– Xilas olduq! Ceyran buraları görsəydi, yaxşı olardı. İndi qalır geri qayıtmaq.
Su dolablarını doldurub çiyninə aldı. Boz torpaqları ayaqlayaraq geriyə addımladı. Sevinci yerişindən də görünürdü. Çünki qəbiləsinin ona verdiyi tapşırığı yerinə yetirmişdi”.
Elə o zamanlardan insanlar bura ayaq açaraq binə qurdular. Yaxınlıqdakı gölə də Ceyranbatan dedilər.
Tarix ötən illərin xronikasıdır. Sumqayıtın indiki əraziləri bir çox hadisələrin, şəxsiyyətlərin, böyük orduların köç yolu olub.
Sumqayıt Abşeron yarımadasının şimal-qərbində, Xəzər sahilində, Sumqayıtçayın mənsəbindəki düzənlikdə yerləşir. Onu paytaxt Bakıdan 31 kilometr məsafə ayırır. Dəniz səviyyəsindən 26 metr yüksəklikdə yerləşən ərazi iqlim baxımından quru subtropik, relyefi düzənlik, yarımsəhra, bitki örtüyü seyrəkdir, şimaldan xəzri, cənubdan gilavar küləkləri xarakterikdir. Hazırda şəhərin ərazisi 94,17 kvadrat kilometrdir.
Ədəbiyyatda toponimiyanın “Suqayıt”, “Sumqay”, “Sukait” variantları məlumdur. XIII əsr yazarı Fəzlullah Rəşidəddin yazırdı: “Sumqayıt sözü XIII əsrdə Yaxın Şərqin monqollar tərəfindən fəthi zamanı buraya gəlmiş sukait türk-monqol tayfalarının adından əmələ gəlmişdir”.
1580-ci ildə ingilis səyyahı Xristofor Berrou Qafqaza həsr etdiyi monoqrafiyasında Sumqayıtın adını çəkmişdir. O öz yol qeydlərində “Sumqayıtçay”ın və çayın üzərində salınmış taxta körpünün varlığını xüsusilə qeyd etmişdir.
Miladdan əvvəl II əsrdən etibarən Çinin Sinan şəhərindən başlayaraq Şərq ölkələrindən keçən Böyük İpək yolunun bir qolunun orta əsrlərdə Xəzər dənizinə yaxın olan Sumqayıtın ərazisindən keçdiyini inamla deyə bilərik. Bu ərazidə yeganə su mənbəyi olmuş Sumqayıtçay öz başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacından, Dübrar dağının zirvəsindən götürür. Yağış, sel suları ilə çoxalan Sumqayıtçayın mühüm qolları Çigil və Kəndadır. Yuxarı axınında Quzduçay, Qozluçay, Cəngiçay adlanan bu çayın uzunluğu 198 kilometrdir.
XVIII əsrin 30-cu illərində alman səyyahı İ.Lerx özünün yol qeydlərində bu ərazidən axan çay və onun üzərində salınmış daş körpü haqqında məlumat verib. Bu fikir çay üzərində salınmış taxta körpünün sonralar daşla əvəz olunması fikri ilə üst-üstə düşür. XIX əsrin ortalarında rus səyyahı İvan Berezin yol qeydlərinə Sumqayıtçay haqqında bu fikirləri yazmışdır: “Bəzən bu çaya Suqayıt deyərdilər…”
Yaxın Şərq ölkələri ilə Qərbi Avropa arasında ticarət əlaqələri quran tacirlər Sumqayıtçayın hər iki sahilində salınmış, əsrlərin yadigarı karvansaralarda dincəlirdilər. XVI-XVII əsrlərə aid edilən karvansaralardan birinin özül daşlarının qalıqları Xızının (əvvəllər Abşeronun) Giləzi kəndində aşkarlanmışdır. 1938-1939-cu illərdə tədqiqatçı alimlər N.Mel, E.Paxomov digər karvansaranın qalıqları üzərində tədqiqat apararaq, qədim tikililərin orta əsrlərə deyil, daha uzaq keçmişə aid olduğunu bildirmişlər.
Məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahət edərkən özünün yol qeydlərinə bu sətirləri də yazmışdır: “Dənizdən iki kilometr aralıda azərbaycanlıların çadır düşərgəsi yerləşirdi. Düşərgə artıq xarabalığa çevrilmiş karvansaranın yanında, düzənliyin ortasında salınmışdı. İlk olaraq karvansara haqqında məlumat toplamağa çalışdıq. Bəlli oldu ki, karvansaranı Şah Abbas tikdirib…” Karvansaradan əlavə, o, Sumqayıt poçt məntəqəsinin də adını çəkir. Yazıçının yol qeydləri əsasında tərtib olunmuş “Qafqaz səfəri” kitabında karvansaranın xarabalıqları yanında su ovdanının da varlığı diqqətdən yayınmır. Xanım Əliabbasqızının müəllifi olduğu “Corat. Tarixin bir parçası” kitabında da bu fikrə rast gəlinir: “Şah Abbas su ovdanları da tikdiribmiş. Bu gün onlardan biri superfosfat zavodunun arxasında qalmaqdadır…” Etnoqraf Əli Hüseynzadənin “Abşeron yarımadasının etnik toponimiyaları haqqında: Corat, Saray, Sumqayıt” məqaləsindən aydın olur ki, Abşeronda Sumqayıt adında 4 müxtəlif obyekt olmuşdur: poçt məntəqəsi, mayak, çay, dəmiryol stansiyası. Şəhərin adı bu çayla bağlıdır.
Sumqayıta yaxın yaşayış məskəni olan Coratın yaşı iki min ilə yaxındır. Yerli yazarların “Sumqayıtın İçərişəhəri” adlandırdığı Corat sözünün tarixi mənbələrdə etimoloji baxımdan bir neçə mənası var. Belə ki, bəzi mənbələr bu sözün “cürət” sözündən yarandığını iddia edirlər. Burada yerləşən qalanın “Cürət qalası” kimi tarixə düşməsi ehtimalı var. Bu qalanın Simu pəhləvan tərəfindən mühafizə olunması haqqında rəvayətlər çoxdur. Bəzi mənbələrdə bu söz “çor at” yəni “tor at” anlamını verir. Bu fikir yerli sakinlərin balıqçılıqla məşğuliyyətindən yaranmışdır. “Çor at” ifadəsinin digər anlamı ətraf yerlərdə salınmış üzüm bağlarına düşən “çor” xəstəliyi ilə izah olunur. Corat sözünün curyat tayfalarının adından əmələ gəlməsi ilə bağlı fərziyyələr də mövcuddur. Mənbələr göstərir ki, Sumqayıt coratlıların bağ-bostan sahələrinin yerində salınıb. Bağların bir ucu Pirəkəşkülə, o biri ucu Şurabada gedib çıxır. Ola bilsin ki, həmin ərazilərdən kənarda yaşayan insanlar bura balıq tutmaq üçün gəlirdilər. Səhərdən-axşama kimi balıq vətəgələrində, bəy torpaqlarında işləyən kəndlilərə cüzi əməkhaqqı verilirdi. Bəylərin torpaqları boyunca karvan yolu uzanırdı. İndiki şəhərin ərazisində evlərin salınmaması işçi qüvvəsinin kənardan gələrək axşamlar evlərinə qayıtmaqları ilə bağlı olmuşdur. Ətraf kəndlərin əhalisi üçün bura dolanacaq yeri idi. Həmin dövrlərdə kəndlilər Şamaxıya dəvə və eşşəklərlə tuluqlarda Xəzərdən çıxardıqları nefti, torbalarda duzu, qurudulmuş balıqları aparıb satardılar.
Tarixi mənbələr Coratda yeddi karvansaranın mövcud olduğunu göstərir: Hacı Əmrulla bəy karvansarası, Hacı Güləhməd karvansarası, Hacı Hümbət karvansarası, Kərbəlayı Baladayı karvansarası, Hacı Zair karvansarası, Sahibcan karvansarası, Hacı Kiçikbəy karvansarası. Coratda inşa edilmiş dörd məscidin ikisi 1937-ci ildə dağıdılıb. Coratlılar məscidləri dağıdan adamların hamısının müxtəlif xəstəliklərdən öldüyünü bildirirlər. Elə bu səbəbdən yerli hakimiyyət orqanları digər dini ocaqlara toxunmaqdan ehtiyat edirlər. Sakinlər arasında qadın məscidi kimi tanınan məscidlərdən biri Hacı Kiçikbəyin adı ilə bağlıdır. Cümə və Gülxatın məscidləri bu günə kimi qalmaqdadır. Bir hissəsi pir olan Cümə məscidi hicri təqvimilə 409-cu ildə (988-ci il) Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunub. Xanım Kərbəlayı Gülxatına məxsus ev hal-hazırda Gülxatın məscidi (XVIII əsr) kimi tanınır. Ümumiyyətlə, Kərbəlayı Gülxatının sahibəsi olduğu torpaq sahəsini əhatə edən qəbiristanlıqdakı sərdabalar, qəbirüstü yazılar, kitabələr Coratın elə tarix qədər qədimliyindən xəbər verir.
Corat qəsəbəsindəki Hacı Məcid hamamı XVI əsrin memarlıq nümunəsidir. Kükürdlü suyu ilə məşhur olmuş hamam hazırda yeraltı abidə kimi qorunur. Əmrulla bəyin sifarişi ilə tikilən ikinci hamamın tarixi XVII əsrdən hesablanır. Xeyirxah əməl sahibindən yadigar qalan bu hamam günbəzşəkilli olub dövlət tərəfindən mühafizə edilən abidələr siyahısındadır.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Bakı şəhərindən 40 kilometr şimalda, Xəzər dənizi və Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan düzənlikdə yerləşir. Onu Sumqayıt şəhərindən 10 kilometr məsafə ayırır. Burada ilk yaşayış məskəni vaxtı ilə “Təkə qumu” kimi tanınmış Pirəkəşkül kəndi olmuşdur. Əvvəlki adı “Nasoslu” olan qəsəbənin adı 7 fevral 1991-ci il tarixdən etibarən dəyişdirilərək məşhur neft maqnatı Hacı Zeynalabdin Tağıyevin adı ilə adlandırılmışdır.
XX əsrin əvvəllərində H.Z.Tağıyev Bakı və ətraf rayonlarda əhalinin sürətli artımı ilə əlaqədar yaranan su problemini aradan qaldırmaq üçün Şollar su kəmərinin tikintisinə şəxsi büdcəsindən pul ayırmışdır. Avropa ölkələrinə səyahət edərkən o, Almaniyanın Frankfurt-Mayn şəhərində müasir standartlara cavab verən su təchizatının rəhbəri Vilyam Lendleyn ilə tanış olmuş, Azərbaycanda da bu layihənin həyata keçirilməsi üçün onu Bakıya dəvət etmişdir. 1903-cü ildən tikintisinə başlanan Şollar su kəmərinin bir hissəsi H.Z.Tağıyev qəsəbəsindən keçir. Üzərində 1916-cı il tarixi göstərilən, Şərq memarlığının təcəssümü olan nasos su qurğusu tarixi abidə kimi bu gün də mühafizə olunur.
Sumqayıt şəhərinin məhz belə bir ərazidə salınmasının tarixi ötən əsrin 30-cu illərinə təsadüf edir. Sovet dövləti kollektivləşmədən sonra sənayeləşmə siyasətini həyata keçirirdi. 1934-cü ildə SSRİ Ağır Sənaye Xalq Komissarlığının kollegiya iclasında kimya, qara və əlvan metallurgiya müəssisələrinin yerləşdirilməsi üçün ərazi seçmək məsələsi müzakirə olunur. İstilik elektrik stansiyası və digər sənaye müəssisələrinin yerləşdirilməsi üçün münasib seçilən ərazi Bakıdan 40 kilometr aralı, Sumqayıt dəmiryol stansiyasından çox da uzaq olmayan bir məsafədə torpaq sahəsinin ayrılması məqsədəuyğun sayılır. Eyni zamanda, dəniz səviyyəsindən yüksəkliyi nəzərə alınaraq burada pansionat tipli sanatoriyaların salınması da araşdırılır. Bakı-Rostov-Moskva dəmiryol xəttinin yaxınlığı bu ərazinin sənaye sahəsi üçün seçilməsinə zəmin yaratmış olur. Burada respublikanın sənaye sahələri ilə texnoloji əlaqə yaratmaq, Azərbaycanda kimya və metallurgiya sənayesini inkişaf etdirmək qərara alınır. Yeni şəhərin yaranması paytaxt Bakının daha da inkişafına təkan verəcəkdi.
1936-1938-ci illərdə şoran düzəngahda taxta tikililər – baraklar meydana gəldi. Lənkəran, Astara, Şəki, Zaqatala, Gəncə, Qazaxdan, həmçinin Moskvadan, Novosibirskdən, Vladivostokdan, Ukraynanın Dnepropetrovsk, Belarusun Mogilyov şəhərlərindən gəlmiş gənclər inşaat işlərinə cəlb olundular. 1939-cu ildən etibarən yeni işlənmiş plan əsasında Sumqayıtın sənaye müəssisələrinin tikintisi başlandı. İlk quruculardan olan Aslan Osmanov, Məzahir Abdullayev Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
1939-cu ildən dünyada gedən proseslər, Böyük Vətən müharibəsinin başlanması inşaat işlərini yarımçıq qoydu. İşləməyə gələn insanların yarıdan çoxu müharibəyə çağırıldı. Onlardan biri tikintidə bənna işləyən, Tambov vilayətindən olan Yakov Sinyov döyüşlərin birində 30-dan çox alman əsgər və zabitini məhv etmiş, 1943-cü ilin aprelində Krımsk uğrunda vuruşmada qəhrəmancasına həlak olmuşdur. Düşmənin atəş nöqtəsini susdurmaq üçün sinəsini pulemyot lüləsinin qabağına verərək qəhrəmancasına həlak olan Yakov Sinyovun ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Krımsk şəhərindəki qardaşlıq qəbiristanlığında 40 nəfər azərbaycanlı döyüşçü ilə birgə sumqayıtlı Sovet İttifaq Qəhrəmanı Yakov Sinyov da uyuyur.
Müharibə illərində minlərlə alman əsir Sumqayıta gətirilir və burada quruculuq işləri ilə məşğul olurlar. Hazırda Sumqayıtda həmin əsirlərin qəbiristanlığı var. Sonradan onların çoxu Almaniyaya qayıdır. Bir çox əsirlər sonrakı xatirələrində Sumqayıtla bağlı xoş sözlər söyləmiş, bu şəhərin sakinləri barədə öz həmvətənlərinə danışmışlar. Bəlkə də elə bu səbəbdəndir ki, Sumqayıt beynəlxalq aləmdə xoş imic qazanmışdır.
Sumqayıtın ilk müəssisəsi – istilik elektrik stansiyası hələ müharibə başlamamışdan əvvəl ilk məhsulunu vermişdi. 1941-ci il fevral ayının 13-də müəssisənin I generatoru Bakının neft sənayesinə ilk elektrik cərəyanı verib.
Müharibə illərində də İES tam gücü ilə işləmiş, müəssisə müharibə illərində özünün qəzasız, fasiləsiz işinə görə dəfələrlə mükafatlandırılmışdır. Müharibə illərində Sumqayıt ərazisində tikinti işləri davam etdirilmiş, 1943-cü ildə M.Əzizbəyov adına Sumqayıt Kimya Zavodunun təməli qoyulmuşdur. 1944-cü ildə isə istilik elektrik stansiyasının tikintisi davam etdirilərək “İnşaat – montaj” hərbi hissəsi yaradılmış, 1947-ci ildə isə müəssisə “Zaqsənayeinşaat” tresti adlandırılmışdı.
Müharibədən sonra nəhəng sənaye müəssisələrinin – boru-yayma, sintetik kauçuk zavodlarının tikintisinə başlanılmışdı. Bakı, Gəncə, Neftçala kimi mərkəz rolunu oynayan şəhərlər sırasına 1945-ci ildən qoşulan Sumqayıt liderlik zirvəsinə ucala bilmiş, kustar üsulla fəaliyyət göstərmiş “Tuqzavod” əsasında işə düşən ilk kimya zavodunda – “Ozero”da həmin ilin aprel ayında kaustik soda alınmışdı. Sonralar Səthi Aktiv Maddələr Zavodu kimi tanınan müəssisə,1952-ci ildə ilk məhsulunu vermiş Sumqayıt sintetik kauçuk zavodu (1960-cı ildən sintez kauçuk zavodu kimi tanınıb) ilə bir sırada dayanmışdı. Sovetlər birliyində ilk dəfə olaraq sintetik etil spirtinin bu müəssisədə alınması ilə Sumqayıt daha bir ilkə imza atmışdı. Hələ müharibə illərində A.Hitler özünün məşhur “Barbarossa” planına Bakının neft mədənləri ilə yanaşı, Sumqayıtın sintetik kauçuk zavodunun da zəbt olunmasını daxil etmişdi. Çünki zavodda dünyada ilk dəfə olaraq Lebedev üsulu ilə sintetik kauçuk alınacaqdı. Şin, konveyer lentlərinin və digər rezin məmulatların hazırlanması üçün sintetik kauçuk vacib xammal idi. Zavodun idarə olunması üçün hətta Hitler Xayo Eylers adlı bir şəxsi direktor da təyin etmişdi.
1946-1949-cu illərdə sənayenin aparıcı müəssisəsi hesab olunan boruyayma zavodunda (1960-cı ilədək Bakı Prokat Zavodu, 20 aprel 1969-cu il tarixli fərmana əsasən V.İ.Lenin adına Azərbaycan Boru Prokat Zavodu adlanmışdır, indiki “Azərboru” ASC) 3 əsas sex (marten, boru – yayma və yayma), habelə köməkçi sexlər (tökmə, buxar-güc, oksigen, mexaniki-təmir) istifadəyə verilmişdir. 20 yanvar 1949-cu ildə zavodda ilk çuqun ərintisi alınmışdı. Həmin ildə əlvan metallurgiyanın ilki – Sumqayıt Alüminium Zavodunun tikintisi başlandı. Sənaye müəssisələrinin tikintisi Sumqayıt rayonunu o qədər genişləndirdi ki, 22 noyabr 1949-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə Sumqayıt respublika tabeliyində olan şəhərlər kateqoriyasına daxil edildi.
İnsanın gücü bir də onun məskən salmaq bacarığındadır. Həmişə insanlar bir yerə yığışaraq çətinlikləri dəf etdikləri kimi, bir yerdə yaşamağı da vacib sayırlar. 82 xalqın nümayəndəsinin məskunlaşdığı bu şəhərdə əgər 1939-cu ildə 6400 nəfər yaşayırdısa, 1949-cu ildə bu rəqəm 17200 olmuşdur. O cümlədən, şəhərin ilk sakini olan ailə Sumqayıtın birinci kompensasiya alan adamı olmuşdur. Şəkildə görünən evin sakinini başqa əraziyə köçürmək məqsədilə həmin ailəyə pul ayrılmışdır. O günlərdən qalan bu yadigar şəkil tarixin bir səhifəsinə çevrilmişdir.
1949-cu ildən başlanan ömür yolu müxtəlif pillələri ötərək irəliləməyə başladı. SSRİ-nin hər tərəfindən minlərlə gənc bu şəhərə yol aldı. Beləcə, bu gün öz inkişaf tempinə görə Cənubi Qafqazın iri sənaye şəhəri olan Sumqayıt böyüdü.
Akif ƏLİYEV,
“Azərbaycan”
Müzakirə qapadılmışdır.