Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin parlaq təcəssümüdür

191

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm ideoloji və siyasi hadisələrindən biridir. Bu əlamətdar günün təməli Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Daha sonra bu təşəbbüs ölkə parlamenti tərəfindən dəstəklənmiş, 1991-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Ali Soveti 31 dekabrı rəsmi bayram günü elan etmişdir. Beləliklə, bu tarix bütün dünya azərbaycanlılarını bir ideya ətrafında birləşdirən ümummilli bayrama çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin və bərabərliyin dərin mənəvi-siyasi simvoludur. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədlərə doğru yürüşü, süni maneələrin dağıdılması xalqımızın parçalanmış taleyinə etirazı və birləşmək iradəsinin açıq ifadəsi idi. Bu hadisələr bir daha sübut etdi ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq vahid millətdir. Həmrəylik Günü məhz bu tarixi yaddaşın, milli dirçəlişin, müstəqil dövlətçilik uğrunda səfərbərliyin və gələcəyə inamın təcəssümüdür.

Dünya azərbaycanlılarının həmrəyliyinin ideoloji əsaslarını yaradan və bu prosesi ardıcıl dövlət siyasətinə çevirən Ulu Öndər Heydər Əliyev bu sahədə müstəsna xidmətlər göstərmişdir. O, həmrəyliyin yalnız bir bayram çərçivəsində deyil, daimi və məqsədyönlü fəaliyyət kimi formalaşmasını vacib sayırdı. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşür, onların problemləri ilə maraqlanır, təşkilatlanmanın gücləndirilməsi üçün konkret tövsiyələr verirdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir… Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı bu gün də hər bir soydaşımız üçün milli qürur manifesti kimi səslənir.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısı xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşləri daim prioritet məsələ kimi diqqətdə saxlayır, diasporla əlaqələrin müstəqil dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu sahəsində institusional islahatlar aparılmış, 2008-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2018-ci ildə Azərbaycan Diasporuna Dəstək Fondu təsis edilmiş, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə bu sahədə fəallıq təşviq olunmuşdur. Bu tədbirlər dünya azərbaycanlılarının daha sıx təşkilatlanmasına güclü impuls vermişdir.

Dünya Azərbaycanlılarının Qurultayları milli birliyin beynəlxalq miqyasda möhkəmlənməsində mühüm mərhələlərdir. 2001-ci ildə keçirilmiş I Qurultaydan başlayaraq bu proses ardıcıl şəkildə inkişaf etmiş, xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən V Qurultay – Zəfər Qurultayı tarixə qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyevin həmin Qurultaydakı çıxışı dünya azərbaycanlılarının Zəfər ruhu ətrafında birləşdiyini, müstəqil Azərbaycanın artıq qalib dövlət kimi yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Qurultayda qəbul edilən müraciətlər və qətnamələr diaspor fəaliyyətinin beynəlxalq müstəvidə daha sistemli və təsirli olmasına xidmət edir.

Vətən müharibəsi isə dünya azərbaycanlılarının həmrəyliyini real siyasi və mənəvi gücə çevirdi. Müharibə dövründə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün misilsiz fəallıq göstərdilər, düşmənin və anti-Azərbaycan dairələrinin təxribatlarına qarşı qəti mövqe nümayiş etdirdilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu fədakar fəaliyyət Qələbəmizin ayrılmaz tərkib hissəsi oldu. “Dəmir yumruq” yalnız hərbi qələbənin deyil, həm də milli birliyin rəmzinə çevrildi.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayan on milyonlarla azərbaycanlını vahid ideya ətrafında birləşdirən güclü mənəvi platformadır. Diasporumuz yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır. Qələbə ilə möhkəmlənmiş bu birlik sübut edir ki, müstəqil Azərbaycan dünya azərbaycanlıları üçün təkcə Vətən deyil, həm də qürur, güc və ümid mənbəyidir.

Samir Şəfiyev, Sumqayıt Dövlət Dram Teatrının direktoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər