Əxlaqsız şagirdin cəmiyyətə “mesajı”: 18+ saytlar…

2221

Bakı şəhərindəki 132-134 nömrəli Təhsil Kompleksində çəkilən və əxlaqsız şagir tərəfindən yayılan görüntülər son günlərin cəmiyyəti narahat edən əsas müzakirə mövzusudur. Ölkə ictimaiyyəti, ekspertlər, ziyalılar yetkinlik yaşına çatmayan şagirdlər arasında bu cür halların yaşanmasının qarşısının alınması üçün təkliflər səsləndirirlər. Bir çoxu hesab edir ki, azyaşlılar arasında pornoqrafiyanın, intim hərəkətlərin yayılması həm də ölkədə 18+ saytlara girişdə məhdudiyyətlərin tətbiq olunmamasından qaynaqlanır. Bəzi ölkələrdə yetkinlik yaşına çatmamış şəxslərin belə saytlara girişi ilə bağlı məhdudiyyətlər tətbiq olunsa da, ölkəmizdə bu sahədə tənzimlənmə yoxdur.

Məsələ ilə bağlı Axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, azyaşlıların psixikasına təsir edən saytlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən addımların atılması çox vacibdir.

“Elə internet resursları var ki, uşaqlar üçün qadağan olunsa da, tədqiqat və digər məqsəd üçün faydalı ola bilirsə, bağlanması o qədər də məqbul sayılmır. Artıq ötən il İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi qanununda bu cür internet resurslarının bloklanması ilə bağlı müəyyən dəyişikliklər edilib. Həmin dəyişikliyə əsasən, uşaqların psixologiyasına mənfi təsir göstərən, pornoqrafiyanı, ektremist davranışları, təhlükəli oyunları təbliğ edən internet saytları məhkəmənin qərarı olmadan bloklana bilər. Bu sahədə səlahiyyətli qurum olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elektron Təhlükəizlik Mərkəzi (ETM) bu istiqamətdə sistemləşdirilmiş işlər aparmalıdır”, – O.Gündüz vurğulayıb.

Ekspertin sözlərinə görə, belə problemlərin aradan qaldırılması üçün valideynlər arasında maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var:

“Valideynlər kompüterdə və digər mobil qurğularda bəzi informasiyalara girişin məhdudlaşdırılması üçün provayderlərə müraciət edə bilər. Bu barədə nazirliyin məsuliyyəti öz üzərindən atması düzgün deyil. Nazirlik ötən il xeyli sayda media qurumunu bloklayıb. Xəbər resursları bloklanırsa, bu saytlar niyə bloklanmasın?! Bu barədə hər hansı tərəddüd yaranarsa, nazirlik məhkəməyə müraciət etməlidir. Bu sahədə ETM-nin işini qənaətbəxş hesab etmək olmaz”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə ETM məşğul olur və məhkəmə qərarı, hüquq-mühafizə orqanlarına daxil olan şikayətlər əsasında belə saytların bloklanması mümkündür:

“Qanunvericiliyin tələblərinə görə, bu saytlar bağlana bilər, amma belə internet resurslarının tamamilə bloklanması istifadəçi hüquqlarının pozulması deməkdir. “Aztelekom” və “Baktelekom” iki ən böyük internet provayderi hesab olunur. Hər iki provayderin filter proqramları var. Məbləği də o qədər yüksək olmayan filter proqramları bütün abunəçilərə təklif olunur. Valideynlər həmin xidmətə qoşulmaqla istədikləri informasiya resurslarına girişi məhdudlaşdıra bilər.

Birmənalı şəkildə ölkədə bütün 18+ saytların bloklanması düzgün olmazdı. Adətən belə resursların bağlanması məhkəmənin və hüquq-mühafizə orqanlarının, güc strukturlarının müraciəti əsasında baş verir. Nazirlik özbaşına qara siyahı tərtib etmir. Bəzən texnoloji dünya hüdudsuz kimi görünsə də, əslində, bu proqramlaşdırma məsələləri texniki imkanlardan asılıdır. Texnologiya üzərindən istifadəçinin azyaşlı olmasını müəyyənləşdirmək o qədər də asan deyil. Bəzi sosial şəbəkələrdə yaş məhdudiyyəti olsa da, konkret olaraq kateqoriyalaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Səbail Rayon Məhkəməsi R.C. barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər