sərhədlərə malik müstəqil dövlətin vətəndaşıdır. Daxili sabitliyin və iqtisadi yüksəlişin möhkəmlənməsi, beynəlxalq nüfuzun artması, milli həmrəyliyin güclənməsi kimi amillər də məhz bu tam suverenlik şəraitində mümkün olur. Dövlət Suverenliyi Günü bu nailiyyətlərin təntənəsi, xalqımızın əsrlər boyu davam edən mübarizəsinin və müstəqillik əzminin simvoludur. Bu tarixi gün bizə xatırladır ki, Azərbaycan dövləti artıq yalnız coğrafi xəritədə yox, həm də beynəlxalq münasibətlər sistemində tam hüquqlu, qüdrətli və suveren aktor kimi öz sözünü deyir və bundan sonra da deyəcək.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.