“Ermənistan Azərbaycanın 86 min 600 kvadrat km-lik ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kvadrat km-lik ərazisini tanıdığını bəyan edib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitdəki çıxışında deyib.
“Uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanəyə çevrilib. 2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaradıb, lakin 2020-ci ilin sentyabrında Ermənistan müharibəyə cəlb edilməli oldu. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanatı imzaladım və bu, Ermənistanda dövlət qurumlarına hücumlara gətirib çıxardı, buna rəğmən, biz demokratik nizamı qoruya bildik”, – deyə Paşinyan bildirib.
Nikol Paşinyanın sözlərinə görə, onun iqtidarı 2021-ci ilin növbədənkənar seçkilərində dinc gündəm təqdim edib və bu sayədə uğur qazanıb.
Ermənistan hökumət başçısının sözlərinə görə, 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunub, ona əsasən, tərəflər münasibətlərini 1991-ci il Almatı Bəyannaməsi əsasında tənzimləyir. SSRİ tərkibindəki Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasındakı inzibati hüdudlar dövlət sərhədlərinə çevrilir.
Paşinyanın bildirdiyinə əsasən, tərəflər, üç gün əvvəl Brüsseldə daha da irəli gedə biliblər və Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığı qeyd edilib. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kv. km-lik ərazisini tanıdığını bəyan edib.
Müzakirə qapadılmışdır.