Fiziki gücü və sağlamlığı təlim edənlər

508

Sağlam həyat tərzini təmin etmək və hər bir vətəndaşın rifahı üçün köməklik göstərmək vacib şərtlərdən biridir. İnkişaf edən cəmiyyətin sağlam həyat tərzi üzərində qurulması, səmərəli gələcək üçün yeni imkanların yaradılması altruist insanların amalına çevrilmişdir.
Ümumi tərbiyə sisteminə bir sıra yeniliklər gətirən bu insanlar uzun illər fiziki tərbiyəni milli mədəniyyətlə sintez etmiş, vətəninə dəyərli töhfələr vermiş, olduqca çətin və şərəfli yol keçmişlər.
Azərbaycanın milli mövcudluğuna bir çox sahələr kimi idman sahəsi də təsir göstərmiş, dünya arenasında üçrəngli bayrağımızın öndə dalğalanmasını bizə əyani sübut olaraq göstərmişdir. Kiçik şəhər olmasına baxmayaraq, böyük uğurlara imza atan, adı çəkiləndə daha çox idman ustaları ilə yada düşən Sumqayıtımızda öz sözünü demiş, gələcək uğurlar üçün həm fiziki, həm sağlam cəngavərlər yetirən idmançılarımız da yetəri saydadır.
Sumqayıt kəlməsi işləndisə, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olmuş, “Karatenin brilyantı” ləqəbini qazanmış, karate idman növündə Azərbaycana bəxş etdiyi uğurları ilə nəinki ölkəmizdə, eləcə də dünya səviyyəsində üzərinə rəqib tanınmayan Rafael Mahir oğlu Ağayevin ağıla gəlməməsi danılmazdır. 1985-ci ildə dünyaya göz açmış bu şəxsiyyət ilk uğuruna imzanı 2004-cü ildə Moskva şəhərində keçirilən Avropa çempionatında qızıl hərflərlə atmışdı.
Adının mənası “ünsiyyət, dostluq” anlamına gələn və tam olaraq bu mənanın haqqını verən, tələbələrinə nəinki fiziki güc, eləcə də sağlam düşüncə və sağlam ruh tərbiyəsi öyrədən Sumqayıt yetirmələrindən biri də Əsədov Ülfət Əflatun oğludur. 1990-cı ildə Sumqayıtda dünyaya göz açan Ülfət müəllim 2017-ci ildən Respublika Kompleks idman məktəbində cüdo-sambo idman növü üzrə məşqçi kimi fəaliyyət göstərir.
Bununla yanaşı, Sumqayıt şəhərində fiziki qüvvəsi ilə sözünü deyən, gənc nəslin yetişməsi üçün örnək olan Quliyev Zülfüqar Vəlhəd oğlunun da adını çəkməyi özümə borc bildim. 1991-ci ildə Sumqayıtda dünyaya göz açan Zülfüqar müəllim 2020-ci ildən gənc məşqçi kimi “Zirvə” idman klubunda cüdo-sambo idman növü üzrə fəaliyyət göstərir.
2008-ci ildən Sumqayıtda MMA(Mixed Martial Arts) üzrə ilk olaraq fəaliyyət göstərən Rəşad Vidadi oğlu Yaqubovun, 2017-ci ildən cüdo üzrə gənclərə idmanın sirrini öyrədən Elnur Sahil oğlu Aslanovun fəaliyyətini də vurğulamaq yerinə düşər.
Hər bir vətəndaş öz ölkəsinin kiçik bir parçasıdır. İdmanda öz sözünü deyən adlarını çəkdiyim bu şəxsiyyətlər kimi biz də dünyaya sübut etməliyik ki, biz həm sağlam ruhda, həm də sağlam qüvvədə yetişən millətik.
Xəyalə Həmzəliyeva, Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər