İşğaldan azad olunmuş torpaqlarımızın bərpa edilməsi və dirçəldilməsi prosesi sürətlənməkdədir. Qarabağ iqtisadi rayonunun strateji inzibati vahidlərindən biri olan Füzuli rayonunda reallaşdırılan bərpa və quruculuq işləri bu qənaətə gəlməyə əsas verir. Bir-birinin ardınca infrastruktur obyektləri tikilməkdə, istismara verilməkdə və digər tərəfdən strateji əhəmiyyət kəsb edən layihələr həyata keçirilməkdədir.
Dövlət başçısı Füzuli rayonunun və xüsusilə Füzuli şəhərinin dirçəldilməsinə böyük əhəmiyyət verir. 18 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı qeyd edib ki: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır… Füzuli şəhərinin azad edilməsi bizə mənəvi güc verdi. Bu amillər baxımından Füzuli şəhərinin infrastrukturunun formalaşdırılması və inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir”.
Artıq Füzuli şəhərinin inkişaf etdirilməsi ilə bağlı konseptual yanaşmalar müəyyənləşdirilib, Baş Plan təsdiq edilib və hazırda icra edilməkdədir. Bir sıra respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturu layihələri, o cümlədən Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin çəkilişi üzrə işlər intensiv xarakter almaqdadır.
Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi qrafik üzrə aparılır. Fasiləsiz elektrik enerjisi təminatı məqsədilə “Füzuli” yarımstansiyası istismara verilib. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabr ayının 26-da qardaş Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə reallaşdırılıb. Müasir texnologiyalar əsaslı hava limanının istismara verilməsi regionda səmərəli və çoxfunksiyalı nəqliyyat-logistika mərkəzinin formalaşdırılması üçün baza ola bilər.
Əlamətdar haldır ki, Füzuli şəhərinə “Böyük qayıdış” çevik şəkildə həyata keçirilməkdədir. Son aylarda Füzulinin keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qayıtmaqdadır. Füzuli şəhəri gündən-günə inkişaf etməkdədir və burada müasir şəhərsalma yanaşmaları tətbiq olunmaqdadır.
Füzuli şəhərinin Baş Planına əsasən şəhər 3 dairəvi avtomobil yolu ilə əhatə olunacaqdır. Eyni zamanda, Füzuli şəhəri “ağıllı şəhər” prinsipləri, rəqəmsal və müasir texnologiyalar əsasında inkişaf etdiriləcəkdir. 2040-cı ilədək Füzuli şəhərində 50 min insanın məskunlaşması gözlənilir və burada əsasən 4-5 mərtəbəli yaşayış binaları istismara verilməkdədir.
Füzuli şəhərində 9 ümumi və orta təhsil müəssisəsi, həmçinin 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir. 2023-cü il avqustun 23-də Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Tezliklə Qazaxıstanın “Bİ – Group” Holdinqi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşasını başa çatdıracaqdır.
2023-cü il Füzuli rayonu və ilk növbədə Füzuli şəhəri üçün xüsusilə əlamətdardır. Oktyabrın 17-də ilk dəfə Füzuli şəhəri günü qeyd edilir.
Ölkə prezidenti İlham Əliyevin iştirakı ilə oktyabrın 16-da bir sıra mühüm əhəmiyyət kəsb edən yaşayış məntəqələrinin və komplekslərinin, həmçinin müasir idman kompleksinin və uşaq baxçasının, eyni zamanda Füzuli şəhərində inzibati binanın təməlqoyma mərasimləri keçirilib. Qoçəhmədli kəndinə 1364 nəfərin köçürülməsi hədəflənib və bunun üçün 341 fərdi ev inşa olunacaqdır. Cuvarlı kəndində isə 1697 nəfərin köçürülməsi məqsədilə 2-4 mərtəbəli 21 yaşayış binası və 291 fərdi ev istismara veriləcəkdir. Bunlarla yanaşı, Füzuli şəhərində ikinci yaşayış kompleksində çoxfunksiyalı yaşayış zonası yaradılacaqdır və burada 653 mənzilə 2288 nəfərin köçürülməsi planlaşdırılıb. Ərazidə istirahət meydançası və digər rahat yaşayış infrastrukturu formalaşdırılacaqdır. Füzuli şəhərində üçüncü yaşayış kompleksində isə 3022 nəfərin yaşaması üçün planlaşdırılan 863 mənzil tikiləcəkdir.
Şəhərdə 240 yerlik uşaq bağçasının təməli də qoyulub. Digər sosial infrastruktur obyekti kimi Füzuli şəhərində təməli qoyulan və 17 hektar ərazidə yerləşəcək idman kompleksini qeyd etmək olar. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılacaqdır. Nəhayət Füzuli şəhərində inzibati binanın təməli də qoyulub və burada müvafiq qurumlar, o cümlədən regional qurumlar fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Böyük Qarabağ Zəfərindən sonra Füzuli rayonunun və Füzuli şəhərinin bərpası və dirçəldilməsi prosesi dövlət başçısının daim diqqət mərkəzindədir. 2020-ci il noyabrın 16-dan başlamaqla, prezident İlham Əliyev 15 dəfə Füzuliyə səfər edib, problemlərlə, quruculuq, dirçəliş tədbirlərinin gedişi ilə yerindəcə tanış olub, müvafiq tapşırıqlar verib, təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Füzulidə reallaşdırılan bərpa və quruculuq layihələrinin hazırki gedişindən yanaşsaq, əminliklə deyə bilərik ki, Füzuli rayonunun bərpa edilməsi artıq intensiv fazaya keçməkdədir və bütün bunlar “Böyük qayıdış”ın sürətləndirilməsini təmin edəcəkdir.
Şəfa ƏLİYEV, Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru
Müzakirə qapadılmışdır.