Füzuli şəhərinin bərpa edilməsi Qarabağin dirçəldilməsini intensivləşdirir

530

Müasir dövrümüzdə Azərbaycan xalqının və dövlətinin tarixi missiyaları kifayət qədər qürurvericidir. Dövlətimizin gücü artmaqdadır, torpaqlarımız işğaldan tam azad edilmiş və sürətlə bərpa-quruculuq layihələri icra olunmaqdadır. Müstəqilliyimiz tam olaraq təmin edilmiş və Azərbaycan regionun dinamik inkişaf edən güclü lider dövlətinə çevrilmişdir. Bu proseslərdə postkonflikt ərazilərin dirçəldilməsi həm də tarixi vəzifə və missiyadır.

17 oktyabr şəhər gününü qeyd edən Füzuli şəhəri Qarabağ iqtisadi rayonunun strateji inzibati vahidlərindən biridir. Şəhərin tikintisi, şəhər təsərrüfatının yaradılması, bir-birinin ardınca yaşayış massivlərinin salınması və intensiv şəkildə məskunlaşma proseslərinin həyata keçirilməsi təmin olunmaqdadır. Şəhər füsünkar gözəlliyi, arxitektura baxımdan cəlbediciliyi ilə diqqət çəkir. Müasir texnologiyalar əsaslı infrastruktur obyektləri şəbəkəsi istismara verilməkdədir və strateji əhəmiyyət kəsb edən layihələr həyata keçirilməkdədir.

Qeyd edək ki, Füzuli şəhərinin qədim tarixi vardır və bu şəhər 1403-cü ildən 1905-ci ilə kimi Qarabulaq adı ilə fəaliyyət göstərib. Təəssüf ki, sonrakı dövrlərdə Rusiya imperiyasının təsiri altında yaşayış məskəninin adı dəyişdirilmiş və çar polkovniki Qaryaginin adı verilmişdir. Füzuli Qarabağın formalaşması və inkişafı ilə bağlı olan tarixi proseslərdə önəmli yer tutur və ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə yaradılmışdır. Keçmiş SSRİ dövründə 1930-cı il avqust ayının 8-də inzibati rayon statusuna yiyələnmiş və Qaryagin rayonu adlandırılmışdır. Daha sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə 1950-ci ildə Füzuli adlandırılmışdır. Rayonun ərazisi mailli düzənliklərdən, həmçinin Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən formalaşmışdır. Rayon Azərbaycanın cənub sərhədləri – İranla Araz çayı boyunca sərhəd ərazisi kimi strateji əhəmiyyət kəsb edir. Ümumilikdə rayonun ərazisi 1,39  min kvadrat kilometrdir, əhalinin sayı isə 134 min nəfərdən çoxdur. Hazırda Füzuli şəhəri ilə bərabər, Horadiz şəhəri də müasir infrastruktura malikdir. Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış 11 yeni Qayıdış, 5 Zobucuk, 1 Fin qəsəbələri ilə yanaşı, 82 kənd mövcuddur.

Bir məqamı xüsusilə fərqləndirmək istərdik. Belə ki, dövlət başçısı cənab İlham Əliyev Füzuli şəhərinin dirçəldilməsinə və Füzuli rayonunun kənd yaşayış massivlərinin bərpa edilməsinə böyük əhəmiyyət verir. 18 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı qeyd etmişdir ki: “Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır… Füzuli şəhərinin azad edilməsi bizə mənəvi güc verdi. Bu amillər baxımından Füzuli şəhərinin infrastrukturunun formalaşdırılması və inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir”.

Dövlət başçısı tərəfindən Füzuli şəhərinin inkişaf etdirilməsi ilə bağlı konseptual yanaşmalar müəyyənləşdirilmiş, Baş Plan təsdiq edilmiş və hazırda icra edilməkdədir. Bir sıra respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturu layihələri, o cümlədən Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin çəkilişi üzrə işlər intensiv xarakter almaqdadır. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi qrafik üzrə aparılır. Fasiləsiz elektrik enerjisi təminatı məqsədilə “Füzuli” yarımstansiyası istismara verilmişdir. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabr ayının 26-da Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə reallaşdırılmışdır. Müasir texnologiyalar əsaslı hava limanının istismara verilməsi regionda səmərəli və çoxfunksiyalı nəqliyyat-logistika mərkəzini formalaşdırmaqdadır.

Füzuli şəhərinə “Böyük Köç” qayıdışı çevik şəkildə həyata keçirilməkdədir. Füzulinin keçmiş məcburi köçkünləri davamlı və planlı şəkildə öz doğma yurdlarına qayıtmaqdadır. Füzuli şəhəri gündən-günə inkişaf etməkdədir və burada müasir şəhərsalma yanaşmaları tətbiq olunmaqdadır. Eyni zamanda, Füzuli şəhəri “ağıllı şəhər” prinsipləri, rəqəmsal və müasir texnologiyalar əsasında inkişaf etdirilməkdədir. 2040-cı ilədək Füzuli şəhərində 50 min insanın məskunlaşması gözlənilir və burada əsasən 4-5 mərtəbəli yaşayış binaları istismara verilməkdədir. Füzuli şəhərində 9 ümumi və orta təhsil müəssisəsi, həmçinin 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir.

2023-cü il avqustun 23-də Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olmuşdur. Bundan əlavəQazaxıstanın “Bİ – Group” Holdinqi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini istismara vermişdir.

2023-cü il Füzuli rayonu və ilk növbədə Füzuli şəhəri üçün xüsusilə əlamətdar olmuşdur. Belə ki, oktyabrın 17-də ilk dəfə Füzuli şəhəri günü qeyd edilmiş və ölkə Prezidenti İlham Əliyev bu tarixi mərasimdə iştirak etmişdir. 2023-cü ilin oktyabr ayının 16-da bir sıra mühüm əhəmiyyət kəsb edən yaşayış məntəqələrinin və komplekslərinin, həmçinin müasir idman kompleksinin və uşaq baxçasının, eyni zamanda Füzuli şəhərində inzibati binanın təməlqoyma mərasimləri keçirilmişdir. Qoçəhmədli kəndinə 1364 nəfərin köçürülməsi hədəflənib və bunun üçün 341 fərdi ev inşa olunacaqdır. Cuvarlı kəndində isə 1697 nəfərin köçürülməsi məqsədilə 2-4 mərtəbəli 21 yaşayış binası və 291 fərdi ev istismara veriləcəkdir. Bunlarla yanaşı, Füzuli şəhərində ikinci yaşayış kompleksində çoxfunksiyalı yaşayış zonası yaradılacaqdır və burada 653 mənzilə 2288 nəfərin köçürülməsi planlaşdırılıb. Ərazidə istirahət meydançası və digər rahat yaşayış infrastrukturu formalaşdırılacaqdır. Füzuli şəhərində tikiləcək üçüncü yaşayış kompleksində isə 3022 nəfərin yaşaması üçün planlaşdırılan 863 mənzil tikiləcəkdir. Şəhərdə 240 yerlik uşaq bağçasının təməli də qoyulub. Digər sosial infrastruktur obyekti kimi Füzuli şəhərində təməli qoyulan və 17 hektar ərazidə yerləşəcək idman kompleksini qeyd etmək olar. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılacaqdır. Nəhayət Füzuli şəhərində inzibati binanın təməli də qoyulub və burada müvafiq qurumlar, o cümlədən regional qurumlar fəaliyyət göstərəcəklər. 2023-cü il oktyabrın 17-də Füzuli şəhərində səfərdə olarkən prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etmişdir ki: “bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimzidə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir… İki il öncə biz burada – Füzulidə təməlqoyma mərasimində iştirak edəndə burada heç nə yox idi. Doğurdan da hər yan xaraba idi. İndi çox şükür, var olun, böyük, abad bir şəhərə çevrilibdir, qürurvericidir”.

Rayonda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Belə ki, rayonun güclü iqtisadi resursları, o cümlədən bir sıra ənənvi və yeni iqtisadiyyat sahələrinin intensiv inkişafına imkan verən potensialı vardır. Füzulidə ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilmişdir. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzində olmuş, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşımışdır.

Şəhərin Baş Planına əsasən Füzuli şəhərinə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq və 3 dairəvi avtomobil yolu çəkiləcəkdir. Bundan əlavə ictimai nəqliyyatın inkişafı prioritetlik təşkil edəcəkdir. Ekoloji mühitin sağlamlaşdırılması, “yaşıl” iqtisadiyyat elementlərinin geniş yer alması, rekreasiyayönlü ərazilərin təmin olunması, müasir park və meydanların yaradılması prosesləri sürətlənməkdədir. Əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı əsas tədbirlər və ərazilər Füzuli şəhərinin şərq zonasında, yəni hava limanına yaxın ərazidə reallaşdırılacaqdır.

2040-cı ilədək Füzuli şəhərində 50 min insanın məskunlaşdırılması nəzərdə tutulmuşdur və bunun nəticəsində əhali sayı 1993-cü illə nisbətdə 2,5 dəfə yüksələcəkdir. Şəhərdə əsasən 4-5 mərtəbəli yaşayış binaları tikiləcəkdir və bu proseslərə start verilmiş, ilk yaşayış binaları hazır vəziyyətə gətirilmiş və keçmiş məcburi köçkünlərin sərəncamına verilmişdir. Şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, həmçinin 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir. Bundan başqa digər sosial obyektlər – xəstəxana, sağlamlıq mərkəzi, idman və mədəniyyət mərkəzi, əvvəldə qeyd etdiyimiz kimi park və meydanlar inşa ediləcəkdir və bunların bəzilərinin tikintisinə başlanılmışdır. Cuvarlı və Qoçəhmədli kəndlərinin bərpa edilməsi layihələrinin icrasına başlanılmışdır.

Füzuli şəhərinin dayanıqlı inkişaf prinsipləri əsasında, yəni idarəetmənin təkmil olması, iqtisadiyyatın səmərəliliyi, sosial rifahın təmin edilməsi və ətraf mühitin qorunması prinsipləri üzrə inkişaf etdirilməsi prioritetlik təşkil edəcəkdir.

Ümumilikdə Füzuli şəhərində və Füzuli rayonunun kəndlərində reallaşdırılan bərpa və quruculuq layihələrinin hazırki gedişindən yanaşsaq, əminliklə deyə bilərik ki, ilk növbədə Füzuli şəhərinin sürətlə bərpa edilməsi Qarabağın dirçəldilməsini əhəmiyyətli səviyyədə intensivləşdirməkdədir.

ŞƏFA ƏLİYEV,

Professor, iqtisad elmləri doktoru. UNEC Qarabağİqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər