Güclü iqtisadiyyat, güclü sosial dövlət: Prezident İlham Əliyevin inkişaf modeli

418

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə başlayan hakimiyyət dövrü Azərbaycan tarixində əlamətdar bir hadisədir. Onun əsasını İlham Əliyevin fenomenal tarixi şəxsiyyəti, dövlətçilik fəlsəfəsi, qarşıya qoyulmuş məqsəd və vəzifələrə çatmaq üçün tətbiq etdiyi strategiya və taktikalar təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və davamı siyasət sayəsində cahanşümul uğurlara imza atılmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə edilmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla, dövrün tələblərinə uyğun daha da zənginləşdirilmiş formada davam etdirilməsi qarşıdakı dövr ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərin miqyasının daha da genişləndirilməsinə möhkəm zəmin yaratmışdır.
İlham Əliyevin iqtidarı dönəmində Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlmişdir. Əgər Azərbaycanda adambaşına düşən ÜDM 2003-cü ildə 888,6 dollar idisə, hazırda bu rəqəm 4214,3 dollara yüksəlmişdir. Bildiyiniz kimi bu beynəlxalq səviyyədə, ölkələrin iqtisadi gücünü və orta əhalinin rifahını göstərən əsas, ümumiləşdirilmiş makroiqtisadi göstəricidir və İlham Əliyevin rəhbərliyi sayəsində təxminən 5 dəfəyə qədər artmışdır.
Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində qurulmuş uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu yenidən qurulmuş və modernləşdirilmişdir. Məhz İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar ki, tamamilə yenilənmiş, ölkə tamamilə qazlaşdırılmış, elektrikləşdirilmiş, yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri istifadəyə verilmiş, hava limanları (6-si beynəlxalq statuslu olmaqla) tikilmiş, minlərlə kilometr modern avtomobil yolları çəkilmişdir.
Azərbaycan İlham Əliyevin gərgin əməyi sayəsində bu gün dünya üçün əhəmiyyətli, cazibədar ölkəyə çevrilmişdir. Ölkəmiz iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Cənab Prezidentin təbirincə desək, Azərbaycan hazırda valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Həm də Azərbaycan xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir.
2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat olmuş və ÜDM-in 21,7 faizini təşkil etmişdir. Müqayisə üçün qeyd etmək olar ki, əksər inkişaf etmiş ölkələrdə bu göstərici 100%-dən də yuxarıdır.
2025-ci ilin noyabr ayında Azərbaycanın strateji valyuta ehtiyatları (AMB + ARDNF) artaraq 83.5 milyard dollara çatmışdır, bu da xarici dövlət borcunu təxminən 17 dəfə üstələyir, Mərkəzi Bankın öz valyuta ehtiyatları isə il boyu artım nümayiş etdirərək həmin dövrə nəzərən 11.433 milyard dollar təşkil etmişdir.
Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsi olaraq 2024-cü ildə Azərbaycan güclü iqtisadi göstəricilərə nail oldu, ümumi daxili məhsulun (ÜDM) artımı 4 faizi keçdi. Qeyri-neft sektoru bu mühüm nailiyyətdə əhəmiyyətli rol oynayaraq 6 faizdən çox artdı. Bu dəyişiklik Azərbaycan iqtisadiyyatının uzunmüddətli strateji hədəf olan neftdən daha az asılı olduğunu göstərir. Prezident İlham Əliyevin bu uğuru, heç şübhəsiz, uzun illərdir aparılan düşünülmüş iqtisadi islahatlar, şəffaflıq və inhisarçılıq təcrübələrinə qarşı mübarizəyə yönəlmiş siyasətlə əlaqədardır. Bu nailiyyətləri beynəlxalq reytinq agentlikləri də qeyd edərək, Azərbaycana dair qiymətləndirmələrində müsbət dəyişiklik nümayiş etdirirlər. Azərbaycanın 2025-ci il üzrə rəsmi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) İndeksi (SDG Index) üçün nəticələri hələ tam açıqlanmasa da BMT Azərbaycanda BMT-nin DİM-lərə dəstəyi çərçivəsində Azərbaycanda dayanıqlı inkişafın izlənməsi davam etdirilir. Bu şkala üzrə ölkəmiz 2022-ci ildə 5 pillə irəliləyərək 100 baldan 73.5 toplamışdır.
Məlumdur ki, hazırda enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. İlham Əliyevin enerji təhlükəsizliyi və iqtisadi dayanıqlığa sadiqliyi Azərbaycanın Xəzər regionunda enerji mərkəzi kimi ortaya çıxmasında mühüm rol oynamışdır. Onun iti ağlı və zəkası, həmçinin diplomatik məharəti burada da öz sözünü demişdir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, sonrakı ildə isə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Onun prezidentliyinin ən əhəmiyyətli mərhələlərindən biri, ölkənin geosiyasi əhəmiyyətini artıran və Azərbaycanın Avropaya təbii qaz ixracını təmin edən flaqman layihə olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi olmuşdur. 40 milyard dollardan çox dəyərində olan bu layihə, Azərbaycanın Avropaya qaz ixracının 2025-ci ilə qədər 10 milyard kubmetrə çatacağı gözlənilir. Bu strateji addım Azərbaycanı təkcə əsas enerji təchizatçısı kimi yerləşdirmədi, həm də ölkənin enerji sektorundakı qlobal təsirini artırdı.
İqtisadi artım baxımından İlham Əliyev güclü qeyri-neft sektorunun inkişafına nəzarət etmiş və ölkənin iqtisadi sabitliyinin yalnız enerji ixracından asılı olmamasını təmin etmişdir. Azərbaycanın qeyri-neft sektorunun ÜDM-dəki payı 2003-cü ildəki 45%-dən 2025-ci ilin hazırkı dövrdəki 69.4%-ə qədər əhəmiyyətli dərəcədə artmışdır və kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları kimi əsas sənaye sahələri əhəmiyyətli investisiyalar almışdır. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, yeni avtomobil yolları və limanlar kimi genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə kömək etmişdir. Bu, Azərbaycanın dünya ölkələri ilə ticarət əlaqələrini genişləndirmiş, beynəlxalq bazarlara çıxışı yaxşılaşdırmış və regional təsirini gücləndirmişdir. 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı rekord həddə – 3,1 milyard dollara çatmış, istehsal ixracında isə 10% artım müşahidə olunmuşdur ki, bu da ölkənin şaxələndirmə sahəsindəki uğurlu səylərini vurğulayır.
İlham Əliyevin beynəlxalq səviyyədə həyata keçirdiyi müdrik yanaşmalar qlobal iqlim dəyişikliyi məsələlərinə münasibətdə də özünü göstərir. Onun liderliyinin qlobal miqyasda təsdiqi özünü Azərbaycan BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) sahiblik edərkən göstərdi. 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 sammiti Azərbaycanın beynəlxalq mövqeyi üçün əhəmiyyətli bir mərhələ oldu. Prezident İlham Əliyev sammitin nəticələrindən, xüsusən də iqlim dəyişikliyi ilə mübarizə üçün 300 milyard dollar səfərbər etmək öhdəliyindən razı qaldığını bildirməklə bu nailiyyətin Azərbaycanın qlobal ekoloji diplomatiyada artan rolunu əks etdirdiyini vurğuladı. İlham Əliyev, bu cür beynəlxalq platformalarda Azərbaycanın aktiv iştirakını təmin etmək üçün bir sıra strateji addımlar atmaqdadır. Bu tədbir həmçinin Azərbaycanın ekoloji və iqtisadi inkişaf modelini beynəlxalq səviyyədə tanıtmaq üçün əhəmiyyətli bir fürsət kimi dəyərləndirilə bilər.
İlham Əliyevin iqtisadi siyasətin mərkəzində hər zaman Azərbaycan insanı dayanmış və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilmişdir. Dövlət başçısının tapşırıqları əsasında xüsusilə son illər aparılan inqilabi sosial islahatlar ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunmasını təmin etmiş, pensiyalar, sosial müavinətlər, əmək haqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”, – deyən ölkə başçısı imzaladığı fərman və sərəncamlarla respublikamızın sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin etmişdir.
2026-cı il üçün müəyyənləşdirilən dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi olacaqdır. 2026-cı ildə də sosialyönümlü olacaq Azərbaycanın dövlət büdcəsinin xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək.
Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi təmin edilmiş, ölkənin iqtisadi dividendlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə istinad edən inkişaf strategiyasının mükəmməl əsaslara söykəndiyi bir daha öz təsdiqini tapmışdır. İlham Əliyevin müəllifi olduğu Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər-də 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verilir. Burada Azərbaycan dövlətinin ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçdiyi öz əksini tapmışdır. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil etdiyi qeyd olunmuşdur.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Onun uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyətinin vahid amal naminə səfərbər olaraq qazandığı Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoydu. Ölkəmiz 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltdi və öz gücünü bütün dünyaya sübut etdi.
Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insan¬ların rahat və firavan yaşayışının təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunur. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etməyə başlamış, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bununla da yeni kənd təsərrüfatı torpaqları, yeni faydalı qazıntı yataqları, yeni turizm marşrutları, yeni nəqliyyat şəbəkələri, yeni alternativ enerji mənbələri, yeni su resursları və s. istehsal dövriyyəsinə qaytarılmışdır. Bütün bunlar, təbii ki Azərbaycanın iqtisadi artım potensialının artırılmasına xidmət edən amillərdir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq görür. Prezident bu sahədə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verilməsinə tərəfdardır. Cənab Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır. 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılmışdır.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir tarixinin ən qüdrətli, ən sabit və ən dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Heç şübhəsiz ki bu siyasət gəlcəkdə də ardıcıl və məqsədyönlü şəkildə həyata keçiriləcək, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı təmin ediləcəkdir.

Biznesin idarə edilməsi kafedrasının müdiri dos. Qalib Hüseynov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər