“Gənclər və İqlim Qanunvericiliyi” layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib
2 dekabr 2024-cü il tarixində “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gənclər və İqlim Qanunvericiliyi” layihəsi çərçivəsində maraqlı və səmərəli bir dəyirmi masa tədbiri keçirilib. Tədbirə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, layihənin eksperti və təlimçisi Samir İsayev, həmçinin ekoloji məsələlərə maraq göstərən bir çox gənc qatılıb.
Dəyirmi masanın əsas mövzusu, gənclərin ekoloji qanunvericilikdəki rolu, üzləşdikləri çətinliklər və bu problemlərin həll yollarını müzakirə etmək olub. Tədbirin əsas məqsədi, gəncləri ekoloji məsələlər haqqında maarifləndirmək, ekoloji biliklərini artırmaq və onların dayanıqlı inkişaf istiqamətindəki fəaliyyətlərini dəstəkləmək idi.
Tədbir zamanı Samir İsayev iştirakçılara ekoloji qanunvericilik və gənclərin bu prosesdə iştirakının vacibliyindən danışıb.
Fərman Kazımov gənclərə öz tövsiyələrini verərək, Sumqayıt şəhərinin ekologiya sahəsindəki layihələri ilə bağlı maraqlı məlumatlar təqdim edib.
İştirakçılar qlobal istiləşmə, tullantıların idarə edilməsi və ekoloji maarifləndirmə sahəsində öz fikirlərini ifadə ediblər.
Gənclər arasında komanda işləri və qrup müzakirələri də təşkil olunub. Onlar ekoloji problemlərə dair təqdimatlar hazırlayaraq, yaratdıqları həll yollarını həmkarları ilə bölüşüblər. Tədbirin sonunda iştirakçılar layihənin davamlılığını təmin etmək üçün davamlılıq tədbirləri ilə bağlı fikirlərini bölüşüblər.
“Gənclər və İqlim Qanunvericiliyi” layihəsi, Azərbaycan Respublikası Gənclər Fondunun “Yaşıl dünya naminə həmrəylik ili” qrant müsabiqəsinin dəstəyi ilə həyata keçirilib. Bu cür tədbirlər, gənclərin ekoloji məsələlərə yanaşmasını gücləndirmək və onların biliklərini real tətbiqlərə çevirmək üçün mühüm bir platforma yaradır.
Ətraf mühitə duyarlı gənclər ilə gələcək daha yaşıl olacaq!
Müzakirə qapadılmışdır.