Zəngin və taleyüklü hadisələrlə dolu olan Azərbaycanın müasir tarixi bütün dövrlərin ən həssas, ən qürurlu dönəmini yaşayır. Əminliklə söyləmək olar ki, dövlətimiz heç zaman bu qədər güclü olmayıb. Bu nailiyyətlər Prezident İlham Əliyev sayəsində əldə edilib. Onun uzaqgörən, qətiyyətli siyasəti nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, ərazi bütövlüyünü təmin etdi, beynəlxalq arenada nüfuzunu artırdı, xalqımızın sosial rifahı yüksəldi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi sahədə böyük uğurlar əldə edib: “İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması ölkəmizin iqtisadi dayanıqlılığını təmin etdi. Hər il əməkhaqları və pensiyalar əhəmiyyətli dərəcədə artırılır, əhalinin sosial müdafiəsi gücləndirilir. Kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli şərait yaradılır, yeni iş yerləri açılır. Yol, elektrik, su və qaz təchizatı sahələrində görülən irimiqyaslı işlər sayəsində Azərbaycan bu gün regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi böyük layihələr ölkəmizi dünya iqtisadiyyatına inteqrasiya etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı tədbirlər, geniş islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkədir. Regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olan ölkəmiz mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi nəzərdə tutulub. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Prezident İlham Əliyevin beynəlxalq təşkilatlar qarşısında səsləndirdiyi prinsipial və qətiyyətli tələblər ölkəmizin haqq işinin dünya tərəfindən qəbul edilməsinə və dəstəklənməsinə səbəb oldu. Regional və qlobal layihələrdə Azərbaycanın iştirakı, müxtəlif ölkələrlə iqtisadi və mədəni əlaqələrin inkişafı dövlətimizin nüfuzunu artırdı. COP29-a ev sahibliyi etmək hüququnun qazanılmasının özü dövlətimizin beynəlxalq mövqeyinin güclənməsindən xəbər verir. Bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın ekoloji problemlərin həllində fəal olduğunu, qlobal təşəbbüslərlə çıxış etdiyini göstərir. Bu il dekabrın 19-da Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi də tarixi hadisədir. Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunub. Bu, bizim üçün yeni səhifədir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsinə töhfələr verəcək”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın xarici siyasəti müstəqilliyə, ədalətə və milli maraqlara əsaslanır: “Azərbaycan Prezidenti ən çətin zamanlarda – təzyiq və təhdidlərin gücləndiyi dövrlərdə belə milli məsələlərdə güzəştə geyməyib.
Şübhəsiz ki, Ali Baş Komandan İlham Əliyevin ən böyük qələbəsi işğalçı Ermənistanı məğlub etməsi, separatizmin kökünü kəsməsi və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. 24 saatdan da az müddətə başa çatdırılan antiterror tədbirləri nəticəsində Ordumuz tam qələbə qazandı. Üçrəngli bayrağımız Xocalıda, Xankəndidə dalğalandı.
Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
Xarici siyasətdə peşəkarlığı, beynəlxalq münasibətlərdə etibarlılığı, xalqla təmasda səmimiliyi ilə seçilən Prezident düşmən qarşısında güclü, dönməz iradəsi ilə diqqət cəlb edir. İnanıram ki, Prezident İlham Əliyev yorulmaz fəaliyyəti, qətiyyəti və xalqına olan sevgisi sayəsində dövlətimiz daha böyük nailiyyətlərə imza atacaq”.
Müzakirə qapadılmışdır.