Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi inkişafını və beynəlxalq münasibətlərini formalaşdıran və təkmilləşdirən liderdir. Onun fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada daha nüfuzlu və tanınmış bir ölkəyə çevirilmişdir. Ulu Öndər Heydər Əliyev dövlətlərarası münasibətlərlərə hər zaman xüsusi önəm verirdi.
Bu münasibətlər sistemində qardaş Türkiyə ilə münasibətlər xüsusilə seçilirdi. Ulu Öndər qısa müddət ərzində Türkiyə ilə strateji tərəfdaşlığı gücləndirərək ikitərəfli əməkdaşlığın inkişafını təmin etmişdir.
10 iyul 1995-ci il tarixində Türkiyə Respublikasının Baş naziri xanım Tansu Çillərin şərəfinə rəsmi ziyafətdə nitqində söyləmişdir: “Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşdur və bunlar dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslanır. Müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələr Azərbaycan xalqına çox kömək edir və bizim üçün çox əhəmiyyətlidir”.
Başqa bir tədbirdə, 14 aprel 1996-cı il tarixində Türkiyə Respublikasının Baş naziri Məsud Yılmazla Azərbaycan ictimaiyyəti nümayəndələrinin görüşündə isə Ulu Öndər “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir” söyləmişdir.
“Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlər boyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması – hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik” bu fikirləri isə 30 may 1996-cı il tarixində “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında səsləndirmişdir.
Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın xarici siyasətini formalaşdırarkən Türkiyə ilə strateji tərəfdaşlığın qurulmasına və gücləndirilməsinə çox böyük əhəmiyyət vermişdir.
Türkiyə Prezidenti Süleyman Dəmirəllə Ankaradakı görüş zamanı bu münasibətlərin tarixi köklərinə diqqət çəkən Ulu Öndər qeyd edirdi: “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır.”
Başqa bir görüşdə Ulu Öndər “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, bizim qanımız, canımız, dinimiz, dilimiz birdir” söyləyərək iki ölkə arasındakı münasibətlərin tarixi bağlarına diqqət çəkmişdir.
Ulu Öndər Heydər Əliyev türkdilli dövlətlərlə münasibətlərə xüsusi önəm vermiş və bu sahədə böyük səylər göstərmişdir. Azərbaycanın türkdilli dövlətlərlə münasibətlərinin inkişafı və gücləndirilməsi Heydər Əliyevin xarici siyasətinin əsas bir hissəsini təşkil edirdi. 18 oktyabr 1999-cu ildə çıxışında Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ “İstiqlal” ordeni təqdim edərkən demişdir: “Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir”.
“Dünyada bizim üçün, yəni azərbaycanlılar üçün ən birinci dayaq türklərdir” söyləyən Ulu Öndər Heydər Əliyev xarici siyasətində bu fikri əsas götürmüşdür.
Ulu Öndər Heydər Əliyev digər dövlətlərlə də münasibətlərə önəm verir, çıxışlarında buna diqqət çəkirdi. Ulu öndərin digər dövlətlərlə bağlı fikirlərinə diqqət edək:
- “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır”.
- “Pakistan xalqı bizim üçün dost və qardaş ölkə, xalqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Pakistan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir”.
- “Əsrlər boyu, tarixin bütün zamanlarında Gürcüstan ilə Azərbaycan arasında heç bir nifaq, münaqişə olmamış və bir-birimizlə dostluq, mehribanlıq, qonşuluq şəraitində yaşamışıq”.
- “Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə – dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik.”
- “Azərbaycan öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyasını həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən birləşdirən bir ölkədir. Biz bu tarixi missiyamızı da çox yüksək qiymətləndiririk. Şərq və Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə İslam aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır”.
- “Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar”.
- “Ukrayna olduqca zəngin iqtisadi və intellektual potensiala malik böyük ölkədir. Ukrayna çox mühüm coğrafi-strateji mövqedə yerləşir, müasir beynəlxalq həyatda, dünya siyasətində və Avropa Birliyi strukturlarında əhəmiyyətli rol oynayır. Buna görə də Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın bizim üçün çox böyük əhəmiyyəti var”.
- “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
- “Yaponiya ilə Azərbaycan arasında yaranmış dostluq, tərəfdaşlıq, işgüzar əlaqələr bizim üçün çox əhəmiyyətlidir”.
- “Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri və sıx əməkdaşlıq uğurla inkişaf edir və böyük gələcəyə malikdir”.
Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.
Göründüyü kimi, Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlərini formalaşdırmaq və inkişaf etdirmək üçün böyük bir səy göstərmiş və bu, ölkənin müstəqil bir dövlət kimi beynəlxalq arenada tanınmasına və nüfuz qazanmasına səbəb olmuşdur. Onun rəhbərliyi dönəmində Azərbaycan beynəlxalq arenada daha güclü və təsirli bir mövqe əldə etmişdir.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor
Müzakirə qapadılmışdır.