Fəxrəddin Vəliyev: "Bizim qoyub getdiyimiz şəhər deyil, tamamilə dəyişilib"

234

“O vaxt “Ginnesin rekordlar kitabı”na düşən ilk azərbaycanlı olduğumu bilmirdim”

QRAFİKA USTASI FƏXRƏDDİN VƏLİYEV: “MƏN ÖZÜM ÇOX POZİTİV ADAMAM, AQRESSİV, NEQATİV İNSANLARI SEVMİRƏM”

Müsahibimiz məşhur qrafika ustası, hazırda Fransada yaşayan, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə rekorda imza atan və adı “Ginnesin rekordlar kitabı”na düşən həmyerlimiz Fəxrəddin Vəliyevdir.

– Fəxrəddin bəy, sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?

– On beş il əvvəl. Bilirsiniz, illər sonra geriyə qayıdanda insana elə gəlir ki, cavanlığını görəcək. Gəncliyinə dair nələrsə axtarırsan: insanlar, evlər, başqa detallar. Məsələn, mən burada olduğum günlər ərzində çox maraqlı anlar yaşadım. Bizim qoyub getdiyimiz şəhər deyil bu. Tamamilə dəyişilib.

Cavanlıq kredit kimidir. Biz onu xərcləyirik, ancaq bilmirik ki, hara getdi. Bir gün baxırsan ki, həmin kredit bitib. Onda özündən soruşursan ki, yetmiş yaşın var və nələrə müvəffəq olmusan?

– Amma siz az şeyə müvəffəq olmamısınız.

– Tərifi sevmirəm e (gülümsəyir).

– “Ginnesin rekordlar kitabı”na  düşməyiniz. Gəlin, onda bu haqda danışaq.

– Düzü, bunun üçün heç kəsə müraciət etməmişdim. Sadəcə günlərin birində məni böyük sərgiyə dəvət etdilər. Bundan əvvəl Belçika kraliçasının rəsmini çəkmişdim. Kraliça mənə təşəkkür məktubu göndərmişdi və hər il bayramlarda təbrik edirdi. Deməli, həmin sərgidə xüsusi nümayəndələr iştirak edirdilər. Onların müşayiəti ilə rekord reallaşdı. Düzü, o vaxt mən bilmirdim ki, “Ginnesin rekordlar kitabı”na düşən ilk azərbaycanlıyam. Bunu sonradan öyrəndim. Bildiyim bir şey vardı ki, həmin dövrdə mən onu etməliydim.

Bilirsiniz, mən doxsanıncı illərdə xaricə köçmüşəm. Rəssamlar daim araşdırır, gəzir, yeni şeylər kəşf etmək istəyir. Çox millətlərin içərisində olmaq, nələrisə öyrənmək faydalıdır.

– Başqa bir ölkədə həyatını sıfırdan qurmaq çətin olmadı?

– Mənə yox.

– Bu gün dünya rəssamlıq arenasına çıxmaq istəyən gənc rəssamlarımıza nə məsləhət görərdiniz?

– Dünya rəssamlıq arenasına çıxmaq üçün mütləq qaydada həyati təcrübə lazımdır. Belə gənclərə məsləhət görərdim ki, çox ölkələr gəzsinlər, fərqli rəssamların işləri ilə tanış olsunlar. Ən əsası odur ki, bu peşəni ürəkdən sevsinlər. Əgər insan rəssamlığı özünə sənət seçibsə və bu işi sevirsə, mütləq uğur qazanacaq. Ola bilər ki, rəssamların əsərlərini yeni başlayanda anlamasınlar, ancaq müəyyən vaxt keçəndən sonra onların əsərlərinə daha çox qiymət verirlər. Belə rəssamlar çox olub. Əsas məsələ odur ki, rəssam özü nə çəkdiyini anlasın.

– Müasir dövr Azərbaycan rəssamlığına kənardan baxanda hansı problemləri görürsünüz?

– Kənardan baxanda bugünkü rəssamların çoxunda sovet məktəbinin güclü təsirini görürəm. Həmin rəssamların proqressiv fikirləri yoxdur. Onlar köhnə dövrə baxıb nəsə etmək istəyirlər. Yeni ideyaların yaranması üçün başqa rəssamlarla işləmək lazımdır.

Realizm və rəssam fantaziyası başqa-başqa şeylərdir. Gənclərə məsləhət görərdim ki, bir az realist olsunlar, fantaziyalarını inkişaf etdirsinlər. Rəssam gələcəyi görməlidir. Bugünkü rəssamlarımızın çoxunun seçimi köhnə rənglərdir yeni, modern rənglərə üstünlük vermək lazımdır. Sərgilərdə olanda ən çox bunun əskikliyini müşahidə elədim. Bu o qədər də gözəl görünmür. Çatışmazlıqların üzərində işləmək lazımdır. Xarici rəssamlar bizim sənət adamlarından çox şey öyrənir. Ümumiyyətlə, Azərbaycanın çox güclü rəssamları var.

– Belə başa düşdüm ki, sovet rəssamlığına münasibətiniz böyük rəğbətə əsaslanmır.

– Əlliyə əlli. Çünki onların içərisində çox güclü rəssamlar olub. Sadəcə həmin sənətkarlar sovet prinsiplərinə uyğun işləyiblər, hansı proqramı veriblərsə, onu çəkiblər. Azadlıq şüarı olmayıb. Müəyyən bir çərçivə olub. Ancaq indi elə deyil.

– Müasir dövr rəssamlarımızdan xüsusilə kimin adını çəkə bilərsiniz?

– Bəzilərini izləyirəm. Məsələn, rəssam İqbal Həsənəlizadənin işləri çox xoşuma gəlir. Düzü, gənc rəssamları elə də yaxşı tanımıram, əsasən, sovet dövrünün rəssamları ilə tanışam.

– Cəbrayıldansınız? Deyirlər, o bölgənin adamları rəngi çox yaxşı hiss edir. Bunu anlamaq üçün xalça nümunələrinizə baxmaq kifayət edir.

– Hə, Cəbrayılda doğulmuşam, ancaq Sumqayıtda böyümüşəm. Şükürlər olsun ki, doğma torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin.

Sizə deyim ki, hər bölgənin özünəməxsus rəngləri var. Məsələn, əgər bir ərazidə davamlı yağış olursa, orada həmişə rəngarəng xalçalar yaranır. Yaxud da istinin hökm sürdüyü ərazilərdə rənglərdə tündlüyə üstünlük verirlər. Sanki kölgə görmək istəyirlər.

– Bəs sizin rənginiz hansıdır?

– Qara – dünyanın ən gözəl rəngidir. Bu, mənim subyektiv fikrimdir. Qaranı ən koloritli rəng hesab edirəm. Bu rənglə istənilən ideyanı göstərmək olar. Əsas olan rəssamın fantaziyasıdır. Bir də qara rəngi dəyişmək olmur. Ağ vərəqdə bir qara nöqtə qoysan, hamı birinci ləkəni görəcək. Ancaq eynisini qara üzərində etsən, ağı görə bilməyəcəklər. Bu, insan psixologiyasından irəli gəlir, qaranı görməyə daha çox meyl edir. Münasibətlərdə də belədir, bəzən insan ona edilən on yaxşılığı unudub bir pisliyi xatırlayır. Hamı baxır, ancaq hər adam görə bilmir.

– Sizi qrafikaya gətirən də qara sevginizdir?

– Hə. Rəngləri çox sevsəm də, həmişə düşünmüşəm ki, rəng daha çox kosmetikadır. Adam var ki, gecələri çox sevir. Ancaq gündüz gözəlliklərini görmək üçün günəş doğmalıdır.

Həm də elə bir sənətlə məşğul olmaq istəyirdim ki, qeyri-adi olsun. Adi kistlə işləmək məni çəkmirdi. Düşünürdüm ki, qrafikada fantaziyamı daha yaxşı işlədə bilərəm. Bu sahə mənə çox maraqlı gəlirdi. Hələ foto yaranmamışdan qabaq kölgə rəsmi olub. Ümumiyyətlə, həmişə incəsənətlə məşğul olmuşam. Belçikada sənət məktəbi bitirmişəm. Sonra Latın Amerika keramikasını öyrənməyə başladım. Ancaq sonda məhz bu sahəni seçdim.

Bu, elə bir sənətdir ki, dünyada çox az adam məşğul olur. Ona görə də bir çox sərgilərə bizi dəvət edirlər. Böyük şou – proqramlarda oluruq. 2002-ci ildə Kann film festivalında işləmişəm. Orada bir çox sənətçilərin rəsmini işləmişəm.

– Məşhur şəxslərdən kimlərin rəsmini çəkmisiniz?

– Kraliça Fabiola, Pyer Rişar, Luis Mişel, Fred Tilman və bir çoxları.

– Tələbələriniz varmı?

– Bəli. Əvvələr Belçikada yaşayırdım, indi Fransaya köçmüşəm. Orada tələbələrim var. Artıq burada da tələbələr yetişdirmək istəyirəm. Online olaraq dərs keçməyi düşünürəm.

– Bəs siz sənətin sirlərini kimdən öyrənmisiniz?

– Özüm. Çoxlu kitablar oxumuşam, araşdıraraq öyrənmişəm.

– Bildiyim qədərilə sizin aktiv diaspor fəaliyyətiniz də var.

– İllərdir ki, diaspor işlərilə də məşğul oluram. Əlimdən gələni etməyə çalışıram.

– 2004-cü ildə 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə rekorda imza atmısınız. Mənə maraqlıdır, insanlar qısa müddət ərzində öz təsvirini görəndə necə reaksiya verirlər?

– İnsanların çoxusu təəccüblənir, sevinirlər. Elələri var ki, hər il yanıma gəlirlər. İspaniya, İtaliya, Fransadan rəsm çəkdirmək üçün gələnlər daha çox olur. Çəkdiyim rəsmləri bədənlərinə tatu vurduranlar da var.

– Onların içərisində xüsusilə yadınızda qalan bir rəsm olubmu?

– Mən çox insanların rəsmlərini çəkmişəm. Ancaq ən çox qiymət verdiyim fiziki cəhətdən müəyyən çatışmazlıqları olan insanların rəsmidir. Onlara həmişə çox diqqətlə yanaşmışam. Bilirəm ki, qəlbləri çox həssasdır. Belə rəsm əsərləri məndə kifayət qədər çoxdur. Çoxunu da çəkib hədiyyə edirəm. Demək olar ki, hər sentyabrda ənənəvi olaraq İspaniyanın çox şəhərlərində əlil insanları gəzməyə çıxarırlar, başqa ölkələrdən gələnlər olur. Çalışıram ki, həmin dövrdə orada olum və rəsmlərini çəkim.

Mən özüm çox pozitiv adamam, aqressiv, neqativ insanları sevmirəm. Yanımda bir az giley-güzar edən adamla ikinci dəfə görüşmək istəmirəm. Həmişə gözəlliyi görmək istəyirəm. Qardaş-bacı vardı, ikisi də insult xəstəsi idi. Hər ikisinin olduqca gözəl üz quruluşu vardı. Onların hər il rəsmlərini çəkirdim. Bu işlər mənim üçün çox dəyərlidir.

– Ən çox sevdiyiniz rəssam kimdir?

– Pikasso ən sevdiyim rəssamdır. Onun əsərləri haqqında danışmaq üçün günlər lazımdır. Pikassonun fəlsəfəsi tam başqadır.

– Sizin fəlsəfəniz nədir?

– İnsanda olan qüsurları görməmək. Mən onları həqiqətən görmürəm və göstərmirəm. Çünki insan hansısa çatışmazlığını görəndə inciyə bilər. Mən bunu istəmirəm.

Aytac SAHƏD, 525-ci qəzet

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər