Elm və Təhsil Nazirliyi dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, dayanıqlı inkişafın təmin edilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə, ekoloji problemlərin azaldılması və s. istiqamətlərdə kompleks tədbirlər planı həyata keçirir.
Bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov oktyabrın 15-də Bakıda “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Əminağa Sadıqov ətraf mühit və iqlim təhlükəsizliyinin müasir dövrdə ən aktual elmi və praktiki problemlərdən biri olduğunu söyləyib. O, bu problemlərin həllinin qlobal səviyyədə dərin və fənlərarası yanaşmaların tətbiqini tələb etdiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə dünyanın bir sıra inkişaf etmiş ölkələrində müxtəlif elmi platformalar formalaşdırılır, genişmiqyaslı layihələr icra olunur.
Professor Əminağa Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, elm və təhsil istiqamətində də mühüm beynəlxalq təşəbbüslərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, “Avrasiya Universitetlərinin Sammiti” kimi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsini bunun bariz nümunəsi kimi dəyərləndirib.
Bildirib ki, Elm və Təhsil Nazirliyi son illərdə ölkəmizdə keçirilən beynəlxalq və respublika səviyyəli elmi konfransların təşkilati və elmi keyfiyyətinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Nazirlik beynəlxalq standartlara və elmi tələblərə cavab verən konfransların keçirilməsini dəstəkləyir və görülən bu işlər sayəsində ölkəmizdə təşkil olunan elmi tədbirlərin nüfuzu və elmi nəticəliliyi əhəmiyyətli dərəcədə artıb.
O vurğulayıb ki, Elm və Təhsil Nazirliyi dövlət siyasətinin prioritetlərinə uyğun olaraq dayanıqlı inkişafın təmin edilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə, ekoloji problemlərin azaldılması və s. istiqamətlərdə kompleks tədbirlər planı həyata keçirir. Nazirlik bu məqsədlə elmi tədqiqat layihələrini, beynəlxalq və respublika səviyyəli konfransları, həmçinin müxtəlif təşəbbüsləri dəstəkləyir. Eyni zamanda, orta və ali təhsil sistemlərində dayanıqlı inkişaf prinsiplərinin tədrisə inteqrasiyası məqsədilə dərslik və tədris proqramlarında müvafiq dəyişikliklər edilir.
“Elm və Təhsil Nazirliyi son illərdə elmi fəaliyyətin stimullaşdırılması və prioritet istiqamətlər üzrə tədqiqatların təşviqi məqsədilə bir sıra layihələri maliyyələşdirib”, – deyə bildirən Əminağa Sadıqov Nazirlik tərəfindən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu da daxil olmaqla, bir çox elmi qurumların ətraf mühit, iqlim dəyişmələri, süni intellekt və informasiya texnologiyaları kimi strateji sahələrdə həyata keçirdiyi tədqiqatlara maddi və institusional dəstəyin göstərildiyini vurğulayıb.
Professor Əminağa Sadıqov bugünkü konfransın elmi ictimaiyyət, dövlət qurumları və özəl sektor nümayəndələrinin birgə müzakirə və əməkdaşlığı üçün mühüm platforma rolunu oynadığını bildirib. O, konfrans çərçivəsində aparılan müzakirələrin enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində yeni elmi yanaşmaların formalaşmasına və praktiki tövsiyələrin hazırlanmasına imkan yaradacağını söyləyib.
Müzakirə qapadılmışdır.