Dünyanı məmnun edən 13 gün: nəticələr və perspektivlər

274

COP29-un keçirildiyi bu 13 gündə dünyanın gözü Bakıda idi. Bəşəriyyəti ciddi şəkildə narahat edən problemlərin həlli yollarının tapılması əsas məqsəd kimi qarşıya qoyulmuşdu. Planetimizin hər yerindən 100 milyonlarla insan həyəcanla qəbul ediləcək qərarları gözləyirdi. Bakı dünyanın ümid mərkəzinə çevrilmişdi və bu gözləntilər özünü doğrultdu.

Bakıda keçirilən COP29-un fəaliyyətinə kölgə salmaq istəyənlərin riyakar niyyətləri və bədxah arzuları puç oldu. Xüsusilə Fransanın müxtəlif strukturlar vasitəsilə COP29-a qarşı qərəzli çağırışları tərs şapalaq kimi üzlərinə çırpıldı. Yüz illərdir dünya xalqlarının sərvətlərini talayan və dünyaya “demokratiya” sırıyanların bəd niyyətləri baş tutmadı. COP29 yüksək səviyyədə və analoji keçirilən COP-lara etalon kimi reallaşdı. Hər xırda detal belə təşkilatçılar tərəfindən nəzərə alınmışdı. Müxtəlif ölkələrdən gələn iştirakçıların COP29 haqqında müsbət fikirləri və heyranlıqları bütün dünyanı dolaşmaqdadır.

BMT rəhbərliyinin fikirləri də bu deyilənləri tamamilə təsdiqləyir. Baş katib Antonio Quterreşə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. COP29-da 196 ölkənin nümayəndələri iştirak etmişdir. 80 dövlətin prezident, vitse-prezident və baş nazirlərinin iştirakı qeydə alınmışdır. Bunlarla bağlı Prezident İlham Əliyev bildirmişdir ki: “Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”. Daha sonra, dövlət başçısına görə “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı.

COP29 sessiyasının 13 yekununu və nəticələri aşağıdakılardır:

1. COP29-un keçirilməsi ilə bağlı yaradılan şərait, təşkilati tədbirlər bütün iştirakçıların məmnunluğuna səbəb olmuşdur. Təhlükəsizlik tədbirləri, nəqliyyat sistemi və qonaqların yerləşdirilməsi məsələləri ən yüksək səviyyədə həll edilmişdir.

2. 2015-ci ildə Paris sazişində iqlim dəyişmələri ilə bağlı danışıqların əsas iştirakçı dövlətlərinə 2025-ci ilədək yeni sazişi hazırlamaq vəzifəsi hədəf kimi irəli sürülmüşdü və Bakıda keçirilən COP29-da bu gözləntilər reallaşdırıldı.

3. Paris sazişinin 6-cı maddəsi real işlək rejiminə gətirildi. Bu isə ətraf mühitin qorunmasının kompleks baxılması, şəffaflığın, həmçinin karbon bazarlarının dayanıqlılığının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

4. COP29-da Bakı Maliyyə Məqsədi barəsində razılığa nail olunub. Məhz bu sənəd inkişaf etməkdə olan ölkələr üçün 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin yönəldilməsini özündə ehtiva edən yeni öhdəliklər formalaşdırmışdır. 2035-ci ilədək hər il 300 milyard dollar vəsaitin cəlb edilməsi əsas hədəflər kimi qəbul olunmuşdur.

5. Bu mötəbər tədbirdə Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini qeyd etmişlər.

6. COP29-da İtki və Zərər Fondunun təşkilati problemləri əsasən həll olundu. Bu fondun başlıca missiyası iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalan ölkələrə maliyyə yardımını təmin etməkdir. Artıq Fondun 2025-ci ildən fəaliyyətə başlaması üçün ciddi maneə yoxdur. Bu Fondun ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollar səviyyəsindədir.

7. Bakıda keçirilən tarixi tədbir qlobal iqlim dəyişmələri problemlərindən daha çox zərərçəkən kiçik ada dövlətlərinin qarşılaşdığı çətinliklərin həlli baxımından böyük önəm kəsb etdi. Belə ki, İtki və Zərər Fondunun gələn ildən fəaliyyətə başlaması bu problemlərin həllinə əməli töhfələr verəcəkdir.

8. Paris sazişinin 13-cü maddəsi üzrə İkillik Şəffalıq Hesabatlarının hazırlanması, həmçinin inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul edilib.

9. Qlobal İqlim Şəffaflığı Platforması yaradılıb və Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul edilib. Yəni COP29-un başlıca prioritet məsələlərindən biri kimi – İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi razılaşdırılıb.

10. COP29-da Bakı Adaptasiya Yol Xəritəsi yaradılıb. Bu platformanın əsas missiyası dialoqların təşkili və inkişaf etməkdə olan ölkələrin maraqları kontekstində adaptasiya məsələsinin hər il keçiriləcək COP-larda müzakirə olunmasının təmin edilməsidir.

11. Bakıda keçirilən COP29 həm də İqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi adlandırılıb. Eyni zamanda 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olunub. Halbuki bu istiqamətdə uzun illərdir yalnız danışıqlar gedirdi.

12. Hələ əvvəlcədən COP29-u İqlim Maliyyəsi tədbiri kimi xarakterizə edirdilər. Deyə bilərik ki, bu gözləntilər özünü doğrultdu. Bakıda keçirilən tədbirdə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsünün əsasında kiçik və orta sahibkarlığın “yaşıl keçid”i üzrə yeni Bakı İqlim Koalisiyası elan olundu.

13. “Yaşıl enerji” layihələri prioritetlik səviyyəsinə qaldırıldı. Təmiz enerji təşəbbüslərindən ötrü 193 milyon dollarlıq maliyyə paketi dəstəkləndi. Enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edildi və bunu 150 Tərəf təsdiq etdi. Azərbaycandan dünyaya “yaşıl enerji” təşəbbüsləri barədə ciddi mesajlar verildi. Tədbir çərçivəsində bir sıra “yaşıl enerji” layihələri üzrə razılıqlar əldə olundu, niyyət memorandumları imzalandı. Avropa Birliyi və 25 ölkə enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdim etmə niyyətlərini bildiriblər.

Bunlarla bərabər, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı qəbul olunmuş, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü əsasında Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradılmışdır. Digər tərəfdən, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə qəbul olunmuşdur və əsas məqsəd metan emissiyalarının azaldılmasıdır. Həmçinin Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsinin qəbul edilməsini, Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyasının yaradılmasını, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsini və İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsini qeyd etmək mümkündür.

Bunlarla yanaşı, Çoxtərəfli İnkişaf Bankları 2030-cu ilə qədər olan dövr üçün iqlim tədbirlərinə ildə 170 milyard ABŞ dolları yönəltməyi hədəfləyiblər. Təqdirəlayiq haldır ki, bunun 120 milyard dolları aşağı və orta gəlirli ölkələrə veriləcəkdir. Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında müxtəlif investor qruplarının iqlim bazarlarına özəl kapital yerləşdirilməsi hədəfi qarşıya qoyulmuşdur.

Əminliklə demək olar ki, Bakıda keçirilən COP29-da nəzərdə tutulan və hədəflənən təşəbbüslər və məsələlər yüksək səviyyədə həllini tapmışdır. Bakı – sivilizasiyanın iqlim dəyişmələri problemlərindən qorunmasına ciddi töhfələr vermişdir. Hesab edirik ki, COP29-da əldə olunan nəticələr və nailiyyətlər yaxın və uzaq perspektivdə qlobal iqlim problemlərinin aradan qaldırılmasında tarixi strateji rol oynayacaqdır.

Şəfa ƏLİYEV, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər