Əməkdaşlığımız möhkəmlənir

706

Dövlətimizin başçısı İlham Əliyev cənabları Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman apardığı xarici siyasətin prioriteti kimi, dünya dövlətləri ilə Azərbaycan Respublikasının əlaqələrinin qurulması zamanı əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Elə Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlər arasında da siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın daha yüksək səviyyədə inkişaf etdirilməsi dövlətimizin xarici siyasət kursuna uyğundur və bu təşkilatın iştirakçı-dövlətləri arasında dialoq müstəvisi kimi saxlanılmasına önəm verilir.
Məlum olduğu kimi, 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri və dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədlərin imzalanması böyük əhəmiyyətə malikdir.
Azərbaycanın Qırğız Respublikası ilə münasibətə böyük önəm verməsinin bariz nümunəsidir ki, qarşılıqlı fəaliyyət gündəliyi kifayət qədər geniş olmuş, həm məhdud tərkibdə, həm də geniş heyətdə qarşılıqlı fəaliyyətin əsas məsələləri müzakirə edilmiş, Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçirilmişdir. Səfər və onun nəticələri dövlətlərimizin qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə əminlik ifadə edir.
Qeyd etmək yerinə düşər ki, Qırğız Respublikası ilə uğurlu dövlətçilik münasibətlərinin əsası, diplomatik münasibətlər məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən 1993-cü il yanvarın 19-da qurulmuş, daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Ulu Öndər Qırğızıstana səfər etmişdir.
Bununla belə, Azərbaycan və Qırğız xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olmuş, əsasən Sovetlər zamanında Mərkəzi Asiyaya sürgün edilən azərbaycanlı repressiya qurbanlarının ailə üzvlərindən 20 minə yaxını Qırğız Respublikasında məskunlaşmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə də dövlətlərarası münasibətə xüsusi önəm verilmiş, 2007-ci ildə Azərbaycanın Qırğızıstanda və 2008-ci ildə isə Qırğızıstanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlamışdır.
Heç şübhəsiz bu dostluq, qardaşlıq münasibətlərinin təzahürüdür ki, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində öz dəstəyini biruzə verən qardaş dövlətin başçısı Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Həmçinin, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi, qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı, səfər çərçivəsində imzalanan sənədlər Qırğızıstan-Azərbaycan qardaşlığının təzahürüdür.
Elə bu baxımdan hesab etmək olar ki, Qırğız Respublikası ilə əməkdaşlığımız möhkəmlənir.

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər