Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ötən ilin yekunları və qarşıdakı mərhələlər baxımından mühüm siyasi-sosial məqamları özündə cəmləşdirən strateji sənəd mahiyyəti daşıyır. Dövlət başçısı 2025-ci ili haqlı olaraq Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirərək, Ermənistan–Azərbaycan münaqişəsinə yalnız hərbi deyil, həm də siyasi müstəvidə tam və qəti şəkildə son qoyulduğunu vurğuladı. Bu reallıq ilk növbədə cəmiyyətin bütün sahələrində, xüsusilə də təhsil və elmin inkişafı üçün sabit və təhlükəsiz mühitin formalaşmasına şərait yaradır. Uzun illər müharibə şəraitində yaşayan bir xalq üçün sülh dövrünə keçid yalnız siyasi deyil, həm də intellektual inkişaf baxımından yeni mərhələnin başlanğıcıdır.
Müsahibədə sülhün artıq real həyatın tərkib hissəsinə çevrilməsi və onun bəhrələrinin qısa müddətdə hiss olunması xüsusi olaraq qeyd edildi. Sabitlik, təhlükəsizlik və gələcəyə inam cəmiyyətin mənəvi-psixoloji durumunu möhkəmləndirməklə yanaşı, təhsilə və elmə münasibətdə də yeni yanaşmalar formalaşdırır. Tarixən sübut olunub ki, müharibə şəraiti düşünən, araşdıran, yaradan insan kapitalının inkişafını məhdudlaşdırır. Bu baxımdan Prezidentin müsahibəsində sülh mühitinin uzunmüddətli inkişaf üçün əsas şərt kimi təqdim olunması təhsil ictimaiyyəti üçün də mühüm mesajdır.
Dövlət başçısının iqtisadi dayanıqlılıqla bağlı səsləndirdiyi fikirlər də təhsil sisteminin inkişafı ilə bilavasitə bağlıdır. Beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini yüksəltməsi, xarici borcun ÜDM-də payının minimum səviyyəyə endirilməsi və böyük maliyyə ehtiyatlarının mövcudluğu göstərir ki, dövlət gələcəyə hesablanmış siyasət yürüdür. Güclü iqtisadi baza isə elm və təhsilə ayrılan vəsaitin davamlılığını təmin edən əsas amillərdən biridir. Təhsil xərcləri sadəcə sosial məsrəf deyil, strateji investisiya kimi qiymətləndirildikdə cəmiyyətin intellektual potensialı da yüksəlir.
Prezident İlham Əliyevin regional inkişaf, infrastruktur və kommunal xidmətlərlə bağlı açıqlamaları da təhsil baxımından əhəmiyyətlidir. Su-kanalizasiya sistemlərinin yenilənməsi, nəqliyyat problemlərinin həlli, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması birbaşa olaraq insan həyatının keyfiyyətinə təsir göstərir. Keyfiyyətli həyat mühiti isə təhsilin əlçatanlığını və davamlılığını artırır. Xüsusilə regionlarda məktəblərin, ali və orta ixtisas təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi üçün bu cür infrastruktur layihələri həlledici rol oynayır.
Müsahibənin əsas ideya xəttini isə şübhəsiz ki, elm və təhsillə bağlı səsləndirilən strateji yanaşma təşkil edir. Prezident İlham Əliyevin “inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil və elmlə bağlıdır” fikri müasir dövrün dəyişməz həqiqətidir. Elm və Təhsil Nazirliyinin yaradılması, elmi institutların ali məktəblərlə inteqrasiyası, struktur və kadr islahatları göstərir ki, dövlət elmi yalnız formal fəaliyyət sahəsi kimi deyil, real inkişaf aləti kimi görür. Elmi potensialın beynəlxalq jurnallarda dərc olunan tədqiqatlarla ölçülməsi yanaşması keyfiyyətə əsaslanan sistemin qurulmasına xidmət edir.
Son 20 ildə ölkədə yeni ali təhsil müəssisələrinin yaradılması, o cümlədən xarici tərəfdaşlarla birgə universitetlərin fəaliyyətə başlaması Azərbaycanın qlobal təhsil məkanına inteqrasiyasının göstəricisidir. Xankəndi Universitetinin yaradılması isə həm simvolik, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin sosial təminatının gücləndirilməsi və peşəkarlığın artırılması istiqamətində görülən işlər uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarındandır. Dövlət başçısının vurğuladığı kimi, təhsil zəifləyərsə, enerji resursları tükəndikdən sonra ölkəni ciddi problemlər gözləyə bilər.
Gənclər siyasəti və kadr islahatları da müsahibədə geniş yer aldı. “Yüksəliş” proqramı, xaricdə təhsil alıb Vətənə qayıdan mütəxəssislərin dövlət və özəl sektorda fəal iştirakı göstərir ki, insan kapitalı Azərbaycanın əsas sərvəti kimi dəyərləndirilir. Cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsi ayrı-ayrı istedadların deyil, bütöv bir nəsilin formalaşmasına zəmin yaradır. Təhsil sisteminin gücü də məhz burada ölçülür – istisnalar deyil, davamlı keyfiyyət yaratmaq bacarığında.
Nəticə etibarilə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə təkcə ötən ilin yekunlarına dair hesabat deyil, həm də Azərbaycanın gələcək onilliklər üçün inkişaf fəlsəfəsinin təqdimatıdır. Bu fəlsəfənin mərkəzində isə elmli, savadlı, düşünən və məsuliyyətli vətəndaşın yetişdirilməsi dayanır. Əməkdar müəllim kimi bu müsahibəni təhlil edərkən əminliklə demək olar ki, aparılan islahatlar düzgün istiqamətdədir və təhsil–elm sahəsində atılan addımlar Azərbaycanın dayanıqlı və təhlükəsiz gələcəyinin əsas təminatıdır.
Mətanət Pirquliyeva, SDU-nun dosenti, Əməkdar müəllim


Müzakirə qapadılmışdır.