Halal musiqi – İslam dini musiqi haqqında nə deyir?

2220

Əslində kiməsə təəccüblü də gələ bilər. “İlin-günün bu vaxtında musiqilik hal var”, deyən də ola bilər. Amma məsələ ondadır ki, bu mövzu hər zaman aktual olub. İndi də zaman-zaman bu mövzuda mübahisə və müzakirələr açılır. Söhbət din və musiqi mövzusundan gedir.

Bəşər övladının “olmazsa olmazlarından” biri olan musiqi həm də zövq məsələsidir, insanların, iqlimlərin, ölkələrin, coğrafiyaların və nəhayət düşüncə və həyata baxışların, hətta yaşın, ovqatın belə insanın musiqi seçiminə təsiri var.

Təbii ki, insan həyatının ayrılmaz hissəsi olan musiqi ilə bağlı inancların da öz ölçüləri, baxışları var. Məsələ ondadır ki, bir qayda olaraq əsasən də İslam dinində musiqi mövzusuna baxış bir qədər sərt olub, ya da elə görünüb.

Dinin musiqiyə münasibəti, müsəlmanların musiqiyə baxışları mövzusu bütün müsəlman ölkələrində uzun illər müzakirə olunub. Bizdə isə bu mövzu son illərdə aktuallaşıb. Din hansı musiqiyə icazə verir? Dindarlar hansı musiqiyə qulaq asmalıdır, toylarda hansı musiqilər olmalıdır? Rəqs etməyə din necə baxır, hansı musiqi alətindən istifadə etmək olar ? Müsəlman toyu necə olmalıdır, hansı musiqi alətləri ilə hansı mahnılar ifa olunmalıdır və sair? Mövzu həddən geniş və həssasdır.

Снимок2.JPG (32 KB)

Məsələ ondadır ki, İslam dinində açıq-aşkar günah və cinayət hesab olunan işlərdən başqa, yerdə qalan mövzularda qadağalardan daha çox tənzimləmə və ölçü müəyyən etmə metodu var. Həddi aşmamaq, ölçünü gözləmək. Musiqi ilə bağlı da İslam dinində ümumi hökm insanı günaha sövq edən, onu Allahdan uzaqlaşdıran, günah və haram əməllərə cəlb edən musiqilər haram (qadağan), bu xüsusiyyətləri daşımayan, insanlarda gözəl, ülvi hisslər doğuran musiqilər isə halaldır, yəni icazəli. Bu ümumi qayda olsa da, bu meyarın müəyyən edilməsi sonrakı İslam tarixi boyunca müsəlmanlar arasında ciddi müzakirələrə səbəb olub. Və təbii ki, təfsir və hüquq alimləri bununla bağlı bəzən əks yozumlar ediblər.

Musiqi ərəb dilinə yunan dilindən keçib, klassik ərəb dili lüğətlərində onu “ürəyi rahatlaşdıran, xoş gələn səs” kimi tərif ediblər. Dini ədəbiyyatda musiqi ğina sözü ilə ifadə olunur. Ğina kəlməsinin isə bir neçə mənası var. Şadlıq gətirən səs, əyləndirici səs, uca səs, uzadılan səs, xoşlandırıcı səs və s. (İbni Mənzur, Firuzabadi, Dehxoda, İbn Əsir, Tərihi, Fəyyumi, İbni Zəkəriyyə, Zəməxşəri və digəriləri). Yəni lüğəti mənada ğinanı danışıq tərzindən fərqli istənilən xoş səsə şamil etmək olar.

İslam hüququna görə, musiqi  – ğina bu cür təsnifləndirilir: cəhcəhəli (tərce), əhvalı dəyişdirən (tərəb), vacib işdən yayındıran və bekarçılığa səbəb olan (ləhv),  yüngül, qeyri-ciddi və mənasız (ləb), faydasız və fikri yayındıran (ləğv), günaha təşviq edən və puç (batil), xürafat və həqiqəti təhrif edən (zur), azdırıcı və fikirqarışdıran (ləhvül-hədis).

Quran-Kərimin Loğman surəsinin 6-cı ayəsi (İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir).

Снимок3.JPG (43 KB)

Və ya Nəcm surəsinin 61-ci ayəsi (Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz)) və ya Ənfal surəsi 35-ci ayədə (Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!” musiqi və ya hüquqi terminlə ğina barədə olduğu iddia edilir.

Bu ayələri musiqi barədə ayələr kimi qəbul eləsək belə, yenə də insanları həddən artıq əyləncəyə sövq edən, Allahın dinindən uzaqlaşdıran səslər tənbeh olunur.

Eyni zamanda mötəbər hədislərdə Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında musiqidən istifadə olunduğu qeyd olunur. Məsələn, məşhur “Çağrı” filmində Mədinə şəhərinə yaxınlaşan peyğəmbəri insanlar dəf çala-çala, mahnı oxuyaraq qarşılayırlar. Bundan başqa bayramlarda Peyğəmbəri evində ziyarətə gələn insanların mahnı oxumaları barədə qeydlər var.

Tarixi baxımdan ərəblərin cahiliyyət dövründə musiqi mədəniyyətinə malik olmaları qeyd olunub. Onların musiqiləri əsasən ətraf xalqlardan götürülsə də, məşhur müğənniləri olub. Ərəblər arasında dördguşəli dəf, ney və tütək məşhur olub. Habelə, erotik hissləri təhrik edən musiqilər də ərəblər içində geniş yayılmışdı. İslamdan sonra Mədinədə belə məclislər təşkil olunmadığı üçün, belə musiqilər də ifa olunmurdu. Lakin, tarixdə qeyd olunur ki, Peyğəmbər (s) zamanı müsəlmanlar arasında həda və rükbani musiqiləri məşhur idi.

İlkin İslam dövrlərində ğina əyyaşlıq və əyləncə məclislərində istifadə olunan musiqilərə deyilib. İbni Xəldunun yazdığına görə, İslam yayıldıqdan sonra bu adət ləğv olunsa da, fəthlərdən sonra müsəlmanların İran və Bizans mədəniyyəti ilə inteqrasiyası başladı. Belə ki, həmin ölkələrə xas musiqilər, əyləncə məclisləri, rəqqasə və müğənnilərin iştirakı ilə keçən eyş-işrət yığıncaqları yayılmağa başladı. Camaat arasında da ğina dedikdə məhz həmin məclislərə məxsus musiqilər nəzərdə tutulurdu. Əməvi və Abbasilər dövründə müsəlman gənclərin belə meyxanalarda avaralandığı, gənc qızların burada müğənni və rəqqasə kimi cəzb edildiyi qeyd olunur. Hətta bu bir adət halına düşmüşdü. Ona görə də hədislərin söylənildiyi tarixi konteksti və ürfün ğina saydığı musiqini nəzərə almaq gərəkdir.

Картинки по запросу klassik xanəndələr

Musiqi ilə bağlı bir sıra hədislər də var.

Peyğəmbər (s): “Gözəlliklərin ən gözəlindən olanlar içərisində gözəl şer və gözəl nəğmədir”.

İmam Sadiq (ə): “Allah elə bir peyğəmbər seçmədi ki, gözəl səsi olmasın”.

İmam Kazımdan (ə) bayram günlərində mahnı oxumaq barədə soruşdular, o da cavab verdi: “Günah etməsəniz, eybi yoxdur”.

İmam Sadiqdən (ə) toyda gəlin üçün oxuyan qadın müğənnilərə pulun verilməsi barədə soruşdular, imam buyurdu: “Eybi yoxdur, əgər həmin müğənni əxlaqsız olmasa”.

Məşhur islam alimi Qəzzali musiqini haram, məkruh və mübah olmaqla 3 hissəyə bölüb. Daha sonra qeyd edir ki, dünya arzusu və şəhvət hissləri ilə dolub daşan kimsələr üçün yalnızca bu duyğuları təhrik edən səslər haramdır. Vaxtlarının çoxunu buna həsr edən, məşğuliyyəti adət halına gətirən kimsə üçün məkruhdur (bəyənilmir), Allah sevgisi ilə dolub daşan, duyduğu gözəl səsin yalnız gözəlliklərə təhrik edən kimsə üçünsə müstəhəbdir (bəyənilir).

Müasir islam alimləri olan Ayətullah Seyid Sistani, Ayətullah Seyid Əli Xameneyi bildirir ki, “Eyş-işrət məclisinə xas olan ləhv və mütrib musiqi olmasa, günah deyil”.

Ancaq bəzi alimlər isə musiqini ümumiyyətlə haram hesab edir. Məşhur şiə fəqihi Əllamə Hilli də ğina haqda yazıb: “Ğina haramdır və onu edəni günaha aparar. Bu, səsin boğazda qaynadılması (zəngulə halına salınması) və uzadılmasıdır. Ğina, onu eşidəni də günaha salar; istər Quranda olsun, istərsə də şeirdə”.

Похожее изображение

Lakin orta əsr müsəlman alimlərinin bir qismi “Ər-Rövzətül-bəhiyyə” kitabında dəvələri otaran zaman oxunan “hida” adlı nəğmələr, o cümlədən qadınların gəlin gətirmə mərasimində ifa etdikləri musiqini istisna ediblər. Bir şərtlə ki, bu zaman batil sözlər deyilməsin (oxunmasın), günah əməllər edilməsin. Hətta bu zaman dəf və sinc (Şərqə məxsus simli musiqi alətidir; farslar ona “çəng” deyirlər) də çalına bilər. Başqa alətlərin çalınmadığı və qadınların səsinin naməhrəmlər tərəfindən eşidilmədiyi halda, bunun eybi yoxdur”.

Şeyx Məhəmməd Həsən Nəcəfi “Cəvahirül-kəlam” əsərində ğinaya dəqiq tərif verməsə də, “ğina – özəl xüsusiyyətə malik səsdir və onu ayırd etmək ənənənin öhdəsindədir”, deyə, bildirir.

Ümumiyyətlə, musiqi mövzusunda yazılar, şərhlərin sayı çoxdur. Göründüyü kimi, bu mövzuda yanaşma birmənalı deyil və mövzuya yanaşma tərzi xeyli dəyişkəndir. Ancaq ümumi qənaət budur ki, insanları günaha sövq edən, yüngül həyat tərzi tipli musiqilər islamda qadağandır. Bu istər sadəcə avaz olsun, istərsə də, hər hansı musiqi alətləri ilə edilən ifa, fərq etmir.

Kənan Rövşənoğlu, musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər