GÜCLÜ ORDUDAN GÜCLÜ AZƏRBAYCANA DOĞRU

195

Azərbaycan xalqının tarixində ordu hər zaman milli varlığın, suverenliyin və dövlətçiliyin başlıca dayaqlarından biri kimi çıxış etmişdir. Hər bir müstəqil dövlətin mövcudluğunu və gücünü müəyyən edən əsas amillərdən biri onun silahlı qüvvələrinin səviyyəsidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri də bu gün təkcə regionda deyil, beynəlxalq aləmdə də güclü və peşəkar ordu kimi tanınır. Bu uğur, heç şübhəsiz, dövlətimizin hərbi quruculuq siyasətinin nəticəsidir.

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur. Bu əlamətdar tarix, müasir Azərbaycanın ordu quruculuğundakı nailiyyətlərini təcəssüm etdirən, ordunun keçdiyi çətin, lakin şərəfli inkişaf yolunun bir növ zirvəsidir. Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpası və milli təhlükəsizliyin təmin olunması istiqamətində Silahlı Qüvvələrimizin rolu danılmazdır.

Azərbaycan Ordusunun təməli XX əsrin ikinci yarısından etibarən qoyulmağa başlanmışdır. 1969-cu ildə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hələ o dövrdə hərbi kadrların hazırlanması məsələsini prioritet istiqamət kimi müəyyənləşdirdi. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması mühüm tarixi addım oldu. Bu təhsil ocağı azərbaycanlı gənclərin hərbi sahəyə marağını artırmaqla yanaşı, milli zabit korpusunun formalaşması üçün təməl baza yaratdı.

SSRİ-nin müxtəlif hərbi məktəblərinə azərbaycanlıların qəbuluna şərait yaradılması da həmin dövrdə görülən işlərdən biri idi. Lakin müstəqillik dövrünün ilk illərində ölkədə siyasi qeyri-sabitlik, silahlı dəstələrin pərakəndə fəaliyyəti və nizami ordunun olmaması düşmənin təcavüzünü sürətləndirdi. 1993-cü ildə xalqın təkidilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bu dağınıq silahlı birləşmələri ləğv edərək nizami ordu quruculuğuna başladı.

1994-cü il atəşkəs razılaşmasından sonra Silahlı Qüvvələrin strukturlaşdırılması və texniki təminatı prosesləri genişləndirildi. 1998-ci ildə imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü kimi təsis olunması dövlətin orduya verdiyi yüksək dəyərin rəmzi idi. Hərbi təhsilin təkmilləşdirilməsi istiqamətində 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə hərbi məktəblərin yenidən adlandırılması bu siyasətin davamı idi.

Prezident İlham Əliyev ordu quruculuğu siyasətində Ulu Öndərin müəyyən etdiyi kursu müasir çağırışlara uyğun formada davam etdirir. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrimizin texniki təchizatı, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı yeni mərhələyə qədəm qoydu. Müdafiə büdcəsi hər il artırıldı, 2025-ci il üçün bu rəqəm 8,4 milyard manata çatdırıldı. Orduda xidmət edənlərin sosial rifahı və mənzil təminatı istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanın hərbi sənaye kompleksi quruldu, yerli istehsal imkanları genişləndi. Artıq ölkədə 1000-dən çox hərbi təyinatlı məhsul istehsal edilir. Xarici hərbi əməkdaşlıq sahəsində NATO ilə 1990-cı illərdən etibarən başlanan əməkdaşlıq nəticəsində ordumuz müasir standartlara uyğunlaşdırıldı. Azərbaycan hərbçiləri beynəlxalq missiyalarda təcrübə qazandılar və sülhməramlı səylərdə iştirak etdilər.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı 2000 hektardan artıq ərazisi azad edildi. Bu döyüşlərdə qazanılan təcrübə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə vurmasına zəmin yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi azad etdi.

2023-cü ilin 19 sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın tam suverenliyini təmin etdi. Yalnız 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində separatçılar silahı yerə qoydu, bölgə Azərbaycanın konstitusiya qaydalarına tam tabe edildi. Bu, həm də hərbi qüdrətin diplomatik nəticəyə çevrilməsinin bariz nümunəsidir.

Vətən müharibəsindən sonra qazanılmış təcrübə ordunun strukturuna yeni elementlər daxil etməyi zəruri etdi. Komando hərbi hissələrinin yaradılması bu istiqamətdə mühüm addımdır. Yüksək təlim keçmiş bu birliklər istənilən şəraitdə döyüş tapşırıqlarını icra edə bilirlər. Prezident İlham Əliyev bu briqadaların sayının artırılmasını və onların xüsusi statusla formalaşdırılmasını prioritet hesab edir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında yenidən qurulması ilə bağlı Şuşa Bəyannaməsində mühüm müddəalar yer alır. Birgə təlimlər, texnologiya mübadiləsi, ortaq istehsalat və müdafiə sənayesində əməkdaşlıq ordumuzun daha da möhkəmləndirilməsinə xidmət edir.

Silahlı Qüvvələrin peşəkar kadrlarla təmin olunması üçün hərbi təhsil sahəsində ciddi islahatlar həyata keçirilir. Milli Müdafiə Universiteti, Bakı, Gəncə və Naxçıvan Hərbi Kollecləri bu sistemin əsas tərkib hissələridir. 2024–2025-ci tədris ilindən etibarən kursantlara aylıq təqaüdlər, birdəfəlik ödəmələr və məzun olduqdan sonra ipoteka dəstəyi veriləcək. Bu təşviqlər gənclərin hərbi sahəyə marağını artıracaq və milli təhlükəsizliyin əsaslarını daha da möhkəmləndirəcək.

Bu gün Azərbaycan Ordusu təkcə silahlı bir qüvvə deyil, dövlətçiliyimizin dayağı, xalqımızın qüruru və milli kimliyimizin qoruyucusudur. Bu ordu bir əsrdən artıq tarixə, şərəfli döyüş yoluna, qalibiyyətlərlə dolu gələcəyə sahibdir. Silahlı Qüvvələrin inkişafında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin məqsədyönlü və sistemli yanaşması müstəsna rol oynayıb.

Bu gün Silahlı Qüvvələr Günü Azərbaycan xalqı üçün qürur, fədakarlıq, əzm və zəfərin simvoludur. İkinci Qarabağ müharibəsində əldə olunan qələbə və suverenliyin bərpası ordumuzun əzmi və peşəkarlığının nəticəsidir. Bu ordunun sıralarında xidmət etmək hər bir Azərbaycan gənci üçün həm şərəf, həm də müqəddəs borcdur.

Azərbaycan Silahlı Qüvvələri bundan sonra da modernləşməyə davam edəcək, regional və qlobal təhlükələrə qarşı hər zaman hazır olacaq. Güclü ordu – güclü dövlət deməkdir. Və bu gün biz fəxrlə deyə bilərik: Azərbaycanın güclü ordusu var!

 Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər