31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur. Həmin gün bütün dünya azərbaycanlılarının milli qürurunun təntənəsi hesab edilir və eyni zamanda, xalqımızın gələcək nəsillərə ötürüləcək dəyər və ideallarını nümayiş etdirir. Bu bayram azərbaycanlıların bir millət kimi böyük tarixi və mənəvi öhdəliklərini xatırlamaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək üçün ilham qaynağıdır.
Sovet imperiyasının süqutundan sonra Şimali və Cənubi Azərbaycan arasında ayrılıq dirəklərini yıxan insanlar Araz çayı sahilində tarixi birliyə söykənən bir addım atdılar. Hər iki sahildəki azərbaycanlılar öz tarixi köklərinə sadiq qalaraq milli birliyə doğru səylərini artırdılar. Bu hadisələr illərlə davam edən ayrılığın simvolu olan Araz çayını qardaşlıq körpüsünə çevirmək istəyini əks etdirirdi. Bu tarixi hadisə Azərbaycan xalqının təməl birliyini bərqərar etmə yolunda önəmli bir addım oldu.
Bu bayramın rəsmiləşdirilməsi ideyası ilk dəfə 1991-ci ilin dekabrında Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində ortaya qoyuldu. Naxçıvanda keçirilən bu tarixi iclasda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Bu qərar milli birlik uğrunda atılan böyük bir addım kimi qiymətləndirildi və xalqımızın tarixində yeni bir səhifə açdı. Dekabrın 16-da keçirilən iclasda qəbul edilən qərar Azərbaycanın dövlətçilik tarixində həmrəyliyin rəsmi qeyd olunmasının təməlini qoydu. Dekabrın 25-də bu təklif rəsmiləşdi. Naxçıvan Ali Məclisinin Azərbaycan Respublikası Ali Sovetinə müraciəti ilə bu bayram artıq bütün ölkə üzrə qeyd olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis edərək xalqı ideoloji birliyin ətrafında bir araya gətirə bildi. Bu təşəbbüs həm də azərbaycanlıların tarixi və mədəni köklərinə bağlılığını artırmaq məqsədi daşıdı. O, dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı kimi hər zaman soydaşlarımızın qayğıları ilə maraqlanır, onlarla görüşlərə vaxt ayırırdı. Xarici səfərləri ərzində Heydər Əliyev azərbaycanlılarla xüsusi görüşlər təşkil edir, milli dəyərlərimizin qorunmasının əhəmiyyətini vurğulayırdı. Bu yanaşma, xalqın həmrəyliyini təmin etmək məqsədilə Ulu Öndərin müdrik siyasətinin tərkib hissəsi idi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Heydər Əliyevin bu tarixi sözləri dünya azərbaycanlılarının mənəvi birliyinin simvoluna çevrilib. Bu ifadə xalqımızın milli kimliyini və mədəni irsini qorumaq və inkişaf etdirmək üçün bir çağırışdır. Hər bir azərbaycanlının qəlbində bu sözlər milli qürur hissini oyandırır və onları birliyə səsləyir. Bu fikirlər dünya azərbaycanlılarının mənəvi birliyinin, vətən sevgisinin və milli ideologiyanın əsasını təşkil edir.
Prezident İlham Əliyev dünya azərbaycanlıları arasında birliyi möhkəmləndirmək istiqamətində Ulu Öndərin qoyduğu ənənəni layiqincə davam etdirir. Onun rəhbərliyi ilə milli maraqların qorunması istiqamətində irəli sürülən ideyalar diasporumuzun təşkilatlanmasına mühüm töhfələr verir. Prezidentin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlər, onların problemlərinin dinlənilməsi və müzakirəsi bu işlərin əsasını təşkil edir. İlham Əliyev hər zaman xaricdə yaşayan soydaşlarımızın milli maraqlarını müdafiə edir, onların mədəni kimliklərinin qorunması üçün dəstək göstərir. Bu fəaliyyətlər, dünya azərbaycanlılarının milli həmrəyliyinin qorunması və inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Diaspor fəaliyyəti Azərbaycan dövlətinin xarici siyasətinin mühüm bir istiqamətidir. Bu sahədə atılan addımlar soydaşlarımızın milli maraqlarını qorumağa və onları təşkilatlandırmağa xidmət edir. Azərbaycan hökuməti dünya azərbaycanlılarının yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya etmələrini dəstəkləməklə yanaşı, onların milli kimliklərini qorumaq üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələr arasında təhsil proqramları, mədəni tədbirlər və milli bayramların qeyd olunması mühüm yer tutur. Gələcəkdə bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi dünya azərbaycanlılarının daha sıx həmrəyliyini təmin edəcək.
Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.
Vətən müharibəsi xalqımızın birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, – deyə İlham Əliyev təbrikində bildirib. II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə keçmişin nailiyyətlərini xatırlamaq üçün deyil, həm də gələcəyə yönəlmiş baxışları müzakirə etmək üçün bir fürsətdir. Respublikamızın dünya arenasında artan nüfuzu, iqtisadi və mədəni sahələrdəki uğurları, həmçinin diasporamızın fəallığı bu həmrəyliyin əsas sütunlarıdır. Gənc nəsillər üçün milli birlik və həmrəylik ideyalarının ötürülməsi, bu dəyərlərin qorunması və inkişafı bizim ortaq məsuliyyətimizdir.
Bir sözlə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin, həmrəylik və qürurumuzun bariz ifadəsidir. Bu gün xalqımız üçün həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyətə malikdir. Hər bir azərbaycanlı üçün 31 dekabr milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi yolunda bir çağırışdır. Azərbaycanın birliyi və gücü dünya azərbaycanlılarının həmrəyliyində öz əksini tapır və bu ideologiya əbədi olaraq yaşayacaq.
Təranə Mənsurova,
Sumqayıt Tibb Mərkəzi PHŞ
1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin
Baş həkimi
Müzakirə qapadılmışdır.