Top ustalarımız bu barədə yerli mətbuata nələri açıqladı?
Bildiyiniz kimi, artıq dövrələrarası “transfer pəncərəsi” açıqdır. Bu, isə təxminən bir ay ərzində həm dünyada, həm də ölkəmizdə oyunçu keçidlərinə şahidlik edəcəyimiz anlamına gəlir. Düzdür, yerli futbolçularımızın adı hər transfer dönəmində əcnəbi klublarla anılsa da, sonradan azərbaycanlı dəri top ustalarını nadir hallarda yanbancı komandaların sıralarında görürük. Məsələn, mövsümün əvvəlində yalnız “Neftçi”dən ayrılan Cavid Hüseynov və Rail Məlikovu ölkə hüdudlarından kənarda izləyə bildik. “Adana Dəmirspor”a yollanan Cavidlə, “Dənizlispor”a üz tutan Railin Türkiyəyə yollanmasının digər futbolçularımızın da yolunu açacağını düşünsək də, sonda belə olmadı. Düzdür, qış fasiləsinin ilk günlərində “Dənizlispor”la müqavilə bağlayan Arif İsayevin qardaş ölkəyə yollanması nisbətən ürəkaçan oldu. Gəl ki, bu, heç də legionerlərlə bağlı vəziyyətin düzəldiyi demək deyil. Amma bununla belə, cari Avrokuboklar mövsümündə “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ölkə futbolunun və flaqmanın üzvlərinin avropa klublarının diqqət mərkəzində olmasına zəmin yaratdı. Bununla yanaşı, “ağ-qaralar”ın əcnəbi ölkə təmsilçilərinin diqqət mərkəzində olması xarici klub nümayəndələrinin ölkə Premyer-Liqasının qarşılaşmalarını izləməsinə və dolayısıyla, digər elita klublarının futbolçularına da nəzər yetirməsinə səbəb oldu. Məhz bunun nəticəsidir ki, hazırda həm “Neftçi”nin, həm də digər ölkə klublarının bir sıra üzvləri əcnəbi ölkə klublarının maraq dairəsindədir. Maraqlı olacağını nəzərə alıb, xarici klubların diqqət mərkəzində olan futbolçularımızı və onlarla maraqlanan xarici komandları, eləcə də sözügedən oyunçuların transferlə bağlı yerli mətbuata verdiyi açıqlamaları nəzərinizə çatdırırıq.
Milli komandamızın üzvü Ruslan Abışovun adı hazırda Rusiyanın iddialı komandalarından olan “Rubin”lə anılmaqdadır. Hətta “Xəzər-Lənkəran”ın müdafiəçisinin mövsümün əvvəlində Kazan təmsilçisinin təlim-məşq prosesində də iştirak etdiyi bəllidir. Onu da qeyd edək ki, Rusiya mətbatı da müdafiəçinin Kurban Berdiyevin komandasına gəlişini real sayır. Media orqanlarının “Rubin”in transfer siyahısında Abışovun adına yer verməsi də belə deməyə əsas verir. Xatırladaq ki, Tatarıstan klubuna qədər Abışovun Ruminiyanın “Poli Timişuara” komandasının hədəfində olduğu bildirilirdi. Yeri gəlmişkən, bildirək ki, bir müddət əvvəl “Rubin”ə mümkün keçidinə münasibət bildirən Ruslan Abışov yerli mətbuata açıqlamasında karyerasını ölkə xaricində davam etdirməyə çox yaxın olduğunu, bu məsələyə Topaz Premyer Liqasında yaranacaq qış fasiləsində aydınlıq gələcəyini bildirmişdi.
Milli komandamızın daha bir perspektivli müdafiəçisi Rasim Romaldanov isə bəzi Türkiyə və Ukrayna klublarının diqqət mərkəzində olduğu bildirilir.“Simurq”un kapitanı ilə maraqlanan bütün klubların adı açıqlanmasa da, onlardan birinin “Dənizlispor” olduğu dəqiqdir. Amma Romaldanovun Ukrayna komandaları ilə danışıqlar apardığı da yayılan xəbərlər arasındadır. Məlumat üçün bildirək ki, məsələ ilə bağlı mövqeyini açıqlayan Ramaldanov Dənizli təmsilçisindən rəsmi təklif almadığını desə də, qardaş ölkədən gələcək mümkün təklifi qəbul edəcəyini vurğulamışdı.
“Neftçi”nin Avropa Liqasında mübarizə aparması nəticəsində əcnəbi klubların diqqət mərkəzinə düşən flaqmanın gənc müdafiəçisi Elvin Yunuszadənin Səudiyyə Ərəbistanında legioner həyatı yaşaması mümkündür. Xatırladaq ki, gənc müdafiəçi bu ölkənin “Əl-Taavon” klubundan təklif alıb.Onu da qeyd edək ki, bu komandaya bu ilin iyul ayından Qyoko Hacievski başçılıq edir. Milli komandamızın və “Bakı”nın sabiq baş məşqçisi “Simurq”da işlədiyi dövrdə rəhbərliyi altında oynamış futbolçuya birbaşa müqavilə təklif edir. Yeri gəlmişkən, bildirək ki, məsələ ilə bağlı yerli mətbuata açıqlama verən sözügedən oyunçu Səudiyyə Ərəbistanı onun üçün tramplin də ola biləcəyini deməklə legioner həyatı yaşamaqda maraqlı olduğunu büruzə vermişdi.
Legioner həyatı yaşaması gözlənilən daha bir futbolçu isə “Qarabağ”ın oyunçusu Qara Qarayevdir. Yerli media orqanlarında yer alan məlumatlara inansaq, Qarayev Xarkov “Metallisti”inə təklif olunub və baxışa çağırılıb. Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən 90+Futbol Agentliyinin nümayəndələrini ölkəmizə səfər etmiş və Qara Qarayevin oyununu izləmişdi. Məlumat üçün deyək ki, Qara Qarayev transferi ilə bağlı ölkə mətbuatına açıqlamasında Ukrayna klubunun “Qarabağ”a rəsmi müraciəti etmədiyini və bu səbəbdən hələ ki, Ukrayna klubunun düşərgəsinə yollanmadığını bildirmişdi. Amma hələ də Qarayevin xidmətində maraqlı olan ukraynalıların Antalyaya gələrək həm “Qarabağ”la, həm də futbolçunun özü ilə danışıqlara başlaması gözlənilir.
Qış fasiləsinə qədər icarə əsasında “Kəpəz”də çıxış edən “Qarabağ”lı Emin İmaməliyev də legioner həyatı yaşamağa yaxındır. Karyerasının qürub çağında Türkiyədən dəvət alan 33 yaşlı yarımmüdfiəçi “Konyaspor” və “Adanaspr”un hədəfindədir. Yerli mediaya açıqlamasında sözügedən klublardan təklif aldığını təsdiqləyən və qardaş ölkədə çıxış etməyin əleyhinə olmadığını açıqlayan İmaməliyevin gələcək taleyinə yaxın günlərdə aydınlıq gəlməlidir.
Avroliqada özünü yaxşı tərəfdən göstərən “Neftçi”nin və milli komandamızın yarımmüdafiəçisi Rəşad Sadiqov da xaricdən təklif alan futbolçularımızdandır. 29 yaşlı dayaq yarımmüdafiəçisi konkret olaraq Türkiyənin “Dənizlispor” komandasının gündəmindədir. Hətta Dənizli təmsilçisinin çalışdırıcısı Səlahəttin Dərvənt ölkəmizdə, “Turan”da işlədiyi vaxtdan tanıdığı Sadiqovu “Neftçi”dən ayrılacağı halda transfer edəcəklərini açıqlamışdı. Bununla paralel onu da xatırladaq ki, Rəşad Sadiqov da mətbuata açıqlamasında ölkə xaricindən yaxşı təklif alacağı halda legioner həyatı yaşamaqda maraqlı olduğunu dilə gətirmişdi. Yeri gəlmişkən, yarımmüdafiəçi ilə bəzi Albaniya və Estoniya klublarının maraqlandığı da mətbuata sızan informasiyalar arasındadır.
Deyəsən, bundan sonra ölkə hüdudlarından kənardakı futbolçularımızdan danışarkən “Qəbələ”nin kapitanı Rəşad Abdullayevdən də bəhs etməli olacağıq. Hər halda, oyunçunun legioner həyatı yaşamağa çox yaxın olmasını açıqlaması belə deməyə əsas verir. Məlumat üçün bildirək ki, 31 yaşlı yarımmüdafiəçi ilə Rusiyanın yüksək dəstəsində mübarizə aparan “Krılya Sovetov” və “Rostov” ciddi şəkildə maraqlanmaqdadır. Xatırladaq ki, Abdullayev hazırda “Krılya Sovetov”un baş məşqçisi olan Hacı Hacıyevin onu ötən il “Neftçi”nin heyətində Əhməd Kadırovun xatirə turnirində iştirak edərkən bəyəndiyini bildirmişdi. Düzdür, hər iki komanda maliyyə problemi yaşadığından Abdullayevin keçidialınmaya da bilər, amma bununla belə, “transfer pəncərəsi”nin qapanmasına xeyli qaldığından anlaşmanın baş tutması da mümkündür.
Hələ transfer dönəminin açılmasına xeyli müddət qalmış adı Polşanın “Poqon” komandası ilə anılan, hətta Polşa təmsilçisinin düşərgəsində baxışda da olan Nizami Hacıyevin də ölkə xaricinə çıxmaq şansı yüksək qiymətləndirilir. Hər nə qədər Polşa klubu ilə “İnter” hələ ki, ortaq məxrəcə gələ bilməsə də, tərəflərin yaxın günlərdə razılıq əldə etməsi ehtimallar arasındadır. Yeri gəlmişkən, xatırladaq ki, Hacıyevin xidmətində maraqlı olan yeganə Polşa komandası “Paqon” deyil. Belə ki, yarımmüdafiəçini həmin ölkənin “Korona” klubu da sıralarına qatmağa çalışır. Qeyd edək ki, Nizami Hacıyev bu məsələ ilə bağlı hər şeyin təərəflərin anlaşmasından asılı olduğunu bildirmişdi.
Bir müddət əvvəl Portuqaliyanın “Porto” klubunun düşərgəsinə baxışa dəvət olunan “Sumqayıt”ın üzvü Orxan Əliyev indi də Türkiyənin “Trabzonspor” klubunun maraq dairəsinə düşüb. Hətta bu yaxınlarda bu məsələ ilə əlaqədar “Sumqayıt” klubuna “bordo-mavili” klubun rəsmisi Özkan Sümər tərəfindən faks da göndərilmişdi. Əgər 17 yaşlı futbolçumuz Şenol Günəşin etimadını qazansa, qış fasiləsinin ardından “Trabzonspor” klubunda çıxış edəcək. Yeri gəlmişkən, qeyd edək ki, bir neçə gün öncə qardaş ölkənin aparıcı mətbuat orqanlarından sayılan “Milliyet” qəzeti də gənc futbolçunun “bordo-mavililər”in heyətinə yollanacağı xəbərini təsdiqləyib. Xəbərdə “Trabzonspor”un 18 yaşlı Orxan Əliyevlə maraqlandığı və futbolçunun baxışdan keçmək üçün Türkiyəyə çağırıldığı qeyd edilib. Həmçinin bildirilir ki, Qara dəniz təmsilçisi Əliyevi heyətinə qatacağı halda türk oyunçu statusundan yararlanacaq..
Son dövrlər yaxşı formada olan “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev harda qərar tutacağı da azarkeşlərin düşüncəsini məşğul edən məsələlərdəndir. Bir müddət öncə adı Ukraynanın “Dinamo”(Kiyev) və Türkiyənin “İstanbul BB” komandaları ilə yanaşı çəkilən gənc oyunçunun hazırda Ukraynanın “Krımteplitsa” və Rusiyanın aşağı dəstə təmsilçisi “Qazovik Orenburq”un maraqlandığı bildirilir. Məlumat üçün bildirək ki, yerli mətbuata açıqlama verən İmamverdiyev bir sıra klublardan təklif aldığını və qış fasiləsində xarici ölkə təmsilçilərindən biri ilə anlaşa biləcəyini demişdi.
Əcnəbi ölkə klublarından dəvət alan daha bir azərbaycanlı futbolçu isə “Bakı”nın və yığma komandamızın üzvü Elvin Məmmədovdur. Xatırladaq ki,Türkiyənin “Dənizlispor” klubunun rəsmilərinin ölkəmizə səfəri zamanı diqqətdə saxladığı Məmmədovla bundan başqa, Rusiyanın II Divizionunun Ural-Povolje zonasında çıxış edən “Tumen” klubunun maraqlanması barədə də informasiyalar dolaşmaqdadır. Xatırladaq ki, Rusiya təmsilçisinin bir müddət əvvəl “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə də maraqlandığı barədə xəbərlər yayılmışdı. Onu da qeyd edək ki, həm, Elvin Məmmədov, həm də Böyükağa Hacıyev son açıqlamalarında ölkə xaricinə yollanmaq variantını istisna etməmişdilər.
Qış fasiləsində Azərbaycanı tərk etməsi gözlənilən daha bir oyunçu isə “Xəzər-Lənkəran” klubunun və milli komandamızın serb əsilli hücumçusu Branimir Subaşiçdir. Yayılan məlumatlara görə, forvard Türkiyənən birinci liqasında çıxış edən “Adanaspor” klubuna keçməyə çox yaxındır. Gəzən söyləntilərə inansaq, Adana klubu hələ yayda serb futbolçunun keçidində maraqlı imiş. Lakin həmin vaxt “Xəzər Lənkəran”la müqaviləsi olan “Banya” türklərin təklifinə ciddi yanaşmayıb. Amma “Xəzər-Lənkəran”ın futbolçu ilə müqaviləni uzatmaması və dolayısıyla, Subaşiçin hazırda azad agent statusuna yiyələnməsi “Adanaspor”un yenidən hücumçu ilə maraqlanmasına səbəb olub. Bundan başqa, serb əsilli santraforun xidmətində Bolqarıstanın “Montana” klubunun maraqlı olduğu da söyləntilər arasındadır. Bolqarıstan mətbuatının iddiasına əsasən, hücumçu axtarışında olan sözügedən komanda azad agent statusunun daşıyıcısı olan Subaşiçin almaqda israrlıdır.
Mövsümün əvvəlində “Qarabağ”dan ayrılmağa qərar verən, daha sonra isə Ağdam təmsilçisində qalan Əfran İsmayılovun da ölkə xaricinə yollanmaq ehtimalı var. Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin Türkiyə və Avstriya komandalarından dəvət aldığı yönündə məlumatlar dolaşmaqdadır. Yayılan xəbərlərə görə,Əfranla Avstriyanın yüksək dəstəsində mübarizə aparan “ SV Mattersburq” klubu ilə yanaşı, Türkiyə Superliqasında mübarizə aparan “Akhisar Bələdiyyəspor” və aşağı dəstə təmsilçisi” “Şanlıurfaspor” komandaları yaxından maraqlanır. Hətta “Şanlıurfaspor” baş məşqçisi Bahri Kaya da Türkiyə mediasına açıqlamasında Azərbayvcandan futbolçu transfer etməkdə maraqlı olduqlarını qeyd etmişdi. Yeri gəlmişkən, bildirək ki, yerli mətbauta əcnəbi kluba transferi ilə bağlı düşüncələrini açıqlayan Ismayılov adını açıqlamaq istəmədiyi Türkiyə klublarından təklif aldığını təsdiqləyib. Sözügedən təkliflərdən menecerlər vasitəsi ilə xəbər tutduğunu bildirən milli komandamızın futbolçusu rəsmi təklif almadığından bu haqda konkret bir şey deyə bilməyəcəyini dilə gətirmişdi.
Tural Məmmədov