Gur işıqlı şəhərim

485

(Sumqayıt şəhərinin 74 illiyinə ithaf edirəm)

Alqış sənin qələbənə,
Gündən-günə ucalırsan.
Nəsillərə şərbət olub,
Nəsillərdən güc alırsan.

Sumqayıt şəhəri azərbaycanlıların milli və mənəvi simasını özündə əks etdirən, çətin və ağır günlərdə ləyaqət və şərəfini qoruyub saxlayan möhkəm iradəli, vətənpərvər, əməksevər insanların şəhəridir. Haqlı olaraq deyiblər ki, Sumqayıtlı bərkə-boşa düşmüş, odda yanmaz, suda batmaz, ələ keçməz partizan kimi hər sınaqdan üzüağ çıxmış, həyat mübarizəsində özünün yaşamaq qabiliyyətini sübut edən əsl zəhmət adamıdır. Sumqayıt şəhərinin mayası zəhmətlə, qeyrətlə, məhəbbətlə, halallıqla yoğrulub. Sumqayıt inadkar, iradəli, dözümlü və əmək meydanında hünərlə döyüşən insanların şəhəridir. Sumqayıtlıların əksəriyyəti kənd adamı kimi zahirən cod, ipə-sapa yatmayan, lakin aza qane olmağı bacaran insanlardır. Həyatsevərliyi üstün tutmaq onların səciyyəvi cəhətləridir. Sumqayıt sakinləri zövqünə, əxlaqına görə halallığı sevən, cəmiyyətin müftəxor ünsürlərinə qarşı barışmaz mövqedə duran insanlardır.

Adı əfsanələrdən yaranmış və əfsanəvi bir inkişaf yolu keçmiş Sumqayıt 1949-cu ildə şəhər statusu alıb. 22 noyabr 2023-cü ildə doğma şəhərimizin 74 yaşı tamam olur. Qədim, zəngin tarixi olan şəhərlərlə rəqabət aparmağa qadir olan Sumqayıt üçün 74 il o qədər də uzun müddət olmasa da, ən ümdəsi odur ki, bu illər ərzində Sumqayıt da, sumqayıtlılar da həm müdriklik, həm də gənclik dövrlərini yaşayıblar. 74 yaşlı şəhərimizin hansı dövrünə baxsan fərəhlənirsən, qürur hissi keçirirsən, şəhərin sənayə, tikinti, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyatının  əsl inkişafının, yüksəlişinin şahidi olursan. Bu şəhərin təbiəti, varlığı belədir. Burada həyat həmişə qaynayıb, Sumqayıt və sumqayıtlılar illərin qoynunda yaşa dolub şəhərin tarixinə, salnaməsinə parlaq səhifələr yazmışlar.

1938-ci ilə qədər uzaq tarixdən boylanan bir yaşayış ərazisi olan Sumqayıt 1938-ci ildən Bakı Neft Sənayəsinin elektrik enerjisi ilə təmin edəcək bir məntəqə rolunu oynayırdı. Burada yeni sənaye obyektlərinin-fabrik və zavodların salınması,iş yerlərinin yaranması, çoxsaylı işçilərə olan tələbat həm Azərbaycandan, həm də keçmiş SSRİ-nin bir sıra bölgələrindən müxtəlif peşə sahiblərini buraya gəlməyə sövq edirdi.

Qucağına hər diyardan,

Naxçıvandan, Xankəndindən,

Uzaq-uzaq dağ kəndindən,

Ərlər gəldi, nərlər gəldi,

Əlbir oldu, dilbər oldu,

Hamı burda.

Şirinləşdi ağzımızın,

Dadı burda, tamı burda.

1949-cu ildə əhalinin sayı 17 mini keçmişdi. Sumqayıtı qurub-yaradanların milli tərkibi də geniş idi.Sumqayıtda 1959-cu ildə 10, 1970-ci ildə 15, 1979-cu ildə 77, 1989-cu ildə 81 millətin nümayəndəsi yaşayır-işləyirdilər. 1989-cu il ümumittifaq siyahıya alınmasının statistik materiallarına görə şəhər əhalisinin milli tərkibi sayına görə belə idi. Azərbaycanlı 208.144 nəfər, rus 26.685 nəfər, ləzgi 7.088 nəfər, erməni 4.008 nəfər, ukraynalı 2.314 nəfər, belarus 848 nəfər, talış 100 nəfər, fransız 1 nəfər təşkil edirdilər.  Burada 81 millətin nümayəndəsi çalışır, sıx dostluq əlaqəsi ilə birləşirdi. Şəhərin qurucuları əsasən gənclər idi. 70 il hökmranlıq etmiş sovet imperiyasının süqutu 1988-ci ildə bu imperiyanın yaratdığı yalançı “beynəlmiləlçilik” ideyasının puçluğu nəticəsində bir sıra millətlərin nümayəndələri şəhəri tərk etdilər. Məlum hadisələrə görə, istər Ermənistandan, istərsə də işğala məruz qalmış Qarabağ və onun ətrafındakı 7 rayondan didərgin salınmış bir milyona yaxın soydaşlarımızın minlərlə köçkünlərinə qucaq açdı doğma şəhərimiz. Hazırda şəhərimizin əhalisi 300 mini keçib.

Qəhrəmanlar şəhəridir Sumqayıt. Ən çətin vaxtlarda keçilməz cəbhəni yaran 10 nəfər Sosialist Əmək Qəhrəmanı qəhrəmanlıq zirvəsinə Sumqayıtın müxtəlif müəssisələrində çatıblar, ürəklərdə əbədiləşiblər.

Haşiyə. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun təşəbbüsü ilə həmin qəhrəmanların adına küçə, yaşadıqları evlərin qarşısında xatirə lövhələri asıldı. İlk metallurq qadın Zəminə Həsənovanın doğulduğu qəsəbədə büstü qoyuldu.

Böyük Vətən Müharibəsindən sonrakı illərdə şəhərin bütün sahələrində quruculuq işləri geniş vüsət aldı. Bu başqa sahələr kimi təhsil sistemində də özünü bariz şəkildə göstərirdi. 1949-1952-ci illərdə Sumqayıtda fəaliyyət göstərən Corat 7 №li kənd məktəbi, 1931-ci ildə ibtidai məktəb kimi Tuğ zavodu ərazisində yerləşən 42 nömrəli məktəb, hazırda Təbiət elmləri təmayüllü məktəb kimi tanınan 145 nömrəli məktəb Bakı Şəhər Xalq Maarif Şöbəsinin tabeliyində fəaliyyət göstərmiş, 1952-ci ildə Sumqayıt Xalq Maarif Şöbəsi yaradılmış və həmin məktəblər Bakı Xalq Maarif Şöbəsindən ayrılmışdır.

Şəhərin hərtərəfli inkişafı-iqtisadiyyatı, mədəniyyəti kimi, təhsil quruculuğu da 1969-ci ildən sonra daha geniş vüsət almışdır ki, bu da heç şübhəsiz, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün şəhərimizdə mövcud təhsil müəssisələri şəbəkəsinin inkişaf dinamikasına nəzər saldıqda bu müdrik xalq liderinin ölkəyə rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə onun  səyi, təşəbbüsü və nəzarəti nəticəsində görülmüş işlərə heyrətlənməmək olmur. Vaxtının məhdudluğuna, işinin gərginliyinə baxmayaraq, Ulu Öndər  16 dəfə şəhərimizə gəlmişdir ki, hər gəlişi də bir tarixə çevrilmişdir. Sumqayıt və sumqayıtlılarla şəhərdə gedən quruculuq işləri ilə tanış olarkən öz müdrik kəlamlarını da bəxş etmişdir. Onun, xüsusilə, təhsilimizin inkişafı ilə dediyi aşağıdakı ifadələr şəhərimizin təhsil tarixinə qızıl hərflərlə həkk olunmuşdur:

“Sumqayıt yüksək səviyyəli məktəblər və müəllimlər şəhəridir”, “Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir”.

Ulu Öndərin müxtəlif vaxtlarda dediyi bu müdrik kəlamlar həqiqətdir, şəhərimizin təhsil dinamikasının güzgüsüdür. Bu həqiqəti görmək üçün şəhərimizin son 10 ildə inkişaf dinamikasına diqqət yetirmək kifayətdir.

Hazırda şəhərimizdə 43 tam orta ümümtəhsil məktəbi, 4 yeni tipli (3lisey və gimnaziya), 3 internat, 4 məktəbdənkənar-tərbiyə müəssisəsi, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, bir universitet və 4 texnikum  (kollus)  fəaliyyət göstərir.

Bu müəssisələrdə öz peşəsinin vurğunu olan, təkcə şəhərimizdə yox, ölkəmizdə tanınan yüzlərlə təhsil işçiləri çalışmaqda, gənc nəslin tərbiyəsinə, təliminə öz töhfələrini verməkdədir.

Mən də həmyaşıdlarım kimi Sumqayıtın abadlaşmasında, quruculuğunda ürəkdən iştirak etmişəm. Özümə yaxın dostları, sirdaşları burada tapmışam, ev-eşik sahibi olmuşam, qız köçürüb, gəlin gətirmişəm. Şirin-şəkər nəvələrim, nəticələrim Sumqayıtın qoynundan dünyaya göz açıblar:

Nəvələr çiynimdən asılır,

Nənəmin naxışlı xurcunu tək.

Biri qoltuğuma qısılır,

Biri başını sinəmə qoyur,

Cüyür balası tək.

53 ildir gözəl şəhər, yaraşıqlı şəhər, gur işıqlı şəhər-Sumqayıtda yaşayıram. Bu illər ərzində bir çox hadisələrin canlı şahidi olmuşam. Həyatım hadisələrlə zəngindir. Xalqımızın başına gətirilən bəlalar, müsibətlər, məşəqqətlər, milli mədəniyyətimizə vurulan zərbələr, mənəvi dəyərlərimizə edilən xəyanət, amansız, qəddar düşmənlərimizin xalqımıza qarşı törətdiyi faciələr, soyqırımlar, terror aktları məni varlığımdan yox edib. Ermənilərin Sumqayıt şəhərində törətdiyi hadisələr, Qərbi Azərbaycandan zorla qovulan 250 min soydaşımızın çadırlarda, vaqonlarda ağır vəziyyətdə yaşamaları yadımdan çıxmır. 1990-cı il 20 Yanvar, 1991 noyabr terror hadisələri gözlərimin önündən getmir. 1992-ci il Xocalı soyqırımı, torpaqlarımızın işğalı, bir milyon qaçqının vətən həsrəti, yurd yanğısı, torpaq harayı yuxumu ərşə çəkib. Dərdimi dağıtmaqdan ötrü qələmə sarılmışam, sözə üz tutmuşam, təsəllimi səndən almışam, doğma Sumqayıtım.

53 ildir ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum gənclik şəhəri, kimyaçılar, inşaatçılar şəhəri, alimlər, ziyalılar, akademiklər şəhəri, iri sənaye şəhəri olan Sumqayıta bağlıyam.

Yurdum-yuvamdı, taleyimdi Sumqayıtım. Həyatımda çox mühüm rol oynayan dostumdur, gəncliyimdir, köməkçim, ilhamımdır, poeziyam, nəğməm, bayatım, yaradıcılığımdır, gücüm, qüdrətimdir, təbimdir Sumqayıtım. Ayağı torpaqda möhkəm dayanan, göydələnləri ilə göylərə meydan oxuyan, taleyi, hünəri nura boyanan ziyarətgahım, səcdəgahım, qibləgahım, müqəddəs ocağım, bərəkətli bucağım, Kəbəm-Kərbəlam,  dinim-imanım, haqqa inamımdı mənim gözəl şəhərim. Sumqayıt mənim üçün şirin varlıqdı. Ona görə ki, 40 kitabım, 10 dram əsərim, 627 elmi-metodiki, publisistik məqalələrim Sumqayıtda ərsəyə gəlib. Respublikamızın böhranlı vaxtlarında 84 dəfə cəbhə bölgələrinə – Qubadlıya, Laçına, Cəbrayıla, Zəngilana, Füzuliyə, Ağdama, Qazaxa, Goranboya, Tərtərə, Kəlbəcərə – qaynar nöqtələrə məhz sənin xeyir duanla getmişəm, mənim şəhərim. 14 dəfə Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda, 12 dəfə Laçında, Güləbirtdə, Suarasında, Başaratda əsgərlərə ürək-dirək vermişəm, kitablarımı onlara bağışlamışam. Ağdamın Güllücə, Çəmənli, Xındırstan bölgələrinə səfər etmişəm. Snayperin dəbdə olan vaxtı Güllücədə gecə əsgərlərlə səngərdə yatmışam. Bərdədən Sumqayıta şəhid gətirmişəm. Ən yaddan çıxmaz günlərimdən biri məni hədsiz dərəcədə sarsıdan gün şəhid xəbərini onların valideynlərinə çatdırmaq olub.

Aydan nur almışam, günəşdən ziya,

Sən görən gözümsən, gözüm, Sumqayıt.

Xəzərin qoynunda çatdın arzuya,

Sənə fəda olum özüm, Sumqayıt.

Sumqayıt bütün Azərbaycanı təmsil edir. Azərbaycanın hər bir yerindən bu şəhərdə yaşayanlar var. “Sumqayıt kiçik bir Azərbaycandır”-demişdir ulu öndər Heydər Əliyev.

Ulu Öndərin Sumqayıta verdiyi bu qiymət, ilk növbədə, onun  ləyaqətli, sədaqətli, el qeyrətli zəhmətsevər insanlarına verilən qiymətdir.

Sumqayıt gənclərimizin qəhrəmanlıq şəhəridir. Qədim Xəzərin sərin küləkləri – Xəzri küçə və xiyabanları dəniz havası ilə salamlayır, təmizləyir.

Hər gün doğma şəhərdə bir yenilik görürəm. Şəhər yeni vüsət alır, gözəlləşir, paklaşır, gəncləşir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, onun daxili və xarici siyasətinə sadiq olan möhtərəm prezidentimiz cənab İlham Əliyev 20 ildə 32 dəfə Sumqayıta səfəri, Sumqayıtlılara olan qayğısı həmişə hiss olunur, duyulur. Ulu Öndər demişdir:“Sumqayıt  Azərbaycan xalqının birlik və həmrəylik şəhəridir.”

Bəli, bu birlik, həmrəylik bərkidi, püxtələşdi, yumruq kimi Prezidentin ətrafında birləşdi, dəmir yumruğu yaratdı. Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, ata vəsiyyətinə sadiqliyi torpaqlarımızı işğaldan azad etdi. Dəmir yumruq yağının başını ilan başıtək əzdi, xıncım-xıncım etdi.

Doğma Qarabağ tozdan-torpaqdan, çirkabdan təmizləndi. Doğma yurdlarımız yenidən dünyaya gəldi, cəhənnəm libasını atdı, cənnət məkan oldu. Ali Baş Komandan 20 ildə 30 illik həsrətə, hicrana son qoydu.

Əyilməyən, sınmayan,

Qoltuğa qısılmayan,

Bir ər oğlu ərdi o,

Bir ümiddi, inamdı,

Bu qüdrətli qəhrəman,

Heydər oğlu İlhamdı.

Ruhunuz şad olsun Ulu Öndər! Elə bir övlad böyüdüb tərbiyə etmisiniz ki, Azərbaycan tarixində son 200 ildə işğal edilmiş torpaqlarımızı azad edən ilk lider sizin oğlunuz İlham Əliyev oldu!

“Yüz il qazamat çəksəm, qurtarcaq sizə gəlləm” deyən vətən həsrətli, yurd yanğılı, torpaq haraylı insanlar öz doğma ata-baba yurdlarına, isti ocaqlarına, bərəkətli bucaqlarına qayıtdılar. “Oxqay! Vətənə gəldik, imana-dinə gəldik”,- dedilər.

Daşı-daş üstə qalmayan, ermənilər tərəfindən xarabazara çevrilən kəndlərimizi bu gün görəndə gözüm sevincdən yaşarır, ürəyim qürur hissi ilə döyünür:

-Ən ucqar kəndlərimiz,

Necə gözəl görünür.

Nur selinə qərq olub,

Gecə gözəl görünür.

Şuşa, Laçın, Kəlbəcər,

Gəncə gözəl görünür.

Yenə gəldi o dəmlər,

Turşsu oylağım oldu.

Əriyib getdi qəmlər,

Qırxqız yaylağım oldu.

Hər gün qonaq-qaralı,

İsa bulağım oldu.

Xankəndində yellənən,

Zəfər bayrağım oldu!

Mədəniyyətimizin inkişafında Birinci Vitse-prezident Mehriban xanımın gördüyü işlər danılmazdır.

Bu gün Sülh küçəsinin Sumqayıta girişindən başlanan abadlıq-quruculuq işləri davam edir. Liftlərin təzələnməsi, damların üstünün örtülməsi, məktəblərin, bağçaların istiik sisteminin bərpası, ictimai binaların inşası, küçələrin asfaltlanması, işıqlanması, parkların yenilənməsi,  Ulu Öndərin heykəlinin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılması, böyük Nizaminin heykəlinin uyğun olmayan yerdən uyğun olan yerə – yenidən qurulmuş Nizami kinoteatrın qabağına gətirilməsi, Mehdi Hüseynzadə adına stadionun əsaslı təmiri, möhtərəm prezidentimiz İlham Əliyevin “Möcüzə” adlandırdığı Sumqayıt bulvarı.

Burda tüğyan edir gecə nur seli,

Göyün ulduzları səpilir yerə.

Sumqayıt bulvarı- dünya gözəli,

Gör necə yaraşır bizim şəhərə.

Sumqayıt şəhərində görülən bütün işlərin hamısının təşəbbüskarı Sumqayıtın yetirməsi Zakir Fərəc  oğlu Fərəcovdur. Zakir müəllim 8 ildə 20 ilin işini gördü.

“Neyləməli, göz görür, əqlim kəsir,

Mən günəşi göydə dana bilmirəm”.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sumqayıtdakı Şəhidlər xiyabanı şəhidlərin ruhunu şad etdi, gözləri nəmli qalan analara, bacılara, həvəsləri gözündə qalan qızlara, gəlinlərə-hamıya böyük təsəlli verir. Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə 500-ə yaxın şəhidlərimiz burda uyuyur. Onlardan Mətləb Quliyev, Cəlil Səfərov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Tez-tez baş çəkirəm bu məzarlığa,

Burda ərgən yatır, neçə ər yatır.

Zakir müəllimin ədəbiyyatımıza, mənəviyyatımıza qayğısı tükənməzdir. Sumqayıt yazarlarına bəxş etdiyi “Poeziya evi” dediklərimin tam  təsdiqidir.

Sumqayıt şəhərinin bütün təhsil ocaqlarında, idarə və müəssisələrində Ulu Öndərin 100 illik yubileyi, “Heydər Əliyev” ili yüksək səviyyədə qeyd olunur. Gənc nəslə Heydər Əliyev həyat və yaradıcılığından, Azərbaycan xalqına xidmətindən, müstəqilliyimizi qoruyub saxlamasından, xalqın xilaskarı olmasındən geniş məlumatlar verilir.

Hər bir sumqayıtlı öz doğma şəhərinin göz oxşayan, könül sevindirən mənzərələrini seyr etdikcə qəlbi qürur hissi ilə dolur, sinəsinə sığmır. Axı bu şəhər hamımızın doğma məkanı, isti yuvasıdır.

Sumqayıtım, gözəl diyar,

Torpağına qurban olum.

Budaqlardan qopub düşən,

Yarpağına qurban olum.

Varlığına keşik çəkən,

Mərd oğluna, mərd qızına,

Qurban olum.

Gözəllikdə tayın yoxdur,

Gəl özünə qurban olum!

Mənim gözəl şəhərim,

Nur işıqlı şəhərim,

Yaraşıqlı şəhərim!

Əvəz Mahmud LƏLƏDAĞ, 
şair, nasir, publisist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər