2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı həm elmi, həm ideoloji, həm də strateji baxımdan əlamətdar nitq kimi tarixə düşdü. Prezidentin çıxışı təkcə elm və təhsilin inkişafına dair proqram xarakterli tezisləri deyil, eyni zamanda Azərbaycanın son onillikdə keçdiyi yolun, qazandığı Zəfərin, müasir texnoloji çağırışlara cavab vermək istiqamətində müəyyənləşdirilən prioritetlərin dərin təhlilini əks etdirdi. Nitq həm elmin milli təhlükəsizliklə, iqtisadiyyatla və dövlət idarəçiliyi ilə əlaqələndirilməsi baxımından, həm də ideoloji məzmun baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan elmi 80 il ərzində müxtəlif ictimai-siyasi sistemlərdə fəaliyyət göstərsə də, hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Akademiya bu illər ərzində ölkədə elmin təşkilatlanmasında, intellektual mühitin formalaşmasında və elmi-tədqiqat bazasının inkişafında aparıcı rol oynayıb. Dövlət başçısı vurğuladı ki, bu ənənə Azərbaycan xalqının elminə olan hörmətinin göstəricisidir.
Prezident İlham Əliyev nitqinin geniş bir hissəsini Ulu Öndər Heydər Əliyevin elmin inkişafındakı tarixi xidmətlərinə həsr etdi. O, qeyd etdi ki, hələ 1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə AMEA-nın fəaliyyəti təkmilləşdirilmiş, yeni institutlar yaradılmış və elmin maddi bazasının möhkəmləndirilməsinə böyük vəsait ayrılmışdır. Məhz həmin dövrdə yüz minlərlə gəncin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi nəticəsində Azərbaycanın intellektual potensialı formalaşmışdır.
Dövlət başçısı bu siyasətin müstəqillik illərində də ardıcıl davam etdirildiyini vurğuladı: “Bu gün də on minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır, Vətənə qayıdaraq ölkəmizin inkişafına dəyərli töhfələr verirlər.”
Prezident İlham Əliyev 1990-cı illərin ağır sosial-iqtisadi dövrünü xatırladaraq bildirdi ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə böyük böhrandan xilas olub. Müstəqilliyin ilk illərində maliyyə imkanları demək olar ki, yox səviyyəsində olsa da, Akademiyanın və alimlərin fəaliyyətinə vəsait ayrılması prioritet hesab edilirdi. Bu fakt bir daha təsdiqləyir ki, elm Azərbaycanın milli kimliyinin qorunmasında əsas dayaqlardan biri olmuşdur.
Dövlət başçısı öz prezidentlik dövründə elmin inkişafı istiqamətində həyata keçirilən tədbirləri xronoloji ardıcıllıqla xatırlatdı. Son on ildə elmin maliyyələşməsi iki dəfədən çox artıb, AMEA-nın maddi-texniki bazası yenilənib, elmi-tədqiqat institutları təmir olunub, Milli Ensiklopediya və elmi kitabxana üçün yeni binalar tikilib. 2009-cu ildə yaradılan Elm Fondu alimlərə qrant dəstəyi verərək elmi innovasiyaların inkişafına şərait yaradıb.
Elmin inkişafı üzrə Milli Strategiyanın, “Elm haqqında” Qanunun və Dövlət Proqramının qəbul edilməsi bu sahədə idarəetmənin institusional əsaslarını daha da möhkəmləndirib. Prezidentin sözləri ilə desək, “Heydər Əliyev siyasəti yeni formalarla zənginləşərək yaşayır.”
Nitqin mühüm hissəsi son on ildə Azərbaycanın keçdiyi Zəfər yoluna həsr olunub. Prezident xatırlatdı ki, 10 il öncə AMEA-nın 70 illik yubileyində qarşıya qoyulan əsas məqsəd – torpaqların azad edilməsi və ərazi bütövlüyünün bərpası – artıq reallığa çevrilib. “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb,” – deyən dövlət başçısı alimlərin bu Qələbənin həm hərbi, həm informasiya, həm də elmi texnoloji aspektlərinin tədqiqində fəal rol almalı olduğunu vurğuladı.
Prezident İlham Əliyev çıxışında xüsusilə vurğuladı ki, müasir dünyada dövlətlərin inkişafını artıq təbii sərvətlər deyil, texnoloji imkanlar və intellektual potensial müəyyən edir. Bu baxımdan, texnoloji modernləşmə Azərbaycanın strateji prioritetidir.
“Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır,” – deyən dövlət başçısı qeyd etdi ki, süni intellekt artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu sahədə geridə qalmamalı, elmi potensialını müasir rəqəmsal trendlərlə birləşdirməlidir. Dövlət başçısı alimləri rəqəmsallaşma və süni intellektin tətbiqi istiqamətində daha fəal olmağa çağırdı.
Prezident kibertəhlükəsizliyin müasir dünyada dövlətlərin fiziki təhlükəsizliyinin əsas komponentinə çevrildiyini bildirdi. Azərbaycan bu sahədə beynəlxalq tərəfdaşlarla birgə geniş proqramlar həyata keçirir. Prezident açıq şəkildə bəyan etdi: “Kibertəhlükəsizlik virtual təhlükəsizlik deyil, bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir.”
Eyni zamanda, ölkədə hərbi sənayenin sürətlə inkişaf etdiyi, özəl sektorun da bu sahəyə cəlb olunduğu bildirildi. Artıq Azərbaycan bir çox ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir, pilotsuz uçuş aparatlarını istehsal etməyə başlayıb. Prezident alimləri bu prosesdə də fəal iştirak etməyə səslədi.
Prezident İlham Əliyev vurğuladı ki, elm iqtisadiyyatla və sənaye ilə sıx bağlı olmalıdır. Dövlət qurumlarına çağırış etdi ki, Azərbaycan alimləri ilə daha sıx əməkdaşlıq etsinlər və elmi tədqiqatların praktik nəticələrini iqtisadiyyata tətbiq etsinlər. Çünki elmi biliklərin iqtisadi inkişafa çevrilməsi dayanıqlı iqtisadi modelin əsas şərtidir.
Nitqdə ölkənin iqtisadi göstəriciləri də xüsusi yer aldı. Prezident bildirdi ki, hazırda Azərbaycanın iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi qeyri-neft sektorudur, xarici borc ÜDM-in cəmi 6 faizindən bir qədər çoxdur, valyuta ehtiyatları isə 80 milyard dolları ötüb. “Biz istəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik,” – deyən Prezident, bu maliyyə dayanıqlığının həm elmin, həm də müdafiə və bərpa layihələrinin davamlı maliyyələşdirilməsinə imkan verdiyini vurğuladı.
Nitqin ən ideoloji hissəsində Prezident İlham Əliyev tarixşünaslıq və milli yaddaş məsələsinə toxundu. O qeyd etdi ki, Ermənistanın və erməni diasporunun uzun illər ərzində apardığı saxtalaşdırma siyasətinə qarşı Azərbaycan elmi öz həqiqətlərini qoymalıdır. “Biz öz tariximizi tədqiq və təbliğ etməliyik,” – deyən dövlət başçısı alimləri yeni elmi əsərlər, xəritələr, sərgilər və bukletlər hazırlamağa çağırdı.
Prezident açıq şəkildə bildirdi ki, azərbaycanlıların tarixi torpaqlarına – o cümlədən indiki Ermənistan ərazisinə – qayıdışı təbii və ədalətli prosesdir: “Biz öz torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq.” Bu, həm sülh, həm də ədalət ideyasının elmi əsaslandırılmasına çağırış idi.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor


Müzakirə qapadılmışdır.